Dünya

Zelenski Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordenini poçtla niyə geri qaytardı?

22 İyun 2026 11:24
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Böyük siyasətdə bəzən raketlər, qaz kəmərləri, yaxud sərhəd-keçid məntəqələri partlamır. Bəzən simvol partlayır. Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordeni ilə də məhz belə oldu. Ukrayna Prezidenti Volodimir Zelenski bu ordeni 2023-cü ildə Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətinin etirafı kimi almışdı. Üç il sonra isə həmin orden artıq etimad rəmzi yox, açıq aşağılanma, tarixi ittiham və diplomatik qırılma predmetinə çevrildi.

2026-cı il iyunun 19-da Polşa Prezidenti Karol Navrotski Zelenskini "Ağ qartal" ordenindən məhrum etdiyini bəyan etdi. Formal səbəb Ukrayna prezidentinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" fəxri adının verilməsi barədə qərarı idi. Kiyev üçün bu, milli hərbi ənənənin bərpası siyasətinin bir parçası idi. Varşava üçün isə İkinci Dünya müharibəsi illərində Volın faciəsi və polyakların kütləvi qətli ilə bağlı tarixi yaddaşa ağrılı zərbə idi.

Amma böhranın əsl miqyası Navrotskinin bəyanatı səslənən anda yox, ertəsi gün üzə çıxdı. Zelenski mübahisəyə girmədi, özünə haqq qazandırmadı, hüquqi yazışmalara da baş vurmadı. O, ordeni sadəcə geri göndərdi - Ukraynanın ən böyük özəl logistika şirkəti olan "Nova Poşta" vasitəsilə. Üstəlik, mükafatın və poçt qəbzinin şəklini də paylaşdı.

Bu, soyuqqanlı, hesablanmış və son dərəcə sərt siyasi jest idi. Zelenski faktiki olaraq Varşavaya bunu dedi: əgər Polşanın ali mükafatı II Yekaterina, Benito Mussolini və Gerhard Şröderlə eyni tarixi sırada qala bilirsə, amma Rusiya ordusunun qarşısını alan ölkənin prezidentində qala bilmirsə, onda Ukrayna bu ordenə yapışıb qalası deyil.

Məhz həmin anda mübahisə artıq mükafat davası olmaqdan çıxdı. Bu, Ukraynaya tarixi yaddaşını kimin diktə etmək hüququna malik olması, müttəfiqə minnətdarlığın harada bitib siyasi təzyiqin harada başlaması və Şərqi Avropanın keçmişin yenidən indini udmaması üçün hansı qiyməti ödəməyə hazır olması barədə mübahisəyə çevrildi.

Zelenski niyə sözlə yox, bağlama ilə cavab verdi

Ukrayna siyasi mədəniyyətində jest çox vaxt bəyanatdan daha artıq məna daşıyır. Zelenski bunu çoxlarından yaxşı anlayır. Onun Navrotskiyə cavabı emosional partlayış kimi yox, ustalıqla qurulmuş siyasi səhnə kimi işlənmişdi.

Birinci element ordenin özünün geri göndərilməsi idi. Zelenski Polşadakı hüquqi prosedurların bitməsini, qərarın "Monitor Polski"də dərcini, yaxud lazım gələcəksə, Baş nazir Donald Tuskun imzasını gözləmədi. O, təşəbbüsü ələ aldı. Navrotski mükafatı publik şəkildə almaq istəyirdi - Zelenski isə onu özü publik şəkildə qaytardı.

İkinci element formul idi. Ukrayna prezidenti vurğuladı ki, 2023-cü ildə orden, o vaxt deyildiyi kimi, təkcə şəxsən ona yox, Ukrayna xalqına və Ukrayna ordusuna ünvanlanmışdı. Deməli, onun məntiqinə görə, Navrotskinin qərarı bir siyasətçiyə yox, savaşan bütöv ölkənin simvolik statusuna zərbə idi.

Üçüncü element Polşa xalqına təşəkkür idi. Bu, təsadüfi diplomatik nəzakət deyildi. Polşa cəmiyyətində artıq bir neçə ildir ukraynalı qaçqınlar, taxıl mübahisələri, əmək bazarında rəqabət və Kiyevin Varşavaya kifayət qədər minnətdar olmadığı barədə düşüncələr fonunda narazılıq artır. Zelenski bu hücum xəttini birbaşa bağladı: Ukrayna Polşa həmrəyliyini unutmayıb, amma təhqiri də qəbul etmir.

