Türkiyənin Ankara şəhərində bir kişi anasını, azyaşlı qızını və boşanma mərhələsində olduğu həyat yoldaşını silahla öldürüb.
Milli.Az xəbər verir ki, hadisə Keçiören rayonunun Kuşcağız məhəlləsində qeydə alınıb.
İlkin məlumata görə, 35 yaşlı Rəcəb Çingiz naməlum səbəbdən anası Əzizə Çingizi və 8 yaşlı qızı Əzra Çingizi odlu silahla qətlə yetirib. Daha sonra onların cəsədlərini 35 ASA 769 dövlət nömrə nişanlı avtomobilinin baqajına yerləşdirərək həyat yoldaşının yaşadığı evə yollanıb.
İddialara görə, Çingiz başına dəbilqə taxaraq kuryer kimi gizlənib və boşanma prosesində olduğu həyat yoldaşı Beyzanur Çingizin evinə daxil olub. O, həyat yoldaşını da silahla öldürdükdən sonra eyni silahla atəş açaraq özünə qəsd edib.
Silah səslərini eşidən sakinlərin məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Aparılan ilkin baxışdan sonra cəsədlər ekspertiza üçün göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Çingiz hadisədən qısa müddət əvvəl müvəqqəti məzuniyyətlə həbsxanadan azadlığa buraxılıb.
Faktla bağlı istintaq davam etdirilir.
Fidan
Milli.Az





