Superliqaya yüksələn Türkiyənin "Kocaelispor" klubu "Antalyaspor"un 29 yaşlı yarımmüdafiəçisi Rəmzi Safurini transfer etmək istəyir.
Milli.Az xəbər verir ki, lakin bu xəbər azarkeşlər arasında ciddi fikir ayrılığı yaradıb.
"Kocaelispor"un transfer siyahısında yer alan israilli futbolçunun adı sosial mediada geniş müzakirələrə səbəb olub. Azarkeşlərin bir hissəsi Safurinin komanda üçün faydalı ola biləcəyini düşünərək transferi dəstəkləyir. Digər tərəf isə onun israilli olmasını əsas gətirərək bu keçidə qarşı çıxır.
Rəmzi Safuri İsrail milli komandasının üzvü olsa da, Fələstin əsilli və müsəlman olması faktı da gündəmə gətirilib. Bəzi fanatlar iddia edirlər ki, futbolçunun dini və etnik mənsubiyyətindən asılı olmayaraq peşəkar performansı əsas götürülməlidir və idmana siyasi yanaşma düzgün deyil.
Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanın çempionu kimi bu mövsüm Superliqada mübarizə aparacaq. Klubun Safurinin transferi ilə bağlı yekun qərarının yaxın günlərdə açıqlanacağı gözlənilir. Məsələ ətrafında yaranan cəmiyyəti bölən diskussiya isə davam edir.
Fidan
Milli.Az