Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo yayda avtomobil qəzasında həlak olan Diogo Jota və onun qardaşı Andre Silvanın dəfn mərasiminə niyə qatılmadığını açıqlayıb.
Milli.Az xəbər verir ki, İngiltərənin "Liverpul" klubunun və Portuqaliya yığmasının hücumçusu olan Diogo Jota iyul ayında baş verən ağır yol qəzasında həyatını itirmişdi. Bir çox komanda yoldaşı onun dəfnində iştirak etsə də, Ronaldonun olmaması diqqət çəkmişdi.
Ronaldo bu barədə Pirs Morganla söhbətində danışıb: "İki səbəb var. İnsanlar məni çox tənqid edir, amma mən buna fikir vermirəm. Vicdanın rahatdırsa, kimin nə dediyi önəmli deyil. Atam vəfat edəndən sonra mən bir daha qəbiristanlığa getməmişəm."
Ronaldo bildirib ki, o hansısa mərasimə qatıldığı zaman diqqət mərasimdən çox onun üzərinə yönəlir: "Mən hara getsəm, hər şey sirkə çevrilir. Mən getmədim, çünki bilirdim ki, diqqət Jotanın xatirəsinə yox, mənə yönələcək. Bu isə o anda doğru olmazdı. Mən belə diqqəti sevmirəm, xüsusilə də həssas anlarda."
Portuqaliyalı ulduz əlavə edib: "İnsanlar tənqid etməyə davam edə bilər. Amma mən qərarımdan rahatam."
Diogo Jotanın dəfninə Vircil van Deyk, Arne Slot, Endi Robertson, eləcə də keçmiş komanda yoldaşları Ceyms Milner və Cordan Henderson qatılmışdılar. Portuqaliya millisindən Brunu Fernandes də mərasimdə iştirak edib.
Diogo Jota Portuqaliya yığmasının heyətində 49 oyun keçirmiş, Millətlər Liqasını iki dəfə qazanmışdı. Klub səviyyəsində isə "Liverpul"la birlikdə Premyer Liqa, FA Kuboku və Liqa Kubokunun qalibi olmuşdu.
Lalə Qüdrətova
Milli.Az