Dördüncü element "Nova Poşta" idi. İlk baxışda bu, məişət detalı kimi görünür. Əslində isə güclü siyasi simvoldur. Müharibə şəraitində Ukrayna logistikası milli dayanıqlığın bir hissəsinə çevrilib. "Nova Poşta" təkcə bağlama daşımır, zərbələr altında yaşayan ölkənin gündəlik normal həyatını da daşıyır. Rusiyanın bu şirkətin logistika terminallarına hücumları Ukrayna cəmiyyətində çoxdan biznesə yox, toplumun sinir sisteminə vurulan zərbə kimi qəbul olunur. Polşa ordenini məhz bu infrastruktur vasitəsilə göndərməklə Zelenski mükafatın qaytarılmasını Ukraynanın daxili güc nümayişinə çevirdi: Ukrayna müttəfiqdən gələn aşağılanmanı belə işlək hərbi arxa cəbhə üzərindən rəsmiləşdirir.

Navrotski Polşa siyasətinin ən ağrılı düyməsinə basdı

Karol Navrotski boşluqda hərəkət etmirdi. Polşa siyasəti çoxdan sağa sürüşür, Ukrayna mövzusu isə 2022-ci ilin mənəvi konsensusundan tədricən daxili mübarizənin zəhərli meydanına çevrilir.

Rusiyanın genişmiqyaslı təcavüzünün ilk aylarında Polşa Ukrayna üçün sadəcə müttəfiq deyildi. O, arxa cəbhə, humanitar dəhliz, hərbi tranzit qovşağı, Avropada siyasi vəkil rolunu oynadı. Qaçqınlar, texnika, sursat, diplomatik dəstək Polşa üzərindən keçirdi. Varşava Ukrayna üzrə Avropanın baş eksperti və Mərkəzi Avropanın lideri olmaq istəyirdi.

Amma Polşa siyasətində tarixi yaddaş heç vaxt gündəmdən düşməyib. Volın faciəsi Polşa-Ukrayna münasibətlərinin ən ağır mövzularından biri olaraq qalır. Polşa cəmiyyətinin mühüm hissəsi üçün UPA nə antisovet yeraltı hərəkatdır, nə də müstəqillik uğrunda mübarizənin simvolu. Onlar üçün bu, Polşa əhalisinə qarşı kütləvi zorakılıqla bağlı olan strukturdur. Ukrayna cəmiyyətinin mühüm hissəsi üçün isə UPA antiimperiya, antisovet və milli azadlıq ənənəsinin bir parçasıdır. Bu iki yaddaş sadəcə fərqli deyil. Onlar emosional kod səviyyəsində bir-birinə sığmır.

Zelenski Ukrayna bölməsinə "UPA qəhrəmanları" adını verməklə Kiyevdə daxili hərbi simvolika aktı kimi görülə biləcək addım atdı. Varşavada isə bunu çağırış kimi qəbul etdilər. Navrotski bu çağırışı cavabsız qoya bilməzdi, xüsusilə də Polşanın daxili siyasəti artıq 2027-ci il parlament seçkilərinə hazırlıq rejiminə keçdiyi bir vaxtda.

Nəticədə Polşa prezidenti diplomatik kanal, qapalı söhbət, tarixi kompromis formulunu tapmaq cəhdi seçmədi. O, publik sanksiyanı, ali mükafatdan məhrumetməni seçdi. Bu addım Polşa auditoriyasına hesablanmışdı. Amma onun nəticələri dərhal Polşa sərhədlərindən çox-çox kənara çıxdı.

Tusk Navrotskinin onun üçün qurduğu tələyə düşdü

Bu böhranda ən çətin durumda olan nə Zelenskidir, nə də Navrotski. Ən ağır mövqedə Polşanın Baş naziri Donald Tusk dayanır.

