Cəmiyyət

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı SUALLARA CAVABLAR

1 İyul 2020 15:21
Baxış: 10 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxanların sayı artıq 18 minə yaxınlaşır. Yəni əhalinin 0,2 faizi artıq bu bəlaya yoluxub. Düşünün, nə qədər insan virus qarşısında riskli durumdadır. Aprel-may ayları ilə müqayisədə yoluxma sayının təxminən 5 dəfəlik artımı var. Bu isə o deməkdir ki, ictimai nəqliyyatda və ya marketdə maska taxmayan adamın virusa yoluxma riski ötən ayla müqayisədə 5 dəfə artıqdır.

Üstəlik, SARS-COV2 və ya COVİD-19 koronavirusuna yoluxanların sayı statistikadan dəfələrlə artıqdır, çünki Azərbaycanda virusa asimptomatik, yəni simptomsuz yoluxanlar da var.

... "Karantin rejimindən bezdik", "Bütün bunların axı, nə xeyri var?", "Gəzməli, dolaşmalı, açıq havada çoxlu vaxt keçirməliyik", "Azərbaycan hakimiyyəti qarışıq qərarlar qəbul edir", "Bizi evə həbs ediblər" və sair və ilaxır. Sosial şəbəkələrdə ən geniş yayılmış, hər gün təkrarlanan ifadələrdir.

Orta statistik vətəndaşlar belə yazır, bir qədər savadlı, "ekspert" təsiri bağışlamaq istəyənlərsə "karantin rejiminin aylarla uzadılması Azərbaycan iqtisadiyyatına dağıdıcı zərbə vurur" tipli açıqlamalarla çıxış edirlər.

Müqayisə üçün İsveç, ABŞ, Braziliya, Belarus, İsrail, habelə Avropa Birliyinin bir sıra ölkələrinin adları çəkilir. Vurğulanır ki, bəs həmin ölkələrin bəzilərində ümumiyyətlə, sərt karantin rejimi olmayıb, bəzilərində isə rejimin şərtləri xeyli yumşaldılıb.

Tamam, indi nə etməliyik və ya, etdiklərimizin nəyi səhvdir? Karantin rejimi ifrat yumşalmalı, hətta ləğv olunmalıdır?

İsrail koronavirus pandemiyası ilə bağlı şərtləri yumşaltdı və bir çoxunu hətta ləğv etdi, normal sosial həyat və biznesin bərpasına başladı. Lakin ölkədə dərhal koronavirusun ikinci dalğası başlandı, yoluxanların sayı çox böyük sürətlə artdı.

Biznes və sosial həyatın "açıldığı" ABŞ-da da koronavirus yenidən tüğyan edir. Hospitallar virusa yoluxanlarla dolub.

İsveçə gəldikdə isə, karantin rejimini tətbiq etməmiş bu skandinav ölkəsi indi koronavirusdan ölü hallarının sayına görə dünya "lider"idir.

Koronavirusun fəlakət kimi qaldığı bir dönəmdə "divan epidemioloq"ları ilə həvəskar, diletant "ekspert"lərin sayının çoxalması qaçılmaz, gözlənilən məsələdir. Lakin belələrinin "Azərbaycanda karantin rejiminin belə sərt olmasına zərurət yoxdur" demələri və yazmaları aşkar bisavadlıqdır.

Mütəxəssislər nə demək istədiyimi anlarlar.

Mütəxəssis olmayanlarınsa nəzərinə sadəcə, Almaniyanın 19-cu əsrdə epidemiyalarla mübarizəsini xatırlatmaq istəyirəm. Sürətlə inkişaf edən, bazar iqtisadiyyatının tam bərqərar olduğu Almaniyada küçələrə antiseptiklər tökürdülər, həkimlər virusla mübarizədə yoluxub ölürdülər, karantin rejimini pozanları güllələyirdilər.

Epidemiologiya, əzizlər, obıvatel üçün deyil və karantin rejimi ilə bağlı çeynənmiş, nimdaşlaşmış şüarçılıqla məşğul olmaq əvəzinə vəziyyəti anlamaq gərəkdir.

Sadəcə bir, özü də anlamı asan həqiqət var: Azərbaycanda tətbiq olunan karantin rejiminin məqsədi koronavirusa "partlayışlı" yoluxmanın, xəstəxanaların yoluxanlarla dolmasının qarşısını almaqdır. Sosial təcrid sisteminin tətbiqi də məhz risk qruplarına ünvanlanmış qərardır.

Məqsəd yoluxanların 70 faizinin risk qrupundan olanların təşkil etməsinə yol verməməkdir.

Braziliyaya gəldikdə isə, bu ölkədə dövlət səviyyəsində koronavirusla bağlı kliniki kretinizm bizə nümunə ola bilməz, əsla olmamılıdır. Braziliyanın hakimiyyət dairələrinin son aylardakı yarıtmaz davranışı yüz minlərlə ölkə vətəndaşının koronavirusa yoluxmalarının bilavasitə və birbaşa səbəbidir.

Bəli, Braziliyada karantin rejimi olmadı, hamı "azad və asudə" idi. Elə buna görə də on minlərlə insan virusdan "asudə" öldülər.

İndi, bu yazı qələmə alınan anda Braziliyada koronavirusa yoluxanların sayı 1,41 milyon nəfərə, ölənlərin sayı 59656 nəfərə çatıb. Sadəcə, son sutka ərzində ölkədə 33846 nəfər virusa yoluxub.

Və Hindistan... Çox sərt karantin rejiminin tətbiq olunduğu bu ölkədə koronavirusa yoluxanların və ölənlərin sayı 1,6 milyard insanın yaşadığı dövlət üçün heyrətamiz dərəcədə az idi. Lakin indi, karantin rejimi yumşaldılandan və yasaqların tam əksəriyyəti aradan qaldırılandan sonra Hindistandakı vəziyyət pis, hətta çox pisdir.

Belə ki, Hindistanda koronavirusa yoluxanların sayı 585493 nəfərə, ölənlərin sayı 17400-ə çatıb. Son sutkada Hindistanda koronavirusdan 418 nəfər ölüb.

Hindistan da Braziliya və İsveç təki koronavirusla bağlı liberal davrandı. Əslində, Fransa və ya Almaniyada da karantin rejimi ifrat sərt deyildi, fəqət həmin ölkələrdə epidemioloji vəziyyət bəhs etdiyim dövlətlərdən, habelə Azərbaycandan qat-qat yaxşıdır.

Səbəb cəmiyyətdə vətəndaşların fərdi intiham hissidir. Həmin hiss almanlarda və ya fransızlarda bizlərlə müqayisədə dəfələrlə yüksək olduğundan Parisdə və Berlində insanlar asudə dolaşır, restoran və kafelər, mollar və marketlər, muzeylər və ofislər çalışır. Bizdə isə, belə davam edərsə, karantin rejiminin nə qədər uzanacağı bəlli deyil.

Gəlirik əsas məsələyə - özümüzə. "Xalqda günah axtarmayın", "Vətəndaş olaraq hər şeyi etdik", "Günahkar hakimiyyətdir" və sair və ilaxır tipli demaqogiyanı çox eşitdik, indi də davam edir bu açıqlamalar.

Əzizlər, kimsə xalqı aşağılamır, millətdə də suç aramır.

Suçlu əvvəllər "koronavirus yoxdur" deyən, sonra Bill Geytsin çipləmə əməliyyatından və 5G şüalanmasından bəhs edən, indisə "koronavirus mənə heç nə etməz" deyərək ictimai nəqliyyatda və kütləvi yerlərdə maskanı candərdi taxan, taxanda da burnunu çöldə saxlayan, rayonlara min yolla qaçmağa çalışan, karantin rejiminin tələblərini "diktatura və insan haqlarının pozulması" sayan, sosial təcrid və pandemiya şəraitində gigiyena qaydalarına bilərəkdən, inadla riayət etməyən, ən pisi isə sosial şəbəkələrdə "bezdik bu qaramat xəbərlərdən, yetər artıq!" yazan insanlarımızdır.

Bu şəxslərə xitabən yazıram: siz sadəcə, öz həyatınızı riskə atmırsınız. Həyat, səhhət və sağlamlıq sizindir, özünüz bilərsiniz. Koronavirusla bağlı belə davranış, dünyagörüş və mövqe, ətrafınızdakıları "şoudur bu" absurduna təşviq etmək cəhdləriniz, təcrid və gigiyena qaydalarını heçə saymağıız, avtomobilin yük yerində, torpaq yolla olsa belə rayona yollanmaq istəyiniz karantin rejiminin uzandıqca uzanmasına səbəb olacaq.

Məhz sizlər Azərbaycan rayonlarında koronavirusa yoluxanların sayının artmasına səbəb olursunuz.

Məhz sizlər milyonlarla vətəndaşın normal həyat ritminin bərpasına maneə rolunu oynayırsınız.

Əzizlərim, etməyin, eləməyin  - koronavirusa inanmırısnız, xub, inanmayın: amma qaydalara riayət edin.

Birdəfəlik anlayın ki, belə davranış şikayətləndiyiniz, usandığınız, pərişan ollduğunuz karantin rejiminin yenidən naməlum müddətə uzadılmasına birbaşa vəsilə olacaq.

Və ən nəhayət, son məqam. Məsuliyyətsiz davranan, sosial şəbəkələrdə daim hakimiyyəti, həkimləri, aptekləri - bir sözlə, hər şeyi və hər kəsi suçlayan əzizlər, gec də olsa, lütfən, dərk edin: karantin rejiminin uzanması koronavirus pandemiyasına qarşı effektiv mübarizədirsə, yaxın perspektivdə əhalinin sağlamlığına böyük ziyandır.

Yaydır, indi gəzmək, çimərliyə, təbiət qoynuna yollanmaq, istirahət etmək, gəzib dolaşmaq zamanıdır. Məzuniyyətlər dönəmidir. Lakin bütün bunlar yoxdur - karantin rejiminə əməl etməyənlər, məsuliyyətsiz davrananlar ucbatından.

Pandemiya bitərsə, bitəndən sonra növbəti 2 il ərzində dünya, həmçinin Azərbaycan əhalisi arasında psixoz, nevroz, infarkt kimi xəstəliklərin sayı artacaq, intiharlar çoxalacaq, 3 il sonra isə pandemiya yaşamış insanlar arasında şəkər və onkoloji xəstəliklər 3-4 dəfə artacaq.

Xüsusilə gənc insanlarda diabetin kökü məhz bu ərəfədə qoyuldu. Bu günündən və gələcəyindən narahatlıq və nagümanlıq, qorxu, həyəcan insanın bütün qan damar sistemini sıradan çıxarır, mədəaltı vəzin işini pozur, qanda daim stress hormonları normadan artıq olur, immun sistem sönür.

Araşdırmalara görə cəmi 2 həftəlik stress və qorxu insanın immunitetini 3 aylıq söndürür. Bu zaman insanı nəinki virus, hətta digər müxtəlif bakteriya, göbələk xəstəlikləri də tutur.

Orqanizmdə gizli və yatmış vəziyyətdə olan şiş hüceyrələri oyanır, onlara hücum edən qan hüceyrələri isə zəiflədiyindən vaxtında bunu aşkarlaya bilmir. Beləliklə, hər bir insanın zəif orqanı hansıdırsa, o hissədə şiş hüceyrələri aktivləşə bilər. Təbii ki, bir şişin yaranması üçün bir neçə il lazımdır.

Bu da təxminən 3 il ərzində baş verir.

Azərbaycanda karantin rejimi yumşaldılmalı və qısa müddət ərzində aradan qaldırılmalıdırmı?

Cavabım - yox. Vətəndaşlarımızın psixoloji təcrid hissini, emosional gərginliyini, iqtisadiyyata çox ağır yük düşdüyünü və s.-ni anlayıram. Lakin ölkədə epidemioloji durum normallaşmayınca karantin rejiminin ləğvi yoluxanların sayını həndəsi silsilə ilə artıracaq, əhalidə gərginlik səviyyəsini yüksəldəcək, sonucda situasiyanın idarə olunmasında aşkar disbalans yaradacaq.

Möcüzə olmayacaq, yoluxanları və virusdan ölənlərin sayı sürətlə çoxalacaq.

Ona görə də pandemiya şəraitində insanlar arasında sosial təmaslar nə qədər az olarsa, o qədər yaxşıdır.

Yasaqların ləğvi birmənalı olaraq pandemiya üzərində qələbə deməkdir və bu, insanlara emosional baxımdan müsbət təsir edir. Həyat əvvəlki axarına qayıdır, insanların aktivliyi artır, müəssilərdə məsafəli iş rejimi aradan qalxır. Bütün bunlar, heç şübhəsiz, yaxşıdır. Amma durumun faciəsi ondadır ki, iqtisadiyyatı qorumağa çalışan cəmiyyət özünə çox ağrılı zərbə vurur. Aydındır ki, koronavirus Azərbaycanda hamını öldürə bilməz, vətəndaşların ümümi sayının 1-2 faizinin virusdan ölməsi iqtisadiyyatı çökdürməyəcək.

Ancaq heç bir halda insanların səhhəti, sağlamlığı və həyatı ilə iqtisadiyyatın durumunu tərəzinin bir gözünə qoymaq olmaz. İqtisadi inkişafın mənbəyi insanlardır. Məhz vətəndaşlarımız Azərbaycan iqtisadiyyatının inkişaf potensialıdır.

Yeni Zelandiya, Belarus, Hindistan, Britaniya, ABŞ və İsveçdə tətbiq olunmuş "karantinsizlik" modeli göstərdi ki, belədə iqtisadiyyatda heç bir inkişaf olmur. Əksinə, insanların kütləvi şəkildə yoluxaraq öldüyü həmin ölkələrin rəhbərliyi çox gec anladılar ki, indi atdıqları addımları əvvəldən atsaydılar, on minlərlə, yüz minlərlə insanı xilas etmək olardı.

Azərbaycanda karantin vaxtından əvvəl ləğv edilərsə, nə baş verəcək? "Kollektiv immunitet" tərəfdarları bunu xüsusilə aktiv tələb edirlər.

Tamam, fərz edək ki, ölkəmizdə sakinlər arasında kollektiv immunitetin formalaşması üçün karantin rejimi dərhal ləğv olundu. Belədə, 10 milyon vətəndaşımızın COVİD-19 koronavirusundan kollektiv immunitet əldə etməsi üçün təxminən 60 min nəfər ölməlidir. Savaş itkiləri kimi nəhəng rəqəm...

Məhz bu səbəbdən vaksin hazırlanana qədər məhdudiyyət tədbirlərini ləğv etmək olmaz.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.