Dünya

600 milyondan çox insan üçün təhlükə - Xəbərdarlıq

21 Fevral 2021 18:06
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada dəniz sularının səviyyəsinin artması nəticəsində 600 milyondan çox insan öz yaşadığı yeri tərk edə bilər.

Milli.Az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Nature Communications" tərəfindən 2019-cu ildə aparılan araşdırmada qeyd olunub. Araşdırmada həmçinin bu məsələdən ilk təsirlənəcək şəhər və bölgələrin də adı çəkilib.

Beləliklə, alimlərin qənaətinə görə, dəniz səviyyəsinin sürətlə artması davam edərsə, dünyanın ən populyar turizm yerlərindən bəziləri bu əsrin sonuna qədər tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) də həyəcanla qeyd etmişdi ki, 2100-cü ilə qədər dünyada dəniz səviyyəsi 25 faiz artacaq.

"Nature Communications"un araşdırmasına görə dəniz səviyyəsində gedən artım 600 milyondan çox insanı yerindən uzaqlaşdıracaq, 300 milyon insanın isə yaşadığı ərazi 2050-ci ilə qədər hər il sel basqınına məruz qalacaq. Ən çox risk altında olan yerlər isə əsasən turistik bölgələr olacaq.

Həmin bölgələr isə aşağıdakılardır:

Venesiya

Əvvəldən "su şəhəri" kimi tanınan Venesiya artıq iqlim dəyişikliklərindən və dəniz səviyyəsinin yüksəlməsindən təsirlənməyə başlayıb. Xatırladaq ki, 2019-cu ildə Venesiyada baş verən daşqınlar təqribən 1 milyard avro ziyan vurmuşdu. Ötən ilin iyun ayında da şəhər su basqınına məruz qalmışdı. Alimlərin qənaətinə görə Venesiyada 2050-ci ilə qədər hər beş ildən bir, 2100-cü ilə qədər isə hər beş aydan bir güclü daşqınlar müşahidə olunacaq.

Maldiv adaları

Maldiv adalarındakı quru ərazinin böyük bir hissəsi hal-hazırda dəniz səviyyəsindən bir metrdən az yüksəklikdə yerləşir. Beləliklə, adalar ölkəsi dəniz səviyyəsinin yüksəlməsi prosesinə son dərəcə həssasdır. Alimlər 2100-cü ilə qədər ölkənin dörddə üçündən çoxunun su altında qalacağı təxmin edilir.

Nyu York

Hazırda daşqın yatağının üzərində yerləşən, təxminən 10 milyon əhalisi olan Nyu York da daşqınla üz-üzə qala bilər. Alimlər 2100-cü ilə qədər şəhərdə dəniz səviyyəsinin 1,8 metr artacağını təxmin edir. Xüsusilə şəhərin Bruklin və Kuens kimi aşağı hissələrində on minlərlə insanın öz yerlərindən olacağı deyilir.

Honkonq

Çinin Honqkonq şəhəri hər il təxminən 56 milyon turist qəbul edir. Alimlərin qənaətinə görə, 2100-cü ilə qədər şəhərdə dəniz səviyyəsi 0,6-1,3 m arasında artacaq. Nəticədə daşqınlar əmələ gələcək və xüsusən də dəniz səviyyəsindən aşağıda yerləşən, 8,4 milyondan çox insanın yaşadığı bölgələrdə dağıdıcı təsir göstərəcək.

Dubay

Alimlərin qənaətinə görə, əgər dəniz səviyyəsi 3 metr yüksələrsə, şəhərin infrastrukturunun böyük hissəsi təhlükə altında qalacaq. Dəniz səviyyəsi 9 metrə qədər qalxarsa, Dubay tamamilə su altında qala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.