"Yalnız oyunçu kimi bu komandada iştirak etməyə razılaşdım".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan çempionatlar tarixinin ən yaxşı bombardirlərindən biri Rövşən Əhmədov deyib.
56 yaşlı veteran futbolçu Region Liqasında "VT Gəncə"nin heyətində meydana çıxmasını şərh edib. "Kəpəz"in U-12 komandasını da çalışdıran Əhmədov bildirib ki, o, həvəskarlar və gənclər liqasına məşqçi kimi dəvət olunsa da, bu təkliflə razılaşmayıb: "Çünki komandalarla daim məşq edirik. Buna görə də məsuliyyətim yetəri qədərdir. Ancaq "VT Gəncə"də hamısı gənc oyunçulardır. Onlarla birgə mübarizə aparmaq mənə çətin olmadı. Bu səbəbdən də gündə 3 dəfə məşq edirəm. Gənc futbolçularla mübarizə aparmaq məndə hansısa problem yaratmır. Daim oyunlarımıza çıxıb, mübarizə aparacağıq".
Onun sözlərinə görə, Gəncədə II Liqa üçün komanda yaradacaqlar: "Bunu etməkdə əsas məqsədimiz "Kəpəz" üçün gənc oyunçular yetişdirməkdir".
Qeyd edək ki, Əhmədov Azərbaycan çempionatında 116 qol vurub. O, qol sayına görə yarışın tarixində 3-cü ən məhsuldar oyunçudur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun