İdman

Usain Bolt: 8 dəfə Olimpiya çempionunun karyerası - 9.58 diaqramda

10 Avqust 2017 20:21
0 Şərh     Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Usain Bolt tarixdə ən güclü sprinter kimi ad qazanıb.

Yamaykalı sprinter Londonda keçirilən Dünya Çempionatından sonra rəsmi çıxışlarını başa vurmağa hazırlaşır.

Burada onun əfsanə zirvəsinə necə qalxdığı və bunun 9.58 səbəbinə nəzər salınır.

1

O, dünya tarixində ən sürətli sprinterdir. Bolt 100 metr məsafəyə sprint qaçışında son üç dünya rekordunun müəllifidir. Bu məsafədə ilk rekorduna isə o, 9 il bundan əvvəl nail olub.

Bolt

Həmvətəni Asafa Powell-in 9.74 saniyə rekordunu Bolt 9.72 saniya nəticəsilə 2008-ci ilin may ayında təzələyib.

Həmin il, bir müddətdən sonra keçirilən Pekin Olimpiadasında Bolt-un vurduğu rekord 9.69 saniyə olub.

2009-cu ildə Berlində keçirilən Dünya Çempionatında o, öz sürətini bir qədər də artıraraq növbəti rekorduna nail olub - 9.58 saniyə.

Olimpiya Oyunları tarixində 100 m məsafəyə sprint qaçışında Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) tərəfindən tanınmış ilk rekord 10.6 saniyə olub.

Həmin rekorda 1912-ci ildə amerikalı idmançı Lippincott Stockholm-da nail olub.

Jim Hines 1968-ci ildə 100m məsafəni 10 saniyədən tez qaçan ilk idmançı adına layiq görülüb, lakin Donald Lippincott-un göstərdiyi nəticədən 1 saniyə tez qaçmaq yalnız bir əsrə yaxın zaman keçdikdən sonra Bolta nəsib olub.

2

O, həm sürətini, həm də çıxışlarının sayını artırıb. IAAF-ın London çempionatı ərəfəsində dərc etdiyi 100m məsafəni 10 saniyədən tez qaçanların siyahısı göstərir ki, Bolt-un nəticələrinə yalnız bir neçə idmançı yaxınlaşa bilib.

Bolt

Jim Hines-dən sonra daha 124 idmançı 10 saniyə həddini aşa bilib.

Lakin Bolt, onun həmvətənləri Yohan Blake və Asafa Powell, amerikalılar Justin Gatlin və Tyson Gay istisna olmaqla (diaqramda göstərilənlər) heç kəs 100m məsafəni 9.78 saniyədən tez qaça bilməyib.

Bolt isə bunu hamıdan çox - ümumilikdə 9 dəfə edə bilib.

3

Əlbəttə, hər şey təkcə 100m məsafə ilə bitmir. Bolt 200m məsafədə də fərqlənib. IAAF 1977 ildə avtomatlaşdırılmış vaxt ölçüsü sisteminə keçdikdən sonra hər iki, 100m və 200m məsafələrində rekord təsis edən yeganə sprinter yalnız Bolt olub.

Bolt

2008-ci ilin Pekin Olimpiadasında Bolt ABŞ sprinteri Michael Johnson-un 12 il sürən 200m məsafəsində 19.32 saniyə rekordunu qıraraq 19.30 saniyəyə nail olub. Bundan 1 il sonra isə Berlində Bolt bu məsafəni 19.19 saniyəyə qət edib.

4

Bolt inanılmaz dərəcədə stabil çıxış edir. London-2017 çempionatı istisna olmaqla, Bolt, 2008-ci ildən başlayaraq iştirak etdiyi bütün Olimpiada və Dünya Çempionatlarında qələbə qazanıb.

Rio-2016 Olimpiadasında o, 100m, 200m məsafələrində və 4x100m estafetində qızıl medallar qazanaraq, misli görünməmiş "üçlük üçlüyü" nəticəsinə nail ola bilib - yəni, ardıcıl olaraq qeyd edilmiş 3 sprint qaçışı növündə qızıl medallara layiq görülüb.

Bu nailiyyət, Boltun öz diliylə deyilsə, onu "ölməzliyə" qovuşdurub.

Bolt

Sonradan, 2008-ci ilin estafetində qazandığı qızıl medal Boltdan alındı.

