Cəmiyyət

Azərbaycanda sahibsiz itlər üçün poliqon yaradılacaq

14 Dekabr 2011 14:08
1 Şərh     Baxış: 5 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bunu Trend-ə Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin rəisi Əhməd Məmmədov deyib.

Onun sözlərinə görə, belə poliqonların yaradılması təcrübəsi bır sıra ölkələrdə var. Həmin ölkələrdə sahibsiz itlər tutulur və onlar üçün ayrılmış xüsusi ərazidə saxlanılır. İtlər yaşa dolduqda isə onlara iynə vurularaq öldürülür və daha sonra yandırılır.
Əhməd Məmmədov bildirib ki, poliqon yaradıldıqdan sonra Bakıdakı sahibsiz itlər oraya təhvil veriləcək.

İdarə rəisi qeyd edib ki, hazırda Azərbaycanda sahibsiz itlərdən heç bir məqsədlə istifadə edilmir. Poliqondakı itlərin hansı məqsədlə istifadə ediləcəyinə gəldikdə isə, o bildirib ki, hələlik bu itlərin yalnız saxlanılması nəzərdə tutulur.

"İtlərin poliqona verilərək orada əhliləşdirilməsi məsələsi müzakirə edilmir. Amma bəlkə də gələcəkdə oradakı itlərin dərisindən istifadə edilə bilər. Nəzərə alaq ki, antisanitar şəraitdə yaşadıqları üçün küçə itlərinin dərisi yaxşı olmur. Amma yaxşı qulluq edildikdən sonra onların dərisi də yaxşılaşa bilər", - Əhməd Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda sahibsiz itlər üçün poliqonun yerləşdiyi ərazi hələ müəyyənləşdirilməyib. Bu ərazinin böyük olacağının gözlənildiyini deyən Məmmədov bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da itlərin poliqonu şəhərdən kənarda olmalıdır. "Bu poliqonda itlərin saxlanması üçün lazım olan vəsait dövlət tərəfindən verilməlidir. Eyni zamanda, burada itlərə həkimlər tərəfindən vaxtlı-vaxtında quduzluğa qarşı iynələr vurulmalıdır", - o deyib.

Poliqonun hansı quruma tabe olacağına gəldikdə isə, Məmmədov deyib ki, bu məsələ hələ tam dəqiqləşməyib.

"Poliqonun Sahibsiz İtlərlə Mübarizə İdarəsinə verilməsi mümkündür. Amma ola bilər ki, poliqon başqa bir quruma tabe olsun, biz də sahibsiz itləri tutub ona təhvil verək", - idarə rəisi qeyd edib.

Əhməd Məmmədov bildirib ki, hazırda sahibsiz heyvanlara qarşı sakinlərin müraciəti əsasında mübarizə aparılır. Zərərsizləşdirilən sahibsiz itlərin statistikası isə toplanılmır.

Əhməd Məmmədovun sözlərinə görə, itlər zərərsizləşdirilərkən yalnız xəstə itlər güllələnir. Xəstə itlər baytarlıq xidməti orqanları tərəfindən aparılan müayinələr nəticəsində müəyyənləşir.

"Xəstə heyvanlar ev heyvanları ilə ünsiyyətdə olanda xəstəlik onlara keçə bilir. Gülləni yalnız xəstