Dünya

Tupak Şakurun qətlində ittiham olunan şəxsin məhkəməsi başladı

11 Avqust 2026 12:48
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-də "2Pac" kimi tanınan məşhur reper Tupak Şakurun qətlində ittiham olunan keçmiş dəstə lideri Dueyn Devisin məhkəmə işi üzrə andlı münsiflərin seçiminə başlanılıb.

"The Guardian" yazır ki, proses musiqiçinin ölümündən təxminən 30 il sonra yenidən gündəmə gəlib. İş ABŞ tarixinin ən çox rezonans doğuran açılmamış cinayətlərindən biri hesab olunur.

Bazar ertəsi Las-Veqas məhkəməsinə təxminən 75 andlı münsif namizədi çağırılıb. Hüquqşünaslar namizədlərə belə geniş ictimai maraq doğuran iş üzrə obyektiv və qərəzsiz qala biləcəkləri ilə bağlı suallar ünvanlayıblar.

Andlı münsiflərin yekun tərkibinin həftənin sonundan əvvəl müəyyənləşdirilməyəcəyi bildirilir. Məhkəməyə hakim Karli Kirni sədrlik edir. Prosesin beş həftəyədək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda silahlı hücuma məruz qalıb. Hadisədən əvvəl 25 yaşlı reper musiqi prodüseri Şuq Naytla birlikdə "MGM Grand" kompleksində Mayk Taysonla Brüs Seldon arasında keçirilən boks qarşılaşmasını izləyib.

Döyüşdən sonra hotelin foyesində Tupak və onun ətrafındakılar rəqib dəstə olan "South Side Compton Crips"in üzvü Dueyn "Kif Di" Devisin qardaşı oğlu Orlando Andersonla əlbəyaxa olublar.

Daha sonra Tupak və Şuq Nayt qara rəngli BMW avtomobilinə minərək klub istiqamətində hərəkət ediblər. Avtomobil qırmızı işıqda dayandığı vaxt onların yanında ağ rəngli "Cadillac" dayanıb və avtomobildən atəş açılıb.

Ekspertizanın məlumatına görə, atəş "Glock 22" tapançasından açılıb. Tupaka dörd güllə dəyib. O, iki güllə yarasını sinəsindən, birini qolundan, digərini isə bud nahiyəsindən alıb. Güllələrdən biri sıçrayaraq reperin sağ ağciyərini də yaralayıb.

Şuq Nayt başından şüşə qəlpələri ilə xəsarət alsa da, sağ qalıb. Ağır yaralanan Tupak Şakur isə sentyabrın 13-də, hadisədən altı gün sonra vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.