Cəmiyyət

“Nə pulumu qaytarırlar, nə evimi verirlər” - AAAF PARK-dan şikayət - VİDEO

14 Sentyabr 2020 21:17
Baxış: 1 989

2015-ci ildə tikintisinə başlanan və 2 il ərzində təhvil veriləcəyi deyilən kompleksdən pul verib ev alan 3 minə yaxın ailə hələ də mənzilinə köçə bilmir. Səbəb isə vəd verilən vaxtdan bir neçə il keçməsinə baxmayaraq, hələ də binaların təhvil verilməməsidir. Söhbət Xırdalanda inşa edilən 22 binadan ibarət AAAF PARK yaşayış kompleksindən gedir.

Milli.Az bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "2015-ci ildə nağd pul ödənilmək şərtilə bizimlə müqavilə bağlandı. 1 il keçdi, dedilər tikiləcək darıxma, 2 il keçdi darıxma. Hələ də indiyə qədər tikib evimizi vermirlər. Nağd 30 min manat pul vermişəm, nə pulumu vermirlər, nə də evimi".

Sakin: "Mən 15 min manat pul vermişəm. Müqaviləyə qol çəkmişik. Sadəcə, göstərilən vaxtdan 3 il keçməsinə baxmayaraq, hələ heç bir irəliləyiş yoxdur. Hələ binaların bünövrəsi də qoyulmayıb, bu biabırçılıqdır".

Şirkətin nümayəndəsi isə hazırda maliyyə problemi ilə qarşı-qarşıya qaldıqlarını və sözügedən binaları tikib, təhvil verməkdə çətinliklərlə üzləşdiklərini deyir.

Kənan Məstəliyev - Şirkətin nümayəndəsi: "Vergi borcları səbəbindən fəaliyyət imkanımız zəifləmişdi. Biz tikintiyə başlamaq istəsək də, lazımi gücü verə bilmirik. Bu səbəbdən də tikinti gecikməsi baş verib".

Vamiq Şükürov - Hüquqşünas: "Yüzlərə insana evi satmaqla vəsaiti əldə cəmləşdirirlər. Onu tikinti materiallarına, o cümlədən inşaat ustalarına ödəyirlər və beləliklə, binaları tikirlər".

Binanın vaxtında tikilmədiyini görən vətəndaş vəziyyətdən çıxış yolunu pulunu geri istəməkdə görür. Bu zaman isə tikinti şirkətinin müəyyən şərtləri ilə üz-üzə qalır.

Vamiq Şükürov - Hüquqşünas: "Ev geri qaytarılarkən, cərimə ödəməlisən. Elə şirkət var ki, ödənişin 20 faizini istəyir ki, bu da vətəndaşa böyük ziyan vurur".

Ekspertlər belə halların qarşısını almaq üçün bu sahəyə dövlət nəzarətinin olmasını vacib hesab edir.

Elnur Fərzəliyev - Ekspert: "Burada dövlətin nəzarəti olmalıdır. Tikinti şirkəti tiksin, satsın, amma vətəndaşa bir zəmanət verilməlidir. Bu zəmanət verilmədiyi səbəbindən bu kimi halların sayı artır. Ona görə də Azərbaycan vətəndaşları digər ölkələrə üz tuturlar".

Yeri gəlmişkən, Türkiyədə bu sahə bələdiyyənin nəzarətindədir. Yəni vətəndaş binadan mənzil almaq istəyəndə, həmin MTK-dan əvvəl ərazidəki bələdiyyəyə yaxınlaşır, tikinti şirkəti və bina haqqında tam məlumat alır. Şimal qonşumuz Rusiyada isə tikinti şirkətləri bu işi banklarla müştərək aparır. Yəni alqı-satqı prosesi tikinti şirkətində yox, banklarda baş tutur. Bu da artıq vətəndaş üçün bir zəmanətdir ki, gələcəkdə hər hansı bir problemlə üzləşməsin.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.