İdman

Dünya belə döyüş görməyib - FOTO

26 Fevral 2015 13:15
0 Şərh     Baxış: 3 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın ən yaxşı boksçuları Floyd Meyvezer Menni Pakyao mayın 2-də ABŞ-ın Las-Veqas şəhərində, "MGM Grand Garden Arena"da qarşılaşacaqlar.
 

Bu qarşılaşmanı "1 milyard dollarlıq döyüş" adlandırırlar.

İfadədə bənzətmə, şişirtmə yoxdur.
 

Amerikalı Floyd Meyvezer və filippinli Menni Pakyao dünyanın ən yaxşı boksçuları sayılırlar.

Onların qarşılaşması ilə bağlı yarım ildən bəri danışıqlar gedir və nəhayət ki, razılaşma əldə olunub.

Döyüşdən 1 milyard dollar məbləğində xalis gəlir əldə ediləcəyi gözlənilir.
 

Tərəflər arasında danışıqlar çoxdan başlanmışdı və olduqca ahəstə şəkildə davam edirdi. İrəliləyiş bu il yanvarın 27-də oldu.

Mayamidəki basketbol arenasında Floydla Menni telefon nömrələrini bir-birlərinə verdilər, sonra da sövdələşdilər.
 

Təqribən bir ay sonra da anlaşma imzalandı, Meyvezer hətta sənədə atılmış imzaların fotolarını İnstagram-da paylaşdı.

Dünya idmanında sonuncu belə ajiotaj 13 il əvvəl, Mayk Tayson Lennoks Lüis arasındakı qarşılaşma ərəfəsində olmuşdu.

Amma indiki döyüş Tayson-Lüis qarşılaşmasını həm kütlənin marağı, həm də maliyyə baxımından kölgədə qoyur.

Çünki bu qarşılaşma dünya idimanının tarixində ən bahalı, ən gəlirli aksiya olacaq.
 

Matçın Çində kabel televiziyası ilə translyasiyası nəzərdə tutulur. Pakyaonun promouteri Bob Arumun dediyinə görə, döyüşə 100 milyon çinli baxacaq və bu 100 milyonun hər birinin 5 dollar ödəyəcəyini nəzərə alsaq, 500 milyon dollarlıq gəlir artıq var.

ABŞ-la isə boks matçlarının pullu translyasiyalarının indiyədək olan təcrübəsini nəzərə alsaq, əhalinin 1 faizinin, yəni 3 milyon amerikalının qarşılaşmanı seyr edəcəyi şübhəsizdir.
 

Bu da 300 milyon dollarlıq gəlir deməkdir.

Las-Veqasdakı döyüşə arenada baxmaq istəyənlər biletləri 15 dəqiqəyə alıb qurtarıblar.
 

Qarşılaşmanın keçiriləcyi MGM Grand otelində mayın 1 və 2-də nömrələri əvvəlcədən sifariş verənlərsə sutkaya görə 650 dollar ödəyiblər.

36 yaşlı Menni Pakyao indiyədək 57 qələbəyə nail olub, 5 dəfə uduzub. Sonuncu məğlubiyyət 2012-ci ildə Xuan Manuel Markeslə döyüşdə olub.

37 yaşlı Floyd Meyvezersə peşəkar rinqdə keçirdiyi 47 döyüşün hamısında qalib gəlib.
 

Karyerası boyunca Pakyao 6 müxtəlif çəki dərəcəsində, Meyvezer isə 5 çəki dərəcəsində çempion olublar.

Və döyüşün nəticəsindən asılı olmayaraq Floyd Meyvezer 160 milyon dollar, Menni Pakyao isə 100 milyon dollar alacaqlar.

Floyd Meyvezer hazırda dünyada ən çox qazanan idmançı sayılır.
 

Onun varidatı isə artıq 900 milyon dollara yaxınlaşır.

Floyd pulları qazandığı sürətlə də xərcləyir. Onun Gulfstream IV və Gulfstream V modelli 2 reaktiv təyyarəsi var.

Təyyarələrdən biri Floydun özü, digəri isə dostları və cangüdənləri üçündür.
 

Floyd müxtəlif şəhərlərdəki villalarının hər birinin "rəngi"nə uyğun superlüks avtomobillər alıb. Bundan başqa, boksçu hər şəhəri bir rəngdə "görür".

Məsələn, Las-Veqas şəhəri F.Meyvezer üçün ağ rəgdə olduğundan, mayın 2-dəki döyüşün keçiriləcəyi otelə boksçu bəyaz rəngdə limuzinində yollanacaq.
 

Milyonlar boksçuya onu hər yerdə müşayiət edən "dostlar"ın xərclərini ödəmək üçün də gərəkdir. Floydun 21 nəfərlik "müşayiət dəstəsi"ndəkilər sutkada 24 saat boksçunu tərifləməli, onun hər əmrini yerinə yetirməlidirlər.
 

Floyd alış-verişi də yaman sevir. O, 3 milyon dollara qol saatı almaqla kifayətlənməyərək 14 yaşlı qızı Ayannaya 260 min dollara sırğa və boyunbağı da hədiyyə etmişdi.
 

Floydun şəxsi reaktiv təyyarəsində həmişə içində 1 milyon dollar nağd pul olan çanta var. Bu pullar "xırda xərclər" üçün nəzərdə tutulub.

Eyni zamanda, boksçunu şəxsi massajçı qadın və bərbər də müşayiət edir.
 

Halbuki Floyd çox zaman başını daz qırxdırır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.