Polşanın konstitusion konstruksiyası vəziyyəti hüquqi baxımdan birmənalı etmir. Polşa prezidenti ordenlərlə təltif edir, amma ali mükafatdan məhrumetmə məsələsi prosedura dirənir. Polşalı hüquqşünasların bir qismi bildirir ki, prezidentin aktları istisnalar siyahısına daxil deyilsə, baş nazirin konttrasignaturasını tələb edir. Təltifetmə həmin siyahıya daxildir, mükafatdan məhrumetmə isə yox. Digərləri isə mükafatlar haqqında qanuna istinad edərək bildirirlər ki, prezident təltif olunmuş şəxsi, əgər o, mükafata layiq olmadığını göstərən əməl törədibsə, ordendən məhrum edə bilər.

Başqa sözlə, Navrotski siyasi bəyanat verdi, amma qərarın yekun hüquqi taleyi hələ də Polşa dövlət mexanizminə bağlıdır. Qərar "Monitor Polski"də dərc olunmayınca, Zelenskinin "Ağ qartal" ordeninin kavalerı statusu məsələsi açıq qalır.

Tusk üçün bu, əsl suqsvanqdır. Əgər o, Navrotskinin qərarını bloklasa, rəqibləri onu Polşanın tarixi yaddaşına sayğısızlıqda və Kiyevə güzəştdə ittiham edəcəklər. İndiki Polşa atmosferində "proukraynalı siyasətçi" etiketi artıq həmişə kompliment kimi səslənmir. Sağ elektorat üçün bu, getdikcə daha çox ittihama çevrilir.

Əgər Tusk qərarı buraxsa, Navrotskinin siyasi qələbəsini tanımış olacaq və faktiki olaraq Kiyevə təzyiq məntiqinə qoşulacaq. Bu, Ukrayna ilə münasibətləri pisləşdirəcək, Polşanın Avropa siyasətindəki ambisiyalarına zərbə vuracaq və Berlinə, Parisə, Londona Varşavanı gələcək danışıqlar formatlarından kənara itələmək üçün əlavə arqument verəcək.

Baş nazir "otaqdakı yetkin adam" mövqeyi tutmağa çalışdı. O yazdı ki, Polşa ilə Ukrayna arasındakı konflikt Putini sevindirir, müttəfiqləri isə şoka salır, iki ölkə prezidentlərinin vəzifəsi emosiyaları azaltmaqdır, gərginliyi körükləmək yox. Amma bu cümlə əsas sualı həll etmir: Tusk Navrotskinin siyasi xəttini imzalayacaq, yoxsa onu saxlayacaq?

Qdansk Ukraynanın bərpasının vitrini olmalı idi. İndi isə böhranın dekorasiyasına çevrilə bilər

Bu qalmaqalı xüsusilə təhlükəli edən təqvimdir. Navrotskinin qərarından bir neçə gün sonra, 2026-cı il iyunun 25-26-da Qdanskda Ukraine Recovery Conference, Ukraynanın bərpasına həsr olunmuş böyük beynəlxalq konfrans keçirilməlidir.

Kiyev üçün bu tədbirin strateji əhəmiyyəti var. Ukraynaya təkcə silah və təhlükəsizlik zəmanətləri lazım deyil, həm də energetikanın, kritik infrastrukturun, logistikanın, mənzillərin, sənayenin və şəhərlərin bərpası üçün pul lazımdır. İllərlə davam edən müharibədən sonra söhbət kosmetik təmirdən yox, Rusiya zərbələri ilə əldən düşmüş iqtisadiyyatın yenidən işə salınmasından gedir.

Polşa üçün də bu konfrans az əhəmiyyət daşımır. Varşava Ukraynanın bərpasında Avropanın əsas vasitəçisi rolunu öz adına yazdırmaq istəyir. Polşa biznesi gələcək milyardlıq müqavilələrdə iştirak etmək niyyətindədir. Polşa diplomatiyası sübut etmək istəyir ki, Ukraynanı və regionu Almaniya, Fransa, yaxud Brüssel institutları yox, məhz Polşa daha yaxşı anlayır.

Qalmaqala qədər əsas iştirakçılar arasında Donald Tusk, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Volodimir Zelenski, eləcə də Polşa mediasının məlumatına görə, Almaniya kansleri Fridrix Merts gözlənilirdi. İndi isə Zelenskinin iştirakı siyasi baxımdan həssas məsələdir. O gəlsə, hər foto, hər əl sıxma, hər söz orden ətrafındakı konflikt prizmasından oxunacaq. Gəlməsə, konfransın statusu kəskin şəkildə aşağı düşəcək.

