Mədəniyyət

Nazim Rzayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub - FOTO

15 Dekabr 2025 16:07
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ilk dirijoru, görkəmli musiqiçi, Azərbaycan SSR Xalq artisti Nazim Rzayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub. Tədbir böyük sənətkarın musiqi mədəniyyətimizə verdiyi töhfələri ehtiramla yad etmək məqsədilə təşkil olunub.

Konsertin əvvəlində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxış edərək Nazim Rzayevin dirijorluq məktəbi, Azərbaycan musiqi həyatındakı rolu və onun orkestrin formalaşmasında göstərdiyi xidmətlər haqqında geniş məlumat verib.

Musiqi gecəsi G.F. Hendel - "Su üzərində musiqi" süitası " №3 (G-dur) ilə açıq elan olundu. Daha sonra solist Elvin Hoca Qəniyevin ifasında F.Mendelssohn - violin və orkestr  üçün d-moll konserti səsləndi. Konsert olduqca şəffaf və lirik emosiyalarla dinləyicilərə çatdırıldı. Zalda əyləşən musiqisevərlərin gur alqışı və səyi nəticəsində solist bis olaraq A.Vivaldi "İlin fəsilləri" silsiləsindən "Yay" ("Fırtına") bölməsini dəqiq, ifadəli və böyük ustalıqla təqdim etdi.

Daha sonra Q.Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində", P.Çaykovskinin " Gün hökm sürür" romansları ( orkestr üçün işləyəni N.Rzayev) solist Aytac Şıxəlizadənin təfsirində lirik tonlarla səsləndi. 
Konsert proqramı A.Weselowski "Mələklərin mahnısı" ( Bakıda ilk ifa), F.Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" və "Final" bölməsi ilə yekunlaşdı. 

İfadan öncə dirijor Əyyub Quliyev Nazim Rzayevin xatirəsinə həsr olunmuş səmimi ürək sözlərini səsləndirib.
Möhtəşəm musiqi gecəsi Nazim Rzayevin parlaq sənət yoluna dərin ehtiramın ifadəsi olaraq, dinləyicilərə unudulmaz anlar bəxş etdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.