Buna səbəb komanda üzvü Nesta Carter-in dopinq-testdən keçə bilməməsi olmuşdu. Nəticədə komanda bütövlükdə qızıl medallardan məhrum edildi.

Carter İdman Arbitrajı Məhkəməsinə apellyasiya şikayəti göndərib.

Bolt özünün Dünya Çempionatları karyerasında yalnız 2017-ci ildə Londonda qızıl qazana bilməyib - yalnız bürünc medalla kifayətlənib.

Bir də, 2011-ci ildə Cənubi Koreyada, Daegu şəhərində keçirilən yarışda 100m məsafəsində yanlış başlamaya (falstart) görə avtomatik olaraq yarışdan diskvalifikasiyaya edilmişdi.

5

Bolt

2008-ci ildən bəri 200m məsafədə Bolt-u yalnız bir dəfə, 2012-ci ildə Yamayka milli çempionatında, həmvətəni Blake keçə bilmişdi.

Həmin yarışda Blake 100m məsafədə qələbə qazanmışdı. Ümumiyyətlə, bu distansiyada Bolt cəmi 5 dəfə qələbə cala bilməyib.

Boltu 100m distansiyası qaçışında keçənlər arasında Gatlin, Christian Coleman, Powell və Gay kimi idmançılar var.

6

O, təsəvvür edə bildiyinizdən də tez qaçır. Bolt 100m məsafəsinin ən böyük sürətlə qaçdığı 10m hissəsini cəmi 0.81 saniyəyə qət edir. Bu isə çapan atın sürətilə, yəni 27.66 metr/saat (44.51 km/saat) sürətlə qaçmağa bərabərdir.

Bolt

Ayaqüstü start götürəndə Bolt 100m məsafəni 9.58 saniyədən tez qaça bilir.

O, 19.19 saniyəyə qət etdiyi 200 metrlik məsafənin ikinci yarısını 9.26 saniyəyə qaçıb, 4x100m estafetlərində isə 100 metr məsafəni bir neçə dəfə 9 saniyədən tez qaça bilib, 2015-ci ildə isə həmin məsafəni inanılmaz 8.65 saniyəyə qət edib.

Bununla belə, yaş və zədələr də öz təsirini göstərmiş olur.

Bolt-un hazırda 31 yaşı var. Onun pik forması artıq geridə qalır və daha az sayda yarışlarda iştirak edir.

2016-da o, 100 metr məsafəni 9.81 saniyəyə, 200 metri isə 19.78 saniyəyə qaçıb - bu nəticələr ona qələbə qazandırsa da, özünün əvvəlki nəticələri ilə müqayisədə müəyyən geriləmə müşahidə olunur.

7

O, buna necə nail olur? Bunun sadə cavabı yoxdur, lakin Mackala Krzysztof və Antti Mero tərəfindən aparılmış və Journal of Human Kinetics dərgisində işıq üzü görmüş tədqiqatda qeyd olunduğu kimi, 195sm ölçüdə boyu ona digər idmançılara qarşı üstünlük verən amillərdən biridir.

Bolt

Belə bir fikir mövcuddur ki, boyun uzunluğu sprinter üçün üstünlükdənsə, start götürəndə əngəl yaradır, xüsusən bu, aşağıdan start vəziyyətindən irəliyə sıçrayış edilən zaman özünü göstərir.

Lakin tədqiqatçıların qeyd etdiyi kimi, distansiyanın ortasından başlayaraq "Boltun hündür boylu olması və uzun addımları artıq öz işini görməyə başlayır, idmançı yüksək sürətini davamlı olaraq saxlaya bilir və daha qısaboylu rəqiblərini arxada qoyur".

8

Addımını təxminən 2.47m uzunluğa ata bilir. Bu isə, əsas rəqiblərinin atdığı addımdan azı 20sm artıqdır, addımlarını da yüksək sürətlə atır.

Bolt

Qeyd olunan bu iki amilin kombinasiyası Bolt-un rəqiblərinə demək olar kı, heç bir ümid yeri qoymur.

Bolt 100m məsafədə dünya rekorduna 41-dən də az addım sərf etdiyi halda, digər finalçılara bu məsafəni qət etmək üçün təxminən 45 addım lazım olub, Krzysztof və Mero aşkar ediblər.