Qdansk birlik nümayiş etdirməli idi. İndi isə çat göstərə bilər. Üstəlik, həm Tusk, həm də Navrotski üçün simvolik baxımdan önəmli şəhərdə. Bu, konfransı iqtisadi forumdan siyasi testə çevirir: Polşa Ukrayna ilə keçmiş barədə mübahisə edə-edə onunla gələcəyi qura biləcəkmi?

Ukrayna elitası parçalanma ilə yox, zəncirvari həmrəyliklə cavab verdi

Varşavanın hesabı, əgər bu hesab Zelenskini daxili təzyiq altında qoymaq idisə, işləmədi. Əksinə oldu. Adətən son dərəcə konfliktli olan Ukrayna siyasi elitası bu dəfə nümayişkaranə şəkildə bir sıraya düzülməyə başladı.

Əvvəlcə Zelenski "Ağ qartal" ordenini qaytardı. Ardınca Leonid Kuçma da eyni mükafatdan imtina etdiyini bildirdi. O, bu ordeni hələ 1997-ci ildə almışdı. Onun bəyanatı xüsusilə vacibdir, çünki məhz Kuçma Polşa Prezidenti Aleksandr Kvasnevski ilə birlikdə 2003-cü ildə Polşa-Ukrayna barışıq formulunu irəli aparmışdı: "Bağışlayırıq və bağışlanma diləyirik". Bu, iki ölkənin ağrılı yaddaşı ləğv etmək yox, onu gələcəyin siyasi çərçivəsinə salmaq istədiyi nadir anlardan biri idi.

Kuçma indi kədər və narahatlıqdan danışır. Onun fikri son dərəcə sadədir: düşmən hücum edəndə bu bir dərddir; düşmənçilik dostları ayıranda başqa dərddir; bu dostları ortaq təhlükə gözləyəndə isə məsələ daha da qorxuludur.

Viktor Yuşşenko da ordendən imtina etdi və vurğuladı ki, mükafat konkret şəxsə yox, Ukrayna xalqına göstərilən hörmətin nişanəsi idi. Zelenskinin əsas siyasi opponentlərindən biri olan Petro Poroşenko da "Ağ qartal"dan imtina etdi və Navrotskinin qərarını səhv adlandırdı. Onun arqumenti birbaşa idi: Kreml Ukrayna ilə Polşanın birliyini zəiflədən hər şeyi həmişə alqışlayır. Poroşenkonun sözlərinə görə, ukraynalılarla polyaklar keçmişə görə dalaşsalar, gələcəyi başqası udacaq.

Sonra başqa imtinalar da gəldi. Xarici işlər naziri Andrey Sibiqa "Polşa qarşısında xidmətlərə görə" ordeninin komandor xaçını saxlamağın mümkün olmadığını bəyan etdi. Kirill Budanov həmin ordenin qızıl zabit xaçından imtina etdi. Ukraynanın Polşadakı səfiri Vasili Bodnar da bu xəttə qoşuldu.

Beləcə, "ordenlər müharibəsi" başladı. Amma Ukrayna üçün bu, sadəcə emosional fleşmob deyil. Bu, Varşavaya siqnaldır: Zelenski ilə mübahisə bir siyasətçi ilə mübahisə kimi qəbul olunmayacaq. Bu, müharibə aparan ölkəyə təzyiq kimi oxunacaq.

Navrotskinin əsas səhvi: o, Zelenskinin rəqiblərini belə özünə qarşı birləşdirdi

Ukrayna daxilində Zelenskini çox və sərt tənqid edirlər. İdarəetmə üslubuna görə, kadr siyasətinə görə, müxalifətlə konfliktlərinə görə, hərbi strategiyaya, korrupsiya risklərinə və hakimiyyətin bir əldə cəmlənməsinə görə. Amma xaricdən simvolik təzyiq anında Ukrayna siyasəti çox vaxt bir müdafiə yumruğuna çevrilir.

Bu, 2025-ci ilin fevralında Ağ evin Oval kabinetində Zelenski ilə ABŞ Prezidenti Tramp və Cey Di Vens arasında yaşanan söz atışmasından sonra da olmuşdu. O zaman ölkə daxilində prezidenti zəiflədə biləcək konflikt müvəqqəti olaraq Ukrayna cəmiyyətini onun ətrafında toparladı. İndi də oxşar effekt yaranır.

