Cəmiyyət

Qalacıq meşəsinin məhvinə dair yayılan məlumatlarla bağlı RƏSMİ açıqlama

5 İyul 2021 16:38
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün görülən işlərdə ekoloji aspektlər nəzərə alınır. Burada nöqsanlara yol verilibsə, onların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq.

Bunu Milli.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O, bildirib ki, məlumatlar nazirliyin mütəxəssisləri tərəfindən "Google Eart" proqramı üzrə araşdırılıb. Məlum olub ki, 2019-2021-ci illər üzrə yaşıllığın qismən azalması müşahidə olunub, lakin tamamilə məhv edilməsi halı və hazırda ərazidə çılpaq sahənin olması həqiqətə uyğun deyil. Peyk görüntülərinə əsasən deyə bilərik ki, həmin ərazilər heç də 2018-2019-cu illərdə sıx meşəlik olmayıb. Bu məlumatı yayanları Nazirliyin mütəxəssisləri ilə birgə araşdırmada iştiraka dəvət edirik.

"İlk növbədə Sizə faktoloji məlumatları qeyd etmək istəyirəm. Həmin ərazi 2019-2020-ci illərdə müvafiq olaraq 102 və 165 hektar olmaqla şirkətə müqavilə əsasında uzunmüddətli icarəyə verilib. Məqsəd həmin ərazidə qoz bağının salınmasıdır. Qeyd edim ki, 2020-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı ilə birgə proqramı da mövcuddur. Proqram məhsul bolluğunun yaranması, həmçinin yaşıllığın daha da çoxaldılmasına hesablanıb. Nəzərə almalıyıq ki, bu gün seyrək kolluqlardan ibarət meşəliklərin nə kənd təsərrüfatı, nə yaşıllıq, nə də karbon emissiyası cəhətdən böyük bir əhəmiyyəti yoxdur. Əksinə onlar müəyyən mənada təhlükə mənbəyidir. Böyük meşə sahələrində meydana gələn yanğınlar əsasən belə seyrək və yaşı ötmüş kolluqlardan qaynaqlanır. Bu baxımdan müqavilədə də məqsəd ondan ibarət olmuşdu ki, ərazi uzunmüddətli olaraq icarəyə verilsin, orada qoz bağları salınsın".

Xidmət rəisi bildirib ki, ilkin olaraq şirkət tərəfindən biznes plan təqdim olunub, nazirliyin mütəxəssisləri tərəfindən yerində baxış keçirilib və təbii ki, ərazidə olan az sayda ağaclara toxunulmaması şərti qoyulub.

"Təbii ki, bir neçə yüz hektarlıq ərazidə qoz bağı salınırsa, yaşı ötmüş, qurumuş kolluqların götürülməsi labüddür. Həmçinin qeyd edim ki, meşə fonduna bitişik ərazidə təxminən 100 hektara yaxın bələdiyyə ərazisi də var. Şirkət tərəfindən həmin ərazi də götürülüb və 400 hektara yaxın ərazidə işlər aparılıb.
Biz özümüz də yayılan xəritələrlə bağlı "Google Eart" proqramına daxil olaraq əraziyə baxdıq. 2018-2020-ci illərdə tam başqa mənzərələrdir. Belə olduğu halda mətbuata, sosial şəbəkələrə təhrif olunmuş məlumatların verilməsi anlaşılan deyil. 2020-cu ilin oktyabrında qeyd edilən ərazilərdə kolluqların təmizlənməsi işi dayandırılıb və keçən 10 ay ərzində orada iş aparılmayıb. Şumlama və qoz ağaclarının əkilməsi işləri indi həyata keçirilir. Belə olduğu halda 10 ay ərzində yaşıllığın azalması necə müşahidə edilə bilər?!

H.Əlizadə onu da qeyd edib ki, bütün görülən işlərdə ekoloji aspektlər nəzərə alınır, pozuntular baş verirsə tərəfimizdən cəza tədbirləri görülür. Əgər nöqsanlara yol verilibsə, onların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq. Lakin təhrif olunmuş, saxta məlumatların yayılması, ucuz demaqogiyaya gedilməsi, hətta ictimaiyyəti itaətsizliyə dəvət edilməsi heç cür anlaşılan deyil.

Qeyd edək ki, Qusar rayonu ərazisində Qalacıq meşə sahəsinin 300 hektara yaxın ərazisinin məhv edilməsinə dair sosial şəbəkədə məlumatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.