9

Bəs hündürboylu sprinterlərin ləng sart məsələsi necə olsun? Adətən Bolt bu problemin öhdəsindən gələ bilir.

Düzdür, əsas rəqiblərilə müqayisədə o, təkan götürdüyü blokdan sıçrayışını daha ləng tərzdə edir: London-2017 Dünya Çempionatına qədərki dövrdə, (Daegu-2011 çempionatında falstart istisna olmaqla) bütün Olimpiya və Dünya Çempionatlarına baxanda, Bolt 100m distansiyasında startı orta hesabla 0.158 saniyəyə götürübsə, onun rəqibləri bunu orta hesabla 0.149 saniyəyə edib.

Bolt

Lakin Michael Johnson qeyd edir ki, özünün ən uğurlu çıxışlarında Bolt, startdan dərhal sonra, boyu daha qısa olan rəqiblərilə sürətini bərabərləşdirə bilir.

"Start götürdükdən sonra, təxminən ilk 30 metrdə o, boyu daha qısa olan rəqiblərinə çatır - bu nadir haldır", - Michael Johnson Olympic Channel kanalına bildirib.

Dünya rekordunu vuranda isə, Bolt start götürdükdən sonra distansiyanın əvvəlindən sonunadək irəlidə olub, hər növbəti 20 metrlik hissəni rəqiblərindən daha tez qaçıb və onlardan təxmindən 20 metr irəlidə olub.

Amma London-2017 çempionatında onun start götürməsi 0.183 saniyə çəkib, bu, önun özünün əvvəlki nəticələrindən daha pis göstəricidir, yarışın qalan digər iştirakçılarının göstərdiyi nəticədən isə 0.031 saniyə artıqdır.

9.58

Boltun cazibəsi təkcə qaçış distansiyası ilə məhdudlaşmır. Onun məşhur "İldırım Bolt" duruşundan tutmuş stadionda uşaq kimi şadyanalıq etməsinədək, Pekin Olimpiadasında "1000 tikə" toyuq əti yediyini iddia etməklə lovğalanmasınadək, Bolt-un dəcəllik xasiyyəti onun superulduza çevrilməsində öz rolunu oynamış olub.

"Ozü ilə öyünməsi və dəcəlliyinə" görə bəzən tənqidə tutulsa da, bu, onun tərəfdarları qarşısındakı nüfuzuna heç bir xələl gətirməyib.

Karyerasını başa vurmaq ərəfəsində, o, sosial mediada dünyanın ən populyar yüngül atletlərindən biri sayılır, onun Facebook səhifəsinin 19 milyona yaxın izləyicisi var, Instagram səhifəsini - 7.1 milyon, Twitter səhifəsini isə 4.75 milyon adam izləyir.

Bolt

Şöhrətin ardınca isə sponsorlar da gəlir.

Forbes jurnalına görə, Puma, Mumm champagne, Advil və bu kimi digər şirkətlərlə bağlanmış kontraktlar Bolt-un illik qazancını 2016-17 illərdə $34.2 milyona çatdırıb.

Bu göstərici Usain Bolt-u ulduzlar siyahısında 88-ci yerə qaldırıb.

Bolt yaratdığı fondlar vasitəsilə xeyriyyə tədbirlərinə pul ayırır, onun pul dəstəyi verdiyi təsisatlar arasında Yamaykanın Trelawny Parish şəhərində oxuduğu köhnə məktəb də var.

Lakin indi karyerasını başa çatdırdıqdan sonra, görəsən, o, özünü kölgəyə çəkəcəkmi?

Belə ki, Bolt "bir az dincəlmək, özünə diqqət yetirmək arzusunda olduğunu bildirmişdi".

Mümkündür ki, bundan sonra o, dünya yüngül atletikasında davamlı bir fəaliyyət göstərməyə başlasın.

Lakin idmanda onun yerinin görünəcəyi, onun üçün darıxılacağı şübhəsizdir.

IAAF prezidenti lord Coe bu yaxınlarda BBC-ə demişdi: "Biz şəxsiyyət üçün darıxacağıq. Biz şəxsiyyət zirvəsinə qalxan atletlər intizarındayıq".

Bu deyilənləri isə diaqram dilinə çevirmək mümkünsüzdür.

Yazı müəllifi Christine Jeavans. Tərtibat - Gerry Fletcher. Əlavə statistik məlumatları təmin edən - Mark Butler.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.