Navrotski, ola bilsin, Zelenskini cəzalandırmaq istəyirdi. Amma Ukraynanın reaksiyası göstərir: özünü cəzalandırılmış təkcə Zelenski hiss etmədi. Ordu, dövlət, cəmiyyət, veteranlar, diplomatlar və hətta prezidentin siyasi rəqibləri də bunu özlərinə qarşı cəza kimi qəbul etdilər.

Bu, mühüm psixoloji məqamdır. Böyük müharibə dövründə ölkə ona kənardan əxlaq dərsi verilməsi cəhdlərinə xüsusilə ağrılı reaksiya göstərir. Polyaklar üçün UPA məsələsi tarixi ədalət məsələsidir. Ukraynalılar üçün isə Rusiya təcavüzünün davam etdiyi bir vaxtda Polşanın reaksiyası vaxtsız müttəfiq təzyiqi kimi görünür: sanki savaşan ölkədən öz simvollarını başqasının yaddaşına uyğun yenidən yazmaq tələb olunur.

Məhz buna görə Ukraynanın cavabı bu qədər sərt alındı. Kiyevdə hesab edirlər ki, Varşava pis vaxt, pis alət və pis ton seçdi.

Kreml arzuladığı hədiyyəni aldı

Bu hekayədə üçüncü iştirakçı var. O, heç nə etmədi, amma artıq udur. Bu, Moskvadır.

Rusiya illərdir Ukrayna ilə onun Qərb müttəfiqləri arasında çat yaratmaq üçün işləyir. Kreml üçün Polşa-Ukrayna konflikti ideal variantdır: hərbi əməliyyat tələb etmir, sanksiyalardan yayınmaq üçün yeni sxemlər tələb etmir, kəşfiyyat şedevri də lazım deyil. Yetər ki, müttəfiqlər indiki təhlükədən danışmaq əvəzinə keçmiş üstündə daha ucadan mübahisə etsinlər.

Moskva bu böhrandan eyni anda bir neçə istiqamətdə istifadə edə bilər.

Birincisi, təbliğat istiqamətində. Rusiya mediası Ukraynanı guya ən yaxın müttəfiqləri ilə belə dalaşan ölkə kimi göstərmək imkanı qazanır. Polşa isə ukraynalılardan yorulmuş və "ayılan" dövlət kimi təqdim olunacaq.

İkincisi, diplomatik istiqamətdə. Kiyevlə Varşava arasında hər bir çat Ukraynanın Aİ və NATO-dakı mövqelərini zəiflədir. Polşa logistika, siyasət və hərbi tranzit baxımından Ukrayna üçün kritik əhəmiyyətli ölkə olaraq qalır.

Üçüncüsü, psixoloji istiqamətdə. Ukraynalılara təlqin ediləcək ki, müttəfiqlər etibarlı deyil. Polyaklara deyiləcək ki, ukraynalılar nankordur. Avropalılara isə Ukraynaya yardımın genişləndirilməsinin daxili konfliktlər doğurduğu mesajı veriləcək.

Dördüncüsü, strateji istiqamətdə. Əgər Polşa Ukraynanın əsas etibarlı tərəfdaşı statusunu itirsə, gələcək danışıqlarda onun yerini başqa oyunçular tuta bilər. Bu, Rusiya üçün sərfəlidir, çünki proukrayna düşərgəsi daxilində fikir ayrılıqları nə qədər çox olarsa, Moskvanın öz gündəmini sıramaq imkanı bir o qədər artır.

Poroşenko Dmitri Medvedevin Navrotskinin qərarını artıq alqışladığını xatırladanda birbaşa buna işarə etdi. Siyasətdə belə təbriklər nadir hallarda təsadüfi olur. Əgər Moskva Polşa prezidentinin addımına əl çalırsa, Varşava dayanıb düşünməlidir: niyə?

Tarixi yaddaş daxili siyasətin silahına çevrildi

Böhranın əsas siniri orden deyil. Əsas sinir tarixin cari mübarizənin alətinə çevrilməsidir.

Polşanın Volın yaddaşına haqqı var. Ukraynalılar polyaklardan Polşa cəmiyyəti üçün açıq yara olaraq qalan faciəni unutmağı tələb edə bilməzlər. Amma Polşa da Ukraynadan müharibənin qızğın çağında öz milli müqavimət versiyasından yalnız bu versiya qonşu üçün ağrılıdır deyə imtina etməsini tələb edə bilməz.

