Dünya

Şanxayda qapanma rejimi başa çatıb - FOTO

1 İyun 2022 21:08
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin işgüzar mərkəzi olan Şanxayda 2 aydan çoxdur davam edən qapanma rejimi iyunun 1-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhər hökuməti sutkalıq yoluxmaların əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq belə qərar qəbul edib. Yoluxma halları qeydə alındığı üçün qapalı və nəzarət olunan kateqoriyalı məhəllələrdə yaşayanlar istisna olmaqla, sakinlərin evlərindən və məhəllələrindən çıxışına qoyulan qadağa bu gündən aradan qaldırılıb. Şanxayda bütün növ ictimai nəqliyyatın hərəkəti, iş yerləri, istehsal müəssisələrinin fəaliyyəti bərpa edilib, yollardakı baryerlər yığışdırılıb. Beləliklə, ən uzun müddət qapanma dövrü yaşamış əhali sayına görə ən iri şəhər kimi dünya tarixinə düşən Şanxayda həyat normala dönüb.

Təxminən 25 milyon sakini olan Şanxayda qapanma rejimi ləğv olunsa da, epidemiya əleyhinə bəzi mübarizə qaydaları qüvvədə saxlanılıb. Bura qapalı məkanlarda maska taxmaq, yoluxma olan bina və məhəllələrin qapanması və sair daxildir. Bundan başqa şəhərdəki bir çox ictimai binaya girişdə sakinlərdən son 72 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi tələb olunur. Test tələbatını ödəmək üçün təxminən 15 min məntəqə fəaliyyət göstərir.

Qeyd edək ki, COVID-19 virusunun "omikron" ştamının sürətlə yayılması səbəbindən martın 24-dən Şanxayda qapanma tətbiq olunub. Bu müddətdə şəhərdə 600 mindən çox yoluxma, antirekord isə aprelin 13-də (27 min 719) qeydə alınıb. Mayın 17-də karantin yerləri istisna olmaqla yoluxma sayı sıfıra enib. Pasiyentlərin sayı azaldığı üçün simptomsuz və yüngül simptomlu xəstələrin yerləşdirildiyi müvəqqəti karantin yerlərinin əksəriyyəti fəaliyyətini dayandırıb. Eyni vaxtda 47 min pasiyentin yerləşdirildiyi Milli Sərgi və Konvensiya Mərkəzi, habelə Dünya Sərgi və Konvensiya Mərkəzi də müvəqqəti xəstəxana kimi fəaliyyətini dayandırıb.

Şanxay hökuməti karantin rejiminin yüngülləşdirilməsi və həyatın normallaşması üçün 3 mərhələdən ibarət planını ötən ay açıqlayıb. Mayın 16-dan başlayan birhəftəlik ilkin mərhələdə yoluxma sayının, habelə qapalı və nəzarət olunan məhəllələrdə yaşayanların sayının azaldılması hədəflənmişdi. Mayın 22-dən başlayan və ayın sonunadək davam edən ikinci mərhələdə fövqəladə mübarizə vəziyyətindən normallaşa dövrünə keçid olub. İyunun 1-dən başlayan 3-cü mərhələdə istehsalın və həyatın normallaşması prosesi start götürüb. Ayın sonunadək davam edəcək bu mərhələdə məktəblərdə tədrisin bərpası da nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.