İtaliya Futbol Federasiyasının irqçiliyə qarşı mübarizə üçün başlatdığı kampaniyada meymun şəkillərindən istifadə etməsi narazılığa səbəb olub.
Milli.Az qol.az-na istinadən xəbər verir ki, rəssam Simone Fuqazzottenin hazırladığı və üç meymun şəklindən istifadə olunduğu "İrçiliyə yox" adlı posterlər A seriyasının matçlarının oynanıldığı stadionlara asılıb. Rəssam bu şəkillə məqsədinin insanlarla meymun arasında bir fərq olmadığını göstərmək olduğu bildirib: "Hamımız meymundan yaranmışıq. Əslində burada demək istədiyim insanların bərabər olmasıdır".
Ancaq bu, A seriyası klubları tərəfindən müsbət qarşılanmayıb. Onlar irqçiliyə qarşı mübarizədə meymun şəklindən istifadəni düzgün hesab etməyiblər.
"Milan" klubu bununla bağlı yaydığı açıqlamada bildirib: "Sənət güclü ola bilər, ancaq irqçiliyə qarşı mübarizədə meymun şəkillərindən istifadəyə qarşı çıxırıq. Bu məsələdə bizimlə niyə danışılmadığına təəccüblənirik".
"Roma" da bu kampaniyaya eyni münasibət göstərib: "Bu şəkilləri görəndə təəccübləndik. İrqçiliklə bu cür mübarizə aparılacağını inanmırıq".
Milli.Az