Dünya

Cinayətkar dəstə bir neçə bankda müştərilərə məxsus seyflərdən milyonlarla avro pul oğurlayıb

22 Noyabr 2020 07:55
Baxış: 565

Avstriyanın bir neçə bankında qeyri-adi qarət hadisəsi baş verib. Peşəkar cinayətkar dəstə bütün elektron təhlükəsizlik baryerlərini aşaraq həmin banklarda müştərilərə məxsus seyflərə müdaxilə edib və bir neçə milyon avro dəyərində pul və qiymətli əşyaları oğurlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Aşağı Avstriya federal əyaləti və Vyana şəhərində yerləşən bank filialları müştərilərə ən son texnologiyaların köməyi ilə xidmət göstərir. Belə ki, bu bank filiallarında seyf kirayə edən müştərilər bank əməkdaşlarının iştirakı olmadan 24 saat rejimdə müvafiq təhlükəsizlik mexanizmləri və kodlarla öz seyflərindən istifadə edə bilirlər. Elektron təhlükəsizlik prosesindən sonra xüsusi otaqda müştəriyə məxsus seyf bankın deposundan təqdim edilir və yenidən müştəri tərəfindən depoya ötürülür.

Məhz bu filiallar üzrə "ixtisaslaşan" peşəkar cinayətkar dəstə bütün texniki və təhlükəsizlik maneələrini aşaraq, bir çox müştərinin bankdakı seyfini açıb, oradan pul və qiymətli əşyaları ələ keçiriblər.

Avstriya polis orqanlarının məlumatına görə, baş verən silsilə cinayət hadisəsi barədə polisə məlumat noyabrın 20-də daxil olub. Lakin hesab olunur ki, cinayətkar dəstə oktyabr ayından başlayaraq gecə saatlarında bank seyflərinə dəfələrlə müdaxilə etməyi bacarıb. Filiallarda heç bir güc tətbiqi baş vermədiyinə görə polis cinayət hadisəsi barədə yalnız seyf sahiblərinin şikayətindən sonra xəbər tutub.

Cinayət hadisələri baş verən banklardan bildirilib ki, müştərilərə dəyən zərərin miqdarı milyonlarla avroya bərabərdir. Lakin hər bir seyfin tərkibi 4000 avro məbləğində sığortalandığına görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi mürəkkəb prosesə çevrilə bilər. Qanunla bankların seyflərdə saxlanılan qiymətli əşyalar və pulun miqdarı barədə məlumat əldə etmə hüququ olmadığına görə, müştərilərlə banklar arasında yaxın gələcəkdə qalmaqal və çəkişmələr qaçılmaz ola bilər. Eyni zamanda, digər müştərilərin həmin banklara qarşı etimadının azalması onların nüfuzuna da zərbə vuracaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.