Problem ondadır ki, hər iki tərəf təkcə qonşusu ilə danışmır. Onlar öz daxili seçicisinə də xitab edirlər. Navrotski sağ tələbin və Ukraynadan yorğunluğun artdığı Polşa cəmiyyəti ilə danışır. Zelenski isə gündəlik Rusiya zərbələri altında yaşayan və müttəfiqdən mənəvi ultimatum qəbul etməyə hazır olmayan Ukrayna cəmiyyətinə danışır.

Beləcə, yaddaş barış məkanı olmaqdan çıxır. O, səfərbəredici resursa çevrilir. Polşa siyasətçiləri UPA mövzusundan milli ləyaqət nümayişi üçün istifadə edirlər. Ukrayna siyasətçiləri Polşaya cavabı suverenlik nümayişinə çevirirlər. Hər iki tərəf prinsiplərdən danışır. Nəticədə isə etimad böhranı yaranır.

Əsas təhlükə də məhz buradadır. 2022-ci ildən sonra Polşa-Ukrayna münasibətləri bu formul üzərində qurulmuşdu: ümumi təhlükə köhnə incikliklərdən vacibdir. İndi bu formulda çat əmələ gəldi. Köhnə incikliklər tarixi komissiyanın predmeti kimi yox, prezident siyasətinin aləti kimi geri qayıtdı.

Jeşuv, Aİ və bir milyon ukraynalı: böhran harada artıq simvolik olmaqdan çıxa bilər

Hələlik konflikt simvolik görünür: ordenlər, bəyanatlar, paylaşımlar, fotolar, diplomatik jestlər. Amma onun mümkün nəticələri tamamilə maddi ola bilər.

Birinci səviyyə logistikadır. Polşanın Jeşuv şəhəri və onun hava limanı Ukraynaya Qərb yardımının əsas qovşağına çevrilib. Bu infrastrukturun sabotajı, yaxud məhdudlaşdırılması barədə istənilən söhbət, hətta marjinal siyasətçilərdən gəlsə belə, Rusiyanın marağına işləyir. Ukraynanın müharibəsi marşrutlardan, anbarlardan, tranzitdən, texniki xidmətdən və qonşuların siyasi iradəsindən asılıdır.

İkinci səviyyə Ukraynanın Aİ-yə üzvlük danışıqlarıdır. Polşa Kiyevin vəkili ola bilər. Amma tarixi məsələləri təzyiq rıçaqı kimi istifadə edən ölkəyə də çevrilə bilər. Polşa siyasi meydanında belə çağırışlar artıq səslənir. Hələlik onlar dövlət xəttinə çevrilməyib, amma seçki ərəfəsində radikal tezislər çox vaxt kənardan mərkəzə doğru sürüşür.

Üçüncü səviyyə Polşadakı ukraynalılardır. Təxminən bir milyon Ukrayna vətəndaşı Polşa ərazisindədir. Onlar üçün atmosferin pisləşməsi abstrakt diplomatiya deyil, gündəlik reallıqdır: işdə münasibət, məktəblərdə münasibət, dövlət qurumlarında münasibət, mediada, ictimai nəqliyyatda ab-hava. Antiukrayna ovqatı aparıcı partiyalar tərəfindən qızışdırılmağa başlasa, zərbə ən tez məhz bu insanlara dəyəcək.

Dördüncü səviyyə Avropa təhlükəsizlik arxitekturasıdır. Polşa uzun müddət Ukrayna məsələsində əsas regional mərkəz roluna iddia edirdi. Amma Kiyevlə Varşava arasında etimad azalırsa, Berlin, Paris və London Polşasız danışıqlar formatları qurmaq imkanı əldə edir. Ukrayna, Almaniya, Fransa və Böyük Britaniyanın iştirakı ilə sülh prosesi barədə müzakirələr artıq göstərdi ki, Varşava həmişə masanın mərkəzində olmur.

Başqa sözlə, orden mübahisəsi mükafat arxivində yox, Avropa balansının real yenidən qurulmasında başa çata bilər.

