Dünya

Bitkoini rəsmiləşdirən, Salvadorda hər 50-ci adamı həbsə göndərən fələstinli prezident

9 Fevral 2024 22:49
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salvador Prezidenti Nayib Armando Bukele Ortes fevralın 4-də baş tutan seçkilərdə qalib gəldiyini, ikinci müddətə ölkə başçısı olacağını elan etdi.

O, "X" sosial platformasında paylaşdığı xəbərdə seçicilərin 86%-dən çoxunun dəstəyini aldığını, rəhbərlik etdiyi "Yeni İdeyalar" partiyasının qanunverici orqanda 60 kürsüdən 58-nə sahibləndiyini qeyd edib.

O, bunun üçün arıdıcıl 2 dəfə prezident seçilməklə bağlı Salvador Konstitusiyasındakı qadağanı aradan qaldırıb. Bu addıma görə onu "dünyanın ən yumşaq diktatoru" adlandırırlar.

Əslən fələstinli olan Nayib Bukele 2019-cu ildə hakimiyyətə gələndən sonra cinayətkarlığa qarşı uğurla mübarizə aparıb, düzdür, bunun üçün ölkə əhalisinin 1,6%-ni həbs edib, amma cinayətkarlıq səviyyəsini 8 dəfə azalda bilib.

Milli.Az lent.az-a istinadən Salvador Prezidenti Nayib Bukele haqda maraqlı informasiyanı təqdim edir:

Nayib Armando Bukele Ortes 24 iyul 1981-ci ildə paytaxt San-Salvadorda anadan olub. Onun ata tərəfdən babası və nənəsi XX əsrin əvvəllərində Salvadora mühacirət edən Yerusəlim və Bet-Lexemdən olan Fələstinli xristianlar olub. Onun ana tərəfdən babası yunan pravoslav, ana tərəfdən nənəsi isə katolik məzhəbinə mənsub idi.

Nayibin atası Armando Bukele Kattan  bir sıra şirətlərin yaradıcısı və rəhbəri idi. Onlar arasında Obermet (reklam), Global Motors (motosikllərin, velosipedlərin, qolf avtomobillərinin, qayıqların satışı və servisi) və Manufacturas Humberto Bukele e Hijos (məişət mallarının idxalı və topdan satışı, qida, ofis mebeli, təmizlik məhsulları) şirkətləri var idi.

Armando Bukele Kattan sonradan İslamı qəbul etdi, Salvador müsəlmanlarının imamı oldu və 1982-ci ildə ölkədə açılan ilk məscid də daxil olmaqla, beş məscidin tikintisinə töhfə verdi. Armando Bukele Kattan 2015-ci ildə vəfat edib. Vəsiyyətnaməyə əsasən, onun biznes aktivləri və əmlakı 6 qadından olan 9 uşağı arasında bölüşdürülüb.

Armando Bukele Kattanın oğlu, hazırkı prezident Nayib Bukele isə Xose Simeon Kanyas adına Mərkəzi Amerika Universitetində hüquq təhsili alıb, lakin 18 yaşında təhsilini yarımçıq qoyub. Müxtəlif mənbələrə görə o biznes fəaliyyətinə ya öz şirkətini qurmaqla, ya da atasının şirkətlərindən birində işləməklə başlayıb.

2012-ci ildə o, "Farabundi marti adına Milli Azadlıq Cəbhəsi" (FMLN) partiyasından Nuevo Kuskatlan bələdiyyəsinin meri seçildi. Bukele çox populyar idi və partiyanın yüksək səviyyəli rəhbərliyi ilə çoxsaylı münaqişələrə baxmayaraq, 2015-ci ildə FMLN-dən San Salvador merliyinə namizəd kimi irəli sürüldü və seçkidə ARENA-nın namizədi Edvin Zamoranı məğlub etdi. Bələdiyyə sədri olduğu üç il ərzində onun bəyənmə reytinqi bütün sələflərindən yüksək idi. Rəhbərliklə növbəti münaqişə nəticəsində, 2017-ci ildə Bukele "siyasi təşkilatı parçalamaq istəyi" və ona qarşı "böhtan xarakterli bəyanatlar" verdiyi üçün FMLN-dən xaric edilib.

Nayib Bukele 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək qərarına gəlir və bu məqsədlə özünün "Yeni İdeyalar" (Nuevas Ideas) partiyasını yaradır. Onun seçkilərə qədər partiyanın qeydiyyatı ilə bağlı mürəkkəb bürokratik prosesi başa çatdırmağa vaxtı olmur. Buna görə də, sonra Demokratik Dəyişiklik Partiyası (Cambio Democratico) ilə müqavilə bağlayır.

Dövlət başçısı kimi o, cinayətkarlığa qarşı geniş mübarizə aparır, onminlərlə cinayətkarın həbsinə göstəriş verir. Bu ölkədə qətl və qarətlərin sayını xeyli azaldır. Bundan başqa, Bukele Salvadoru bitkoini leqal ödəniş vasitəsi kimi tanıyan ilk ölkə edir.

Ölkəyə bitkoində 1 milyon dollarlıq yatırım edən hər kəsə vətəndaşlıq verilir, bundan başqa, Bitkoin Siti şəhərinin tikintisi aparılır. Salvador hər gün 1 bitkoin alışı həyata keçirir.

2021-ci ilin sentyabrında El Salvador Ali Məhkəməsinin Konstitusiya Şöbəsi prezidentin ardıcıl ikinci müddətə (əvvəllər qanun prezidentliyə təkrar seçilməyə icazə verirdi, lakin ardıcıl seçilməmək şərti ilə) qərar verdi. Beləliklə, Bukele 2024-cü il prezident seçkilərində namizəd kimi çıxış etmək şansı qazanır.

Nayib Bukele vətəndaş müharibəsi bitdikdən sonra Salvador tarixində ən populyar prezidentdir.

"El Faro" qəzetinin yazdığına görə, Prezident Bukelenin ən mühüm hökumət qərarlarına ən çox onun qardaşları Kərim Alberto, Yusif Əli və heç bir rəsmi vəzifə tutmayan İbrahim Antonio təsir edir. İbrahim 2019-cu ildən dövlət vəzifələrinə təyinatlara nəzarət edir. Prezidentin əmisi oğlu Xavier Zabla Bukele isə "Yeni Fikirlər" partiyasının prezidenti postunu tutur, Xavyerin qardaşı Fransisko isə böyük təsir gücünə malik iş adamıdır.

Bir neçə nazir və prezident administrasiyasının üzvləri prezidentin keçmiş uşaqlıq dostları və ya universitetdəki qrup yoldaşlarıdır. Prezidentin həyat yoldaşı Qabriela Rodrigez isə Salvadorun Sosial İnklüzivlik üzrə Katib vəzifəsini icra edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.