Dünya

Ölümə yolladıqlarının analarına vəd verir

15 Sentyabr 2020 15:09
Baxış: 3 671

Ermənistanın iyulun 14-15-də Tovuz rayonuna hücum cəhdinin ermənilər üçün böyük uğursuzluqla başa çatmasının əks-sədası səngiməyib. Azərbaycanla həmsərhəd olan Tavuş vilayəti və Berd rayonun sakinləri rəsmi İrəvanı yarıtmaz siyasət yürüdərək onların həyatlarını real təhlükəyə atmaqla yanaşı, üzləşdikləri çoxsaylı problemlərin faktiki olaraq heç birinin illərdən bəri həllini tapmadığını vurğulayırlar.

Ermənistanın Azərbaycanla həmsərhəd olan bölgələrinin problemləri həddən ziyadədir. Onların arasında işsizlik, nə qədər paradoksal olsa da, bəlkə son yerlərdən birini tutur. Sərhədyanı bölgələrdə yaşayan ermənilərin əsas dərdi burada yerləşdirilmiş hərbi hissələrdir. Onlar faktiki olaraq həmin hissələrin əsirinə, girovuna çevriliblər. Tavuşlu və berdli ermənilərin dediklərinə görə, Azərbaycanla sərhəddə hər dəfə erməni hərbçilər atəş açanda cavab atəşindən qorxuya düşürlər.

"Azərbaycanlılar bizi vurmurlar. Amma bizimkilər də sakit durmurlar, daim azərbaycanlıların kəndlərinə atəş açırlar. Azərbaycan da belə etsə, günümüz nə olacaq", - Açacur kəndinin sakini Hayk Kotanyan deyib.

Tavuşdakı İcevan, Dilican, Berd, Noembryan və Hayrum rayonlarının sakinləri də eyni sözü deyirlər.

Kəndlilərin digər problemləri ifrat yoxsulluq, heç bir dövlət proqramının onlara faktiki şamil olunmaması, daimi səksəsə və qorxu içində yaşamaqdır. Üstəlik, kəndlərin tam əksəriyyəti çox pis durumdadır. Yollar bərbaddır, asfalt örtüyü nadir hal sayılır.

Elektroenerji və təbii qazla təminatın keyfiyyəti ilə sürəyindən isə, danışmağa belə, dəyməz.

Yerli sakinlər arasında narazılığın sürəkli artması iyul döyüşlərindən sonra daha da aktivləşib.

Bunu Ermənistanın baş naziri Serj Sarkisyan da anlayıb və məzuniyyətdən qayıdan kimi problemi "həll etməyə" çalışıb.

N.Paşinyan arvadı Anna Hakobyanla qısamüddətli məzuniyyətdən sonrakı ilk iş günündə Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin kəndlərinə səfər edib.

"İlk öncə, hamınıza iyulda qalibiyyətli döyüşlər üçün təşəkkür etmək istəyirəm. Çünki doğrudur, qələbəmizi Silahlı Qüvvələr yaradıb, lakin onları belə güclü və cəsarətli edən möhkəm cəbhə arxası olmasına inamıdır. Bunun üçün sizə təşəkkür edirəm", - Paşinyan Çinari sakinləri qarşısında çıxışı zamanı deyib.

BBC-nin verdiyi məlumata görə, Paşinyanla Anna Hakobyan Çinari sakinlərindən birinin iyul döyüşləri zamanı dağılmış, indi yeni tikilən evin inşaatı ilə maraqlanıblar.

Paşinyan deyib ki, sərhəd kəndlərində xüsusi dövlət siyasəti yeridilir və bir misal olaraq, xatırladıb ki, hazırda sərhəd bölgəsində işləyən qadınlar doğulan uşağa baxmaq üçün ayda 50 min dram (təxminən 103 dollar), işləməyən qadınlar üçün 26 min dram (təxminən 54 dollar) müavinət alacaqlar.

O deyib ki, 90-cı illərdən bəri Çinari kəndində ilk dəfə "sıfırdan, təməldən" yeni ev tikilir.

"Son illər Çinari mənim üçün bir nümunə olub. Bizim məqsədimiz əncir ixracını ötən ilki 600 tondan 6000 tona çatdırmaqdır. Sizin problemlərinizin həlli torpaqdadır. Məqsədimiz - əncir bağlarınızı pul çap edən maşına çevirməkdir", - Paşinyan söyləyib.

