28 və 29 iyun tarixlərində Dənizkənarı Milli Parkda "Gimnastika hamı üçün" 3-cü beynəlxalq "Challenge"i keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə baş tutacaq bu möhtəşəm tədbirdə 4 ölkədən 54 komanda iştirak edəcək.
Trend xəbər verir ki, tədbir idman və sevinc bayramına çevriləcək, burada ustad dərsləri, rəngarəng və müxtəlif kollektiv çıxışları, eləcə də, bütün yaş qrupları üçün nəzərdə tutulmuş əyləncə proqramları təqdim olunacaq.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə çıxış edəcəklər.
Tədbir ərəfəsində biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin yaşlı insanlar üçün sosial xidmət müəssisəsində keçirilən məşqləri ziyarət etdik.
"Gimnastika və əyləncə üçün yaş məhdudiyyəti yoxdur - sən də bizə qoşul!" şüarı altında tədbirə hazırlaşan pensiyaçı iştirakçılar maraqlı hadisə ərəfəsində fəal şəkildə məşqlərini davam etdirirlər. Məşqlər zamanı iştirakçılar müxtəlif rəqs və fleşmob nömrələri, həmçinin, sadə akrobatik elementlər yerinə yetirirlər.
Məşqlərə SSRİ-nin Əməkdar İdman Ustası, akrobat Rena Manafova rəhbərlik edir. O, iştirakçılarda ruh yüksəkliyinin olduğunu vurğulayıb:
"Buradakı insanlar arasında peşəkar idmançı olmamış şəxslər çoxdur, lakin onların idmana böyük sevgisi var. Bu artıq onların hazırlaşdıqları üçüncü turnirdir və hər dəfə böyük həvəs və fədakarlıqla məşğul olurlar. Qeyd etmək istəyirəm ki, hər il proqram daha da çətinləşir. Məsələn, ilk turnirdə proqramımız nisbətən sadə idi. Amma sonrakı proqramlarda müxtəlif musiqilərdən istifadə etdik, mürəkkəb elementlər əlavə etdik. İdman heç bir sərhəd tanımır - yaşdan və fiziki durumdan asılı olmayaraq, hər kəs aktiv həyat tərzi sürə bilər", - deyə məşqçi bildirib.
İştirakçılar arasında 79 yaşlı Valida Həsənova da var. O, belə tədbirlərdə iştirakın əhval-ruhiyyəni və həyat tonusunu qaldırdığını bildirib:
"Burada çox xoş və mehriban bir mühit var. Mən ötən il də iştirak etmişdim və o zaman da ciddi hazırlaşmışdıq. Gələn il 80 yaşım olacaq, amma özümə söz vermişəm - gələcəkdə də çıxış edəcəyəm. Mən futbol və voleybol da oynayıram - idman mənə enerji verir, özümü gümrah və pozitiv hiss etməyə kömək edir. Hələ gücümüz tükənməyib!", - deyə o bildirib.
Layihə yaşlı insanların fiziki fəallığının artırılmasına və sağlam həyat tərzinin təbliğinə yönəlib.
Milli.Az