Köhnə dostluq formulu niyə artıq kifayət etmir

Polşa-Ukrayna münasibətləri uzun müddət dramatik, amma anlaşılan konstruksiya üzərində dayanıb. Polşa Ukraynanı Rusiyaya qarşı dəstəkləyir. Ukrayna Polşaya dəstəyə görə təşəkkür edir. Tarixi mübahisələr sonraya saxlanılır. Gələcək keçmişdən vacibdir.

Bu formul böyük müharibənin ilk illərində işləyirdi, amma müvəqqəti idi. O, dərin ziddiyyətləri həll etmədi. Sadəcə onları Rusiya təhlükəsinin təzyiqi altında dondurdu.

İndi aydın olur: Kiyev və Varşava münasibətlərinə yeni əsas lazımdır. Gözəl deklarasiyalar yox, iki ölkənin eyni anda həm keçmişi necə xatırlayacağı, həm də indiki təhlükəsizliyi dağıtmayacağı barədə sərt siyasi razılaşma lazımdır.

Belə razılaşma bir neçə prinsipi ehtiva etməlidir.

Birinci: tərəflərdən heç biri tarixi yaddaşı digər tərəfi publik şəkildə alçaltmaq alətinə çevirməməlidir.

İkinci: ekshumasiya, memoriallar, arxivlər və tarixi qiymətləndirmə məsələləri prezident demarşları ilə yox, dayanıqlı dövlətlərarası mexanizmlər vasitəsilə həll olunmalıdır.

Üçüncü: Ukraynaya hərbi və logistik dəstək tarixi konfliktlərin girovuna çevrilə bilməz.

Dördüncü: Kiyev anlamalıdır ki, Polşanın Volın yaddaşı sağ siyasətçilərin kaprizi deyil. Bu, ciddi milli travmadır.

Beşinci: Varşava anlamalıdır ki, savaşan Ukrayna öz simvolikası məsələsində xarici diktatı qəbul etməyəcək, xüsusilə də bu diktat cəza formasında təqdim olunursa.

Belə yeni formul olmasa, böhranlar təkrarlanacaq. Bu gün "Ağ qartal" ordenidir. Sabah aeroport, sərhəd, taxıl, Aİ, qaçqınlar, abidələr, məktəb proqramları, yaxud hərbi adlar ola bilər.

Ağ qartal artıq əvvəlki kimi qayıtmayacaq

Navrotskinin qərarı hüquqi baxımdan havada qalsa belə, Tusk kompromis tapsa belə, Zelenski Qdanskda videobağlantı ilə, yaxud şəxsən görünsə belə, əvvəlki vəziyyət artıq yoxdur.

"Ağ qartal" ordeni Ukrayna qavrayışında sadəcə Polşa mükafatı olmaqdan çıxdı. O, ittifaqın tarixi siyasətlə necə sürətlə zəhərlənə biləcəyinin simvoluna çevrildi. Polşa üçün bu böhran milli yaddaşın müdafiəsini siyasi özünəxəsarətdən ayırmaq qabiliyyətinə imtahan oldu. Ukrayna üçün isə sərt cavab vermək, amma körpüləri tam yandırmamaq sınağıdır.

Bu hekayədə ən narahatedici məqam Kiyevlə Varşavanın küsüşməsi deyil. Müttəfiqlər arasında mübahisələr qaçılmazdır. Narahatedici olan başqadır: hər iki tərəf bu mübahisəyə Rusiya müharibəni davam etdirdiyi, Avropa yeni təhlükəsizlik konfiqurasiyası axtardığı, Ukraynanın isə maksimum xarici dəstəyə ehtiyac duyduğu anda girdi.

"Ağ qartal" ən yüksək etimadı simvolizə etməli idi. İndi isə etimad çatışmazlığını simvolizə edir. Onun Kiyevdən Varşavaya qaytarılması bu epizodun sonu deyil, Polşa-Ukrayna münasibətlərində yeni, daha soyuq mərhələnin başlanğıcıdır.

Amma bu böhrandan çıxış yolu hələ də var. O yol Ukraynanın öz yaddaşından imtina etməsində deyil. Polşanın öz yaddaşından vaz keçməsində də deyil. Çıxış yolu ondadır ki, hər iki ölkə bir həqiqəti qəbul etsin: əgər keçmiş yenidən əsas döyüş meydanına çevrilsə, gələcəyi nə Kiyev udacaq, nə Varşava.

Onu Moskva udacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.