Dünya

Hindistan hökuməti müsəlmanlara qarşı cəbhə açıb

22 Dekabr 2019 18:41
2 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etirazlar zamanı 20 nəfər öldürülüb, minlərlə müsəlman həbs edilib

Milli.Az musavat.com-a istinadən bildirir ki, Hindistanın Baş naziri Narendra Modi iqtidara gələndən bəri ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti son dərəcə güclənib. Onun rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) dəfələrlə anti-islam xarakterli bəyanatlar səsləndirib. O cümlədən baş nazirin özü də ölkədə yerli millətçilərinin və radikal dinçilərin arzu və istəklərini həyata keçirməklə məşğuldur.

Təbii ki, bu mövzu dünyanın gündəmindədir. Bu məsələ ilə bağlı Hindistanın baş naziri və onun hökuməti dəfələrlə ən yüksək tribunalardan ittiham olunub. Hindistan sürətlə sekulyarizm prinsiplərindən uzaqlaşır və dinçi bir ölkəyə çevrilir.

Bu gün "BBC" yenidən bu məsələyə toxunub. Söhbət ondan gedir ki, Hindistan hökuməti Pakistan, Əfqanıstan və Banqladeşdən qaçaq yollarla bu ölkəyə keçmiş qeyri-müsəlman şəxslərə əfv və vətəndaşlıq hüququ verən mübahisəli qanun müsəlmanlara qarşı qəsd xarakteri daşıyır.

Hakimiyyətdə olan sağçı Hindistan Xalq Partiyası (BJP) iddia edir ki, qanun inancına görə istintaqa cəlb edilmiş şəxsləri qorumaq məqsədi güdür.

64 ildir ki, ölkəyə qanunsuz daxil olanları vətəndaşlıq hüququndan məhrum edən qanun dəyişir. Əvvəllər isə Hindistana pasportsuz və ya səyəhət sənədi olmadan, ya da ölkədə qanunla icazə verilən müddətdən artıq qalan şəxslər qeyri-leqal mühacir hesab olunurlar. Belələri ya həbs edilir, ya da ölkədən çıxarılırdı.

Yeni qanuna görə, Pakistan, Əfqanıstan və Banqladeşdə azlıqda olan dini qrup nümayəndələrinin Hindistan vətəndaşı olması üçün bu ölkədə yaşamaq və ya federal hökumətlə əməkdaşlıq etmək müddəti 6 ilə endirilir.

Qanuna qarşı çıxanlar bildirirlər ki, dini mənsubiyyət vətəndaşlıq üçün şərt olmamalıdır, yeni qaydalar sekulyarizm prinsiplərinə ziddir və ayrı-seçkilik yaradır.

Elə bu səbəbdən də etiraz aksiyaları bütün Hindistanı bürüyüb. Baş nazir Narendra Modi müxalifət partiyalarını qanun haqqında yanlış məlumat yaymaqda ittiham edir. O, davam edən etirazlara baxmayaraq hökumətin yeni vətəndaşlıq qanununu təkidlə müdafiə edir.

"Təqib olunanlara kömək etmək üçün bu qanun layihəsini qəbul etdik" deyən baş nazir vurğulayıb ki, "Hindistanın millət vəkillərinə və parlamentinə hörmət etmək lazımdır".

Tənqidçilərin anti-müsəlman hesab etdikləri qanun layihəsi ilə başlayan etirazlar zamanı 20-dən çox insan həyatını itirdi. Etirazçılar polis qadağalarına baxmayaraq küçələrə çıxmağa davam edirlər.

Hakimiyyət asayişin bərpası adı altında bir neçə min müsəlmanı həbs edib və internet xidmətləri ölkənin bir çox ərazisində dondurulub.

Hindistanın 1.35 milyard əhalisinin yeddidə birini müsəlmanlar təşkil edir. Onlar bu qanun layihəsini rədd edirlər. Lakin cənab Modi qanunun "Hindistan vətəndaşları olan hindular, müsəlmanlar, sikslər, Jeynlər, xristianlar və buddistlərə daxil olmadığını" iddia edir.

O, müxalifəti etiraz aksiyaları keçirməkdə günahlandıraraq onları "yalan və şayiələr yaymaqda" və "illüziya və şiddət mühiti yaratmaqda" ittiham edir.

Ötən ayın əvvəli Hindistanda müsəlmanları ayağa qaldıran başqa bir hadisə də baş vermişdi. "Yeni Müsavat" olaraq bu barədə biz də yazmışdıq. Hindistanda Ali Məhkəmə Ayodhya şəhərində məbəd-məscid mübahisəsinə görə hinduizmə inanan insanların lehinə qərar çıxardı. Adıçəkilən şəhərdə 1992-ci ildə hindu inancında olanlarla müsəlmanlar arasında qırğın olub. Iğtişaşlar zamanı 2000 nəfər öldürülüb. Qətl edilənlərin əksəriyyəti müsəlman olub. O vaxt hindu inancında olan insanlar həmin şəhərdə 460 il mövcud olan məscidi yerlə-yeksan etdilər. Indi isə Ali Məhkəmə dağıdılmış həmin məscidin yerində hindular üçün məbəd tikməyə icazə verdi. Moğul imperiyasına məxsus memarlıq abidəsi beləcə silindi. Bu gedişlə, hindular dünyanın möcüzə tikililərindən olan və Hindistanın rəmzi kimi tanınan Tac-Mahalı da darmadağın edə bilərlər.

Nədənsə Qərb mənbələrinə istinadən yaydığımız bu xəbər Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən o qədər xoş qarşılanmadı. Və səfirlik Hindistan Ali Məhkəməsinin çıxardığı qərarı müdafiə etməyə çalışdı. Bu məqsədlə də redaksiyamıza məktub göndərdi. Təbii, bu, onların haqqıdır. Biz qarşı tərəfi dinləməyə həmişə hazırıq. Ancaq aydın görünən odur ki, hindu radikallara söykənən Modi hökuməti anti-islam xarakterli fəaliyyətini getdikcə genişləndirməyə çalışır. Və bu barədə dünya mətbuatı davamlı şəkildə məlumatlar yaymaqdadır.

https://www.bbc.com/news/world-asia-india-50883819

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.