Cəmiyyət

“Yıxılan qızıma nə təcili yardım çağırılıb, nə ağrıkəsici verilib” - AÇIQLAMA

22 İyun 2021 09:39
Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2 yaş yarımlıq qızım "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzində yıxılıb. Zədələnən uşağı ağrılarla 2 saat saxlayıblar, nə təcili tibbi yardım çağırılıb, nə də ağrıkəsici verilib. Yalnız 2 saatdan sonra məni çağırıblar. Uşağın hansı şəraitdə yıxıldığı məlum deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının anası Nərgiz Əbdürrəhmanzadə feysbuk hesabında yazıb. O qeyd edib ki, övladı həmin mərkəzdə müalicə alıb. İyunun 17-də mərkəzdən zəng edib qızın yıxıldığını və sadəcə əlinin cızıldığını bildiriblər:

"Mən həyacan içində ora getdim. Uşağımı yarı huşsuz və biləyinin şişmiş, əks tərəfində isə dərisi soyulmuş vəziyyətdə gördüm. Uşaq ağlamaqdan və ağrıdan halsız idi. Mən uşağı götürüb yoldaşıma zəng vurdum, o işdən icazə alıb gəldi və biz uşağı xəstəxanaya apardıq. Orada uşağın əlini rentgen edib gips qoyurlar. Həmin mərkəzin baş psixoloqu Aygül Əkbər uşağı zədəli və ağrılarla təqribən 2 saat saxlayıb, nə təcili tibbi yardım çağırıb, nə də ağrıkəsici verib. Məni isə 2 saat sonra çağırıblar. Uşağı müayinəyə aparandan sonra qayıdıb mərkəzdən hadisənin video sübutunu istədim. Cavab olaraq dedilər ki, həmin vaxt işıqları söndüyünə görə video yoxdur. Biz "Azərişığ"a müraciət etdik və bizə bildirdilər ki, həmin vaxt ərzində elektrik şəbəkəsi ilə bağlı heç bir problem yaranmayıb. İndi təsəvvür edin, mənim və yoldaşımın fikrindən nələr keçir..."

Şikayətçi həmçinin iddia edib ki, nə rəhbərlik, nə də cavabdeh şəxslərdən kimsə zəng vurub uşağın vəziyyəti ilə maraqlanmayıb və ya hadisə ilə bağlı üzr istəməyib. 

Şikayətlə bağlı "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov "Qafqazinfo"ya bildirdi ki, azyaşlı qrup terapiyası zamanı oyunda yıxılıb və digər uşaq onun üstünə aşıb. O biri uşağın ağırlığı səbəbindən qızın əli əzilib:

"Təəssüflər olsun ki, belə bir hal baş verib. Hadisə olan kimi ilkin tədbir görülüb, əzilən yerə buz qoyulub və dərhal da valideyninə zəng olunub. Xanıma təklif olunub ki, biz xərcləri də qarşılayaq, bir yerdə uşağı həkimə aparaq. O isə bildirib ki, yoldaşını gözləyir, onunla bir yerdə həkimə gedəcək. Biz axşama kimi onunla əlaqə saxlamışıq, telefonumuza cavab verməyib. Sonradan özü zəng edib və deyib ki, həyəcanlı olub, telefonu unudub. Uşaq müayinə edilib, heç bir problem yoxdur, əlində yüngül əzilmə olub". 

Həmin gün mərkəzdə video qeydlərin aparılmamasına gəlincə isə, R. Bayramov bildirib ki, 17 iyun tarixində səhər saatlarından günorta 16:00-dək qazanxanada texniki dəyişikliklər və təhlükəsizliyin təmin olunması məqsədilə işıqlar söndürülüb: "Bu barədə polisə də məlumat verilib. Çünki əks halda yanğın ola bilərdi. Biz həmin xanımın bu halını anlayışla qarşılayırıq, valideyndir. Amma digər tərəfdən onu anlamırıq ki, biz bütün məlumatları polisə də vermişik, özü də bizim xidmətimizdən razıdır, hətta yenidən Yasamal filialımıza müraciət edib ki, övladını ora yazdırmaq istəyir. Bir tərəfdən də sosial şəbəkələrdə bu xoşagəlməz halı yayır, onu anlaya bilmirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.