İdman

«Qarabağ» çempionluqdan əl çəkib?

20 Aprel 2011 14:23
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Premyer Liqanın final mərhələsinin ilk dövrəsi arxada qaldı. Təbii ki, təsnifat mərhələsindən fərqli olaraq, finalda əsas diqqət ilk "altılığ"a yönəlmişdi. 2-ci "altılıq"da Premyer Liqanı tərk edəcək komandaların adına əslində təsnifat mərhələsində aydınlıq gəldiyindən, finalda bu komandaların oyunu o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə də indi bütün diqqətlər 1-ci "altılığ"a yönəlib.

Bəs finalın ilk mərhələsində 1-ci "altılıq" təmsilçiləri nəylə yadda qaldı? Kimlər ümidləri doğrultdu, kimlər potensialından aşağı səviyyədə çıxış etdi?

Milli.Az xəbər portalı bu suallara cavab axtarmağa çalışdı.

"Neftçi"ni necə oynatmaq olar?

Təbii ki, Premyer Liqadan danışarkən ilk olaraq göz önünə lider "Neftçi" gəlir. Həmin "Neftçi"ki, qış fasiləsindən sonra əksəriyyət bu komandanın hədəflərinə çatmayacağını proqnozlaşdırırdı. Səbəb isə əsas rəqiblərin - "Xəzər Lənkəran" və "Qarabağ"ın fevraldan sonra sərgilədiyi oyunla hamının rəğbətini qazanması idi. Hər iki komandanın mükəmməl oyunu "Neftçi"nin şanslarını böyük ölçüdə azaltmışdı. Üstəlik də komandanın hücumçu problemi ilə üzləşməsi "Xəzər Lənkəran" və "Qarabağ"ın şanslarını artırırdı.

Amma "Neftçi" bütün proqnozları alt-üst etdi. Keçirdiyi 5 oyunda yalnız 2 heç-heçə edən paytaxt klubu finalın ilk mərhələsini məğlubiyyətsiz başa vurdu. Bu da komandanın çempionluq yolundakı əsas rəqibini 8 xal fərqi ilə qabaqlamasına gətirib çıxardı.

Düzdü, "Neftçi" bu nəticələri heç də gözəl oyunu ilə qazanmadı. Komanda sadəcə, AZAL və "İnter"lə oyunlarda hücum futboluna üstünlük verdi desək, yəqin ki, yanılmarıq. Bununda səbəbi hər iki qarşılaşmada ilk dəqiqələrdə buraxılan qol oldu. Məğlub duruma düşən Arif Əsədov məcbur olub ənənəvi taktikasını hücum futboluna dəyişməli oldu ki, "İnter"lə oyunda bu komandaya 1, AZAL-la görüşdə 3 xal qazandırdı. Bu oyunlar bir daha göstərdi ki, "Neftçi"nin tələb olunan futbolu oynaması üçün bu komandaya matçın ilk dəqiqələrində qol vurmaq lazımdır. Ondan sonra baş məşqçi bütün taktikasını dəyişib, istənilən oyunu sərgiləmək məcburiyyətində qalacaq.

Digər qarşılaşmalarda isə "Neftçi" ənənəvi taktikasına sadiq qalıb, çempionluq yolunda irəlilədi. Nəticədə, komanda 5 oyunda mümkün 15 xalın 11-ni qazandı.

Amma artıq buna görə "Neftçi"ni qınamağa dəyməz. Çünki mövsümün əvvəlindən belə bir taktika seçdiyinə görə, "Neftçi" və baş məşqçisi çox tənqid olunub. Səbəblər aydındır. Dəfələrlə qeyd etmişik ki, "Neftçi" kimi komandalardan təkcə nəticə yox, həm də gözəl oyun tələb olunur. Arif Əsədovun isə potensialı yalnız buna çatır. Klub rəhbərliyinin də indiki məqamda qarşısında duran əsas hədəf uzun illərdir titula həsrət qalan komnadanı çempion etməkdir. Buna də "tarixdə nəticə qalır" prinsipinə əsaslanaraq, Arif Əsədovla yola davam etmək istəyirlər. Mövsün sonunda, yəni çempionluq qazanılandan sonra vəziyyətin necə olacağını isə zaman göstərəcək.

"Xəzər Lənkəran"da nə baş verir?

"Xəzər Lənkəran"ın finaldakı oyunu sözün əsl mənasında fiasko oldu. Qış fasiləsindən sonra çempionatda 3, kubokda isə 2 oyuna çıxan komanda möhtəşəm oyun sərgiləmiş, nəticədə ictimaiyyətin rəğbətini qazanmışdı. Əksəriyyət "Xəzər Lənkəran"ın bu oyunla "Neftçi"ni hədəflərindən edəcəyini düşünürdü. Amma...

Mirça Rednik uğurun ardını gətirə bilmədi. Hər şey AZAL-la oyundan başladı. Bu məğlubiyyətin ardınca keçirilən 4 oyunun hamısı heç-heçə başa çatdı. Nəticədə "Xəzər Lənkəran" mümkün 15 xaldan cəmi 4-nü qazandı ki, bu da çempionluq şanslarının demək olar ki, itirilməsi ilə nəticələndi. Hər halda, indi "Xəzər Lənkəran" liderdən 8 xal geri qalır və "Neftçi"nin qarşıdakı 5 turda bu qədər xal itirməsi gözlənilən deyil.

Bəs, "Xəzər Lənkəran"ın uğursuz çıxışına səbəb nədir? Təbii ki, bu 5 oyunun bəzilərindən komandanın bəxti gətirmədi, bəzilərində oyun alınmadı, bəzilərində hakim səhvləri oldu. Amma bu uğursuzluğun əsas səbəbi deyil. "Bakı" ilə oyunda komandanın təmiz qolu qeydə alınmadısa, "İnter"lə görüşdə bakılıların təmiz penaltisi verilmədi. Hansı ki, bu penalti "Xəzər Lənkəran"ın növbəti məğlubiyyəti ola bilərdi. Buna görə də hər şeyi təkcə bəxt və hakim amili ilə bağlayıb, vəziyyətdən çıxmaq olmaz.

Əsl səbəbi komandanın daxilində axtarmaq lazımdır. Səbəblərdən biri intizamsızlıqdır. Hər şey "Qarabağ"la oyunda meydana çıxdı. Matçdan sonra Elnur Allahverdiyev Dieqo Souza ilə dava etdi və nəticədə komandadan qovuldu. Klub rəhbərliyi mətbuata açıqlamalaında daxildə intizamsızlıqla bağlı problemlərin olduğunu etiraf etdi.

Başqa bir misal: komandanın kapitanı və əsas qapıçısı Kamran Ağayev bir neçə gün məşqlərə qatılmadı. Klubdan verilən məlumatlarda onun xəstə olduğu deyilirdi. Lakin bu məqamda qolkiperin Bakı kəndlərindən birində meyxana deməsi ilə bağlı xəbərlər yayıldı. Bu adam xəstədirsə, niyə müalicə olunmayıb, meyxana deməklə məşğul olur? Əgər xəstə deyilsə, o zaman bu arxayınçılığın, intizamsızlığın səbəbi nədir?

İkinci səbəb arxayınçılıq ola bilər. Qış fasiləsindən sonrakı 5 oyunda sərgilənən futbol və qazanılan nəticələr "Xəzər Lənkəran"ın oyunçularını arxayınlaşdırdı. Artıq Azərbaycan səviyyəsində özlərinə rəqib görmədilər ki, nəticədə də hər şey itirildi. Bəzi futbolçularda işə biganə münasibət, ulduz xəstəliyi komandada ab-havanı pozdu. Hər halda, Mirça Rednik özünün ölkəmizə gətirdiyi ulduz futbolçu Julius Vobayı boş yerə mətbuatda açıq şəkildə hədələmirdi.

Olmaya, Mirça Rednik komandanı sona qədər eyni səviyyədə saxlaya, nizam-intizamı qoruya, futbolçulara öz hökmünü göstərə bilmədi?! Hər halda, komandanın bütün çıxışına görə baş məşqçi məsuliyyət daşıyır. Əgər komandada məsuliyyətsizlik, intizamsızlıq, özündənrazılıq yaranmışdısa, rumın məşqçi niyə vaxtında yumruğunu masanın üzərinə çırpıb, hökmünü göstərmədi? Əgər belə deyilsə, bəs gerçək səbəb nədir?

Hər halda, "Xəzər Lənkəran" 5 oyunda 4 xal qazanacaq səviyyədə komanda deyil. "Xəzər Lənkəran" heyətinə görə hazırda Azərbaycanın 2 ən güclü komandasından biridir. Həm də ən böyük azarkeş dəstəyinə sahib olan klubu... Bu qədər azarkeşin istəyini, ümidini 1-2 oyunçunun şıltaqlığına qurban vermək olmaz.

Bəs "Qarabağ"a nə oldu?

"Qarabağ" da "Xəzər Lənkəran"ın aqibətini yaşadı. Qış fasiləsindən sonra gözəl oyun və nəticələrlə ictimaiyyətin diqqətini çəkən, çempionluğun əsas namizədlərindən birinə çevirilən ağdamlılar daha sonra istənilən nəticələr qazanmadı. "Neftçi"yə məğlubiyyət, "Bakı" və "Xəzər Lənkəran"la heç-heçələr liderlə 9 xallıq fərqin yaranmasına, faktiki olaraq çempionluq şanslarının itirilməsinə səbəb oldu.

Amma "Xəzər Lənkəran"ın uğursuzluğuna səbəb olan amilləri "Qarabağ"a aid etmək olmaz. Bu komanda ən azından hakim səvhləri üzündən xal itirməyib. "Qarabağ"da intizamsızlıqdan və arxayınçılıqdan da danışmaq yersizdir. Hər halda, Qurban Qurbanovun yaratdığı sistem, nizam-intizam hansısa futbolçunun belə hallara yol verməsini mümkünsüz edir.

Bəs onda nə? Bəlkə əvvəlcədən komandanın qarşısına Çempionlar Liqasına yox, Avropa Liqasına vəsiqə qazanmaq tələbi qoyulmuşdu? Bəlkə "Qarabağ" çempion olmaq istəmədi? Bəlkə hədəf kimsənin bilmədiyi səbəblərdən dəyişdi? Hər halda, "Neftçi" ilə oyundan sonra komandanın bilərəkdən oynamadığı barədə iddialar səsləndi. Bu iddiaların nə qədər doğru olub-olmadığını bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, "Qarabağ" "Muğan"ın, "Simurq"un belə udmağa cəsarət etdiyi "Bakı"nı yenməyə borclu idi (çempion olmaq istəyirdisə). "Xəzər Lənkəran"la evdə keçirilən oyunda üç xal qazanılmalı idi. "Neftçi" ilə oyunda da bir xal qazanmaq olardı. Amma... Ya istəmədilər, ya da bacarmadılar...

AZAL bundan artıq nə etsin?

Hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan AZAL Avropa Liqasına vəsiqə qazanmağa ən şanslı namizədlərdəndir. Premyer Liqa ilə yanaşı, komanda kubokda da mübarizəni davam etdirir ki, bu halda şans daha da artır.

AZAL Premyer Linanın final mərhələsində gözlənilən nəticələri qazanmağı bacardı. 5 oyundan 2-də məğlub oldu ki, bu oyunlarda da "Neftçi" və "Qarabağ"a boyun əydi. Əvəzində, "Xəzər Lənkəran", "İnter" və "Bakı"dan 3 xal almağı bacardı.

AZAL-dan onsuzda bundan artıq heç nə gözlənilmirdi. Əksinə, mövsümün əvvəlində əksəriyyət bu komandanı ilk "altılıq"dan kənarda qalmağa əsas namizədlərdən biri hesab edirdi. Amma AZAL sürpriz çıxışla nəyinki "altılığ"a düşdü, hətta Avropaya vəsiqə qazanmağa belə namizəddir.

"İnter"lə "Bakı" necə xilas olacaq?

İlk "altılığ"ın autsayderləri olan "İnter" və "Bakı" eyni nəticələrə imza atdı. 5 oyunda cəmi 3 heç-heçə. Yəni 15 mümkün xaldan 3-ü...
Başlayaq "İnter"dən. Son çempion artıq titulunu itirib. Turnir cədvəlindəki hazırkı vəziyyət bunu deməyə əsas verir. "Neftçi" bundan sonrakı 5 oyunun hamısını uduzsa və "İnter" hamısını qazansa belə, xal fərqi çempionluğu mümkünsüz edir.

"İnter"dən bu çıxış gözənilən idi. Yayda edilən transferlərin əksəriyyətinin uğursuz alınması qış fasiləsinə qədər komandanın kifayət qədər xal itirməsinə səbəb olmuşdu. Ardınca mənasız "Birlik Kuboku"ndakı yorucu çıxış komandanın vəziyyətini daha da pisləşdirdi. Üstəlik qış fasiləsində boşluq olan mövqelərə lazımi transferlərin edilməməsi komandanı çətin vəziyyətdə qoydu. Bu səbəbdən də "İnter" final mərhələsində cəmi 3 xal qazana bildi.

"Bakı"ya gəlincə, alman Vinfrid Şafer komandaya yetərincə ziyan vurmuşdu. Lazımlı futbolçular heyətdən kənarlaşdırılmış, nizam-intizam sıfır səviyyəsinə enmiş, psixoloji durum dözülməz həddə çatmışdı. Aleksandr Starkov böyük ümidlərlə Bakıya dəvət olunsa da, latviyalı mütəxəssisin gücü komandanı "altılığ"a salmaq və kubokun yarımfinalına çıxarmağa yetdi.

Düzdü, həm "İnter"in, həm də "Bakı"nın Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Belə ki, hər iki klub kubokun yarımfinalına vəsiqə qazanıb. Amma onların "Xəzər Lənkəran" və AZAL-ı mübarizədən kənarlaşdırıb, finala çıxacağına və həlledici oyunda qələbə qazanacağına heç kim zəmanət vermir. Ən azından çempionluq şansını itirmiş "Xəzər Lənkəran"ın yeganə qənimət kimi baxdığı kubokdan asanlıqla əl çəkəcəyi gözlənilən deyil.

Pərvin Kazımoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.