FIFA 2025-ci ildə təqdim ediləcək The Best FIFA Football Awards - yəni fərdi futbol mükafatları üçün namizədlərin siyahısını açıqlayıb.
Mükafatlar arasında ən çox diqqət çəkənlər "Dünyanın ən yaxşı kişi futbolçusu" və "Dünyanın ən yaxşı qadın futbolçusu" nominasiyalarıdır. Bu iki mükafat, 11 avqust 2024 - 2 avqust 2025 tarixləri arasında göstərilən performanslar əsasında verilir.
Bu səbəbdən keçən mövsüm Çempionlar Liqası, qadın futbolunda 2025 Avropa Çempionatı və yeni keçirilən Kişilər üzrə Klub Dünya Çempionatında fərqlənən oyunçular siyahıda üstünlük təşkil edir.
FIFA-nın bu mükafatları dünyada ən nüfuzlu fərdi futbol mükafatları olan Ballon d'Or ilə daim müqayisə edilir. Ballon d'Or 2025 mərasimi artıq sentyabr ayında baş tutmuşdu və həmin gecədə:
Usman Dembele(kişilər)
Aitana Bonmatí (qadınlar)
ən yaxşı futbolçu mükafatlarına layiq görülmüşdülər.
Bu iki futbolçu, FIFA mükafatlarında da yenidən favoritlər arasında göstərilir.
Milli.Az xəbər verir ki, namizədlər arasında 11 futbolçu var: Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendeş və Vitinya (hamısı PSJ), Harri Keyn ("Bavariya"), Kilian Mbappe ("Real Madrid"), Koul Palmer ("Çelsi"), Pedri, Rafinya və Lamin Yamal (hamısı "Barselona") və Məhəmməd Salah ("Liverpul").
Keçən il mükafatı "Real Madrid"in braziliyalı hücumçusu Vinisius qazanıb.
Lalə Qüdrətova
Milli.Az





