Milyarder İlon Mask son müsahibəsində Marsda bir şəhər qurmağın insan sivilizasiyasının gələcəyini təmin etmək üçün vacib addım olduğunu bildirib. O, bəşəriyyətin müharibə, nüvə fəlakəti, meteorit toqquşması kimi hadisələrlə və ya aşağı doğum səviyyəsinə görə "böyüklər üçün bezlərdə ölmə" təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb.
Milli.Az "Forbes"ə istinadən xəbər verir ki, Maskın sözlərinə görə, insan sivilizasiyası çökmədən və ya yox olmadan əvvəl şüurun işığını Marsa daşımaq həyati əhəmiyyət daşıyır. O, əgər Yer kürəsində texnologiya səviyyəsi kosmik gəmi göndərmək imkanından aşağı düşərsə, bu məqsədin təhlükəyə girəcəyini qeyd edib. Xüsusilə Yaponiyada və Cənubi Koreyada aşağı doğum göstəricilərinə diqqət çəkən Mask əgər cari tendensiya davam edərsə, Cənubi Koreyanın üç nəsil sonra bugünkü əhalisinin cəmi 4%-i qədər olacağını bildirib.
Maskın bu açıqlamaları insan populyasiyasına dair ciddi narahatlıqları gündəmə gətirir. Bəs bu qorxular nə qədər realdır? Nüfus dinamikası üzrə tədqiqat aparan evrim bioloqları məsələyə üç əsas istiqamətdə yanaşırlar:
1. Dünya əhalisi son 100 ildə sürətlə artıb və artmaqda davam edir
2022-ci ildə dünya əhalisi ilk dəfə 8 milyardı keçərək tarixdə mühüm bir mərhələyə çatıb. 1950-ci ildə bu rəqəm cəmi 2,5 milyard idi ki, bu da əhali artışında nəzərəçarpacaq yüksəlişi göstərir.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, dünya əhalisi artmağa davam edəcək və 2050-ci ilə qədər 10 milyard, bəzi hesablamalara görə isə 10,5 milyard səviyyəsinə çata bilər. Bu isə əhalinin azalmasından daha çox, həddindən artıq artımın əsas problem ola biləcəyinə işarə edir.
2. Əhali artımı yavaşlayır, lakin bu, bəşəriyyətin sonu demək deyil
İnsanlıq tarixinin böyük bir hissəsində əhali artımı olduqca zəif olub. Antik dövrlərdən Sənaye İnqilabına qədər qlobal əhali artımı illik orta hesabla cəmi 0,04% təşkil edib. Lakin 1800-cü illərdən sonra artım sürətlənib və 1960-cı illərdə illik 2%-ə yaxınlaşaraq zirvəyə çatıb. O vaxtdan bəri doğum səviyyəsinin azalması bu artım tempinin yavaşlamasına səbəb olub, lakin hələ də artım davam edir.
Doğrudur, Yaponiya və Cənubi Koreya kimi bəzi inkişaf etmiş ölkələrdə əhali azalması ciddi bir problem olaraq qalır. Lakin qlobal miqyasda vəziyyət o qədər də kritik deyil.
Bu fenomen heyvan populyasiyalarında da müşahidə olunur. Məsələn, ABŞ-ın şərqindəki son puma populyasiyası olan Florida panteri ciddi şəkildə azalaraq tükənmə riski ilə üzləşib. Bununla belə, ümumi Puma concolor növü Şimali və Cənubi Amerikanın ən geniş yayılmış məməlilərindən biridir və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən "minimal risk" kateqoriyasında qiymətləndirilir. Yəni, lokal səviyyədə təhlükə olsa da, ümumi növ üçün bu, kritik təhlükə hesab edilmir.
Ətraflı
Eyni vəziyyət Avropa vəhşi pişiyi (Felis silvestris) üçün də keçərlidir. Britaniyada populyasiyası ciddi şəkildə azalan Şoltand vəhşi pişiyi, ümumilikdə Avropa qitəsində geniş yayıldığı üçün nəsli kəsilmək təhlükəsi altında deyil. Bu nümunələr göstərir ki, yerli populyasiya azalması bəzən qlobal səviyyədə mövcudluğa ciddi təhlükə yaratmaya bilər.
3. Əhali azalması həll edilə bilən bir problemdir
Əhalinin azalması ilə bağlı "böyüklər üçün bezlər" nəzəriyyəsini şübhəli edən əsas məqam, bu problemin insanlığın mövcudluğunu təhdid edən digər problemlərlə müqayisədə daha asan idarə oluna bilməsidir. Başqa sözlə, hökumətlər ailə planlaşdırmasını stimullaşdıran siyasətlərlə əhali dinamikasını müəyyən həddə qədər yönləndirə bilərlər.
Heyvan populyasiyalarının qorunması üçün tətbiq edilən strategiyalar bu cür problemlərin həllində effektiv ola bilər. Məsələn, Florida panterlərinin sayı 1990-cı illərdə 30-a qədər azalmışdı. Bu vəziyyəti düzəltmək üçün mütəxəssislər Texasdan genetik cəhətdən uyğun puma fərdləri gətirərək onların genetik müxtəlifliyini artıblar. Bundan əlavə, yollar üzərində xüsusi keçidlər inşa edildi ki, bu da nəqliyyat qəzalarından ölüm hallarını azaldaraq populyasiyanın bərpasına kömək edib. Bu tədbirlər sayəsində Florida panterlərinin sayı 200-ə çatıb.
Şotland vəhşi pişiyi ilə bağlı da oxşar yanaşma tətbiq olunur. Qorumaçılar genetik olaraq saf fərdləri müəyyən edərək süni yetişdirmə proqramlarına daxil edirlər. Bununla yanaşı, ev pişikləri ilə qarışmanın qarşısını almaq üçün tədbirlər görülür.
Bu nümunələr göstərir ki, əhali azalması ilə bağlı doğru siyasətlər tətbiq edilərsə, problem idarə oluna bilər və hətta tamamilə həll oluna bilər.
Nəticə
İlon Maskın "insanlıq yox olur" fikri diqqətçəkici və düşündürücü olsa da, əhali azalmasının bəşəriyyət üçün kritik təhlükə olduğu iddiası elmi faktlarla tam dəstəklənmir. Əksinə, qlobal əhali hələ də artmaqda davam edir, bəzi ölkələrdə doğum səviyyəsi azalsa da, bu problem müxtəlif sosial və iqtisadi siyasətlərlə tənzimlənə bilər.
Bundan əlavə, Maskın təklif etdiyi kimi insanlığın xilas yolunun Marsda bir şəhər qurmaq olduğu fikri də mübahisəlidir. Planetimizi qorumağa yönəlmiş tədbirlər, bəlkə də çoxplanetli bir sivilizasiya qurmaq cəhdlərindən daha praktiki və təhlükəsiz bir yanaşma ola bilər.
Maskın diqqət çəkmək istədiyi problem real olsa da, əhalinin azalması bəşəriyyətin qarşısında duran yeganə və ya ən böyük təhlükə deyil. Əksinə, iqlim dəyişikliyi və ekosistemlərin məhvi kimi məsələlər demoqrafik dəyişikliklərə daha ciddi təsir göstərə bilər./Qaynarinfo
Milli.Az