Ermənistan Baş naziri bəyan edib ki, "iyul qələbəsi" Çinari kəndi və bütövlüklə sərhəd bölgəsi icmalarının dirçəlişinin başlanğıcı olmalıdır.

"Biz yoxsulluğumuzu dəf etməliyik. Və günün ən önəmli mənası bundadır. Çünki qalib gəlmiş xalq qalib kimi yaşamağa başlamalıdır. Bunun süfrələrdəki və ciblərdəki bolluğa ya boşluğa heç bir aidiyyəti yoxdur. Bu, ilk növbədə, ovqatla, ruhi vəziyyətlə bağlıdır. Bu ruhi vəziyyət peyda olandan sonra qalan hər şey bir-bir həll olunacaq", - Paşinyan kəndlilərin qarşısında bəyan edib.

Çinaridə atışmadan zərər çəkmiş 12 evin təmirinin başa çatdığı bildirilir.

Baş nazir və Anna Hakobyan Movses icması sakinləri ilə kilsənin həyətində görüşüblər. Burada əsasən kənddə aparılan yol-tikinti işlərindən danışıblar.

Paşinyan kəndin 300 illik tarixində ilk dəfə asfalt yol salındığını qeyd edib.

Daha sonra Paşinyan baş çəkdiyi Ayqepar icması sakinlərini inşaatçılıqdan başqa, həm də onlara "ləyaqətlə sərhədçi vəzifəsini yerinə yetirdikləri üçün minnətdarlığını bildirib".

Ermənistan Hökumətinin mətbuat xidmətinin məlumatında deyilir ki, təmir və bərpa işlərində, adətən, əksəriyyəti ölkə xaricində işləyən yerli sakinlər iştirak edir.

Baş nazir Paşinyan və xanımı Anna Hakobyan Berddə 21-ci "Yerevan perspektivləri" musiqi festivalının açılışında da iştirak ediblər. Bu münasibətlə sərhəd bölgəsinə Ermənistan Milli Filarmonik Orkestri də gəlmişdi.

Sərhədyanı bölgənin sakinlərini sakitləşdirmək üçün "qalib ölkə", "ləyaqət", "yoxsulluq üzərində zəfər" və s. kimi bravur ifadələrdən yararlanmağa çalışan Nikol Paşinyan bu yalanlarına "iyul qəbəbəsi" ifadəsini də əlavə etməkdən əsla çəkinməyib.

14-15 iyul günlərində Tovuza hücumunun qarşısını alınan Ermənistan ordusu ağır itkilər verib və tələfatın real miqyasını hələ də gizlədir, "5 hərbçi həlak oldu" deyən Müdafiə Naziri təqribən 98 erməni hərbçisinin həlak olduğunu açıqlamır.

Bundan başqa, Ermənistanın Azərbaycanla həmsərhəd bölgələrindəki dayaq və atəşi idarəetmə mövqelərinə endirilmiş zərbələr, bu mövqelərin darmadağın edilməsi faktları da açıqlanmır.

Ayqepar kəndinin sakinlərinin problemlərinin həlli barədə heç nə deməyən, əksinə onların boynuna hələ "sərhədçi" missiyasını da qoyan Paşinyan Dağlıq Qarabağ münaqişəsindən kart-blanş qismində istifadə edərək köpüklü vətənpərvərlik ruhundakı bayağı ifadələri ilə hiddətlənmiş erməniləri sakitləşdirməyə çalışıb.

Fəqət, tavuşlu ermənilər N.Paşinyana inanmadıqları kimi, indi də inanmırlar.

Onlar özlərini Dağlıq Qarabağ münaqişəsinin qurbanları sayırlar.

Bütün Ermənistan kimi.

Və bütün Ermənistan artıq bilir ki, Müdafiə Nazirliyinin itkilərlə bağlı açıqlamaları, gerçəkdən, çox uzaqdır və sadəcə, Nikol Paşinyan hakimiyyətinin maraqlarına xidmət edən propaqandadır.

Tavuşlu Movses Haygebaryan bu gün Facebookda belə yazıb: "Paşinyan rayonda oldu. Çox danışdı. Həmişəki kimi, boş sözlər, yalan. Ölümə yolladıqlarının analarına vəd verir, nələrisə edəcəyini deyir. Heç bir vədi də yerinə yetirən deyil. Erməni anaların oğulları isə mənasız müharibədə ölür".

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.