İdman

Xarici bukmeykerlər azərbaycanlıların pulunu necə oğurlayır?

5 Dekabr 2020 19:46
Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda "at oynadan", adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran "1xBet" və "Mostbet" kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

Azərbaycanlıların pulunu necə oğurlayırlar?

Milli.Az "Futbol+"-a istinadən bildirir ki, Bu iki şirkətin fəaliyyəti ilk baxışdan sadə görünən, amma incəliklə işləyən fırıldaq mexanizmi üzərində qurulub. "1xBet" və "Mostbet" Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləməmək, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan şirkətlər yaradırlar.

Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda pul qazanırlar.

Bu şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.

Beləliklə, adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdu. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.

Təbii ki, belə kazinoların işində əyləncəli oyunlarla bağlı hansısa qadağa yoxdu, yəni müştərilər intəhasız sonluğa qədər oynaya və uduza bilərlər. Ölkəsinin vergi orqanlarında problemlə üzləşən istənilən müştəri artıq kontorun yardımına bel bağlamamalı, günahı özündə axtarmalıdı.

Rusiya hələ də "1xBet"in yaradıcılarını axtarır

Konkret nümunə əsasında danışaq. "1xBet"in yaradıcıları Semioxin, Kazorin və Karşkov qeyri-qanuni yolla 63 milyard rubldan artıq pul qazanıb. Hər üçü Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar. Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən "1xBet" və "Mostbet", təbii ki, belədə konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır. Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat "xoş gəldin" bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı. Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, "1xBet"in bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.

"Mostbet"lə bağlı durum isə bir qədər fərqlidi. Moskvada qanuni əsasda fəaliyyət göstərən şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, "1xBet" ilə yanaşı, bu şirkət də azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldu.

Daha bir konkret fakt: "1xBet"in kazinosunun baş direktoru, yəni bütün fırıldaq mexanizmlərinin başında dayanan üç-beş adamdan biri Kipr ermənisi Kiriaki Kostikyandı. Kipr yunanlarının və ermənilərin Azərbaycana, azərbaycanlılara, ümumiyyətlə, türk dünyasına necə münasibət bəslədiyini söyləmək isə artıqdı. Bunu görə-görə gəlmişik, sonuncu - 44 günlük müharibənin gedişində də gördük! Belə çıxır ki, halal pulumuzu erməniyə, yunana yedizdirməklə özümüz də bilmədən növbəti faciələrimizi maliyyələşdirir, gələcəyimizin altına mina qoyuruq. Bəs külli miqdarda pulun fırıldaq sxemləri əsasında Azərbaycandan kənara çıxmasına niyə göz yumulur? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, başqa dövlət qurumları hara baxır? Ümumiyyətlə, faciənin miqyasını təsəvvür edirlərmi? Adı çəkilən şirkətlər İngiltərədən hansı rüsvayçılıqla qovulub? Növbəti yazılarda bütün bu suallara cavab axtaracağıq.

Qanuni bukmeker kontorlarından fərqli belə kontorlar müştərilərlə mübahisəli vəziyyət yaranarkən birmənalı şəkildə özünü haqlı çıxarır. Yəni kontor dövlətin dəstəyinə bel bağlaya bilməyəcək müştərinin uduşundan kəsə, hətta ödənişdən imtina da edə bilər. Bundan başqa, ofşor zonalarda qeydiyyatdan keçmiş kontorlar üzərindən oynayan həmvətənlərimiz günlərin birində vergi orqanları ilə problem yaşayacaqlarını da düşünməlidilər.

Beləliklə, bu kontorlar bir tərəfdən Azərbaycan büdcəsinə vergi-lisenziya ödənişləri etmədiklərinə görə qanuni fəaliyyət göstərən kontorlarla müqayisədə nisbətən yüksək əmsal təklif edir, digər tərəfdən isə mübahisəli vəziyyətlərdə məsuliyyəti boynundan ataraq, bütün yükü müştərinin üzərinə yıxır. Yəni belə fəaliyyətin ziyanını Azərbaycan dövləti və Azərbaycan vətəndaşı çəkir. Mexanizm elə incəliklə qurulub ki, Azərbaycan dövləti istəsə belə, vətəndaşına arxa dura bilmir.

Sosial şəbəkələr hər iki şirkətin fəaliyyətindən narazılıq edən, müştərilərin başına açılan oyunları dilə gətirən adamların mesajları ilə doludu. Ümumi mənzərəni göz önündə canlandırmaq üçün belə mesajların bir neçəsinə baxaq.

"1XBet" kimi qayda-qanun saymayan kontor görməmişəm. 18.01.2019-cu ildə 20.01-də olacaq idman hadisəsinə pul qoydum. Elə 18-i axşam hesabımın bloklanması və pulun müsadirə olunması haqda məktub aldım. Özü də nəhəng məbləğ qoymuşdum! Yəni heç oyun olmamış pulum əlimdən çıxdı. Sadəcə, ədəbsizlər! Əlbəttə, məktubda yazırlar ki, mənim bir neçə hesabım var, pul qoyuluşunu özüm etməmişəm. Qurama bəhanədi! Hesab həmişə eyni olub və qaydalar əsasında oynamışam. Onu da da yazırlar ki, şirkətə müraciət etməyin faydası yoxdu".

"1XBet kontoruna pul yatırdım və pul qoyuluşu etməyə başladım. Bir neçə dəfə uduzandan sonra bu nəticəyə gəldim ki, bu iş mənlik deyil, qalan pullarımı adı çəkilən kontordan götürməyim məsləhətdi. Bu niyyətlə də Dəstək Xidmətinə məktub göndərdim. Dəstək Xidməti də öz növbəsində mənə cavab yazdı ki, sənədlərin yoxlanılması üçün Təhlükəsizlik Xidmətinə yazım. Bu Xidmətə yazdığım məktuba aldığım cavabla tanış olun: "Bəli, hər şey düzdü. Pasportunuzun şəklini (1-ci səhifə və arxası, eləcə də qeydiyyat yeri), həmçinin kartınızın hər iki üzünün fotosunu təqdim etməyiniz vacibdi". Bir sözlə, indi yalnız əlacım pulu məhkəmə yolu ilə qaytarmağa qalıb. Ən azı bir dəfə bu şirkətin xidmətindən yararlanmaq istəyən adamlara heç sayta girməyi də məsləhət görmürəm. Sonrakı peşmançılıq fayda vermir".

"Mostbet"in qüsurları çoxdu. Kontor uduzmaq istəyən loxları axtarır. Uddunsa, dərhal hesabını blok edirlər. Bu kontorda qətiyyən loxotron oynamayın. Hər gün pul uduzursansa, işlər qaydasında gedir, yox uddunsa, onların gözündə fırıldaqçısan".

"Mostbet"də ilk dəfə 2019-un yanvarında qeydiyyatdan keçdim. Nə vaxta qədər ki, uduzurdum, hər şey qaydasında gedirdi. 15.05.2019-da iki dəfə 500 manat qoydum və 2000 uddum. Dərhal məni bloka saldılar. Əvvəlcə yazdılar ki, onlara pasportun fotosunu göndərməliyəm. Sonra yazdılar ki, skaypda mənlə danışmaq istəyirlər. Mən onlara skaypın nömrəsini yazsam da, zəng etmədilər. Qaydalardakı hansısa 2,5 bəndinə əsaslanır və mənə yazırlar ki, hesabın bərpa imkanı olmadan bağlanıb. "Mostbet"də qətiyyən oynamayın, əvvəlcə müxtəlif forumlarda yazılanları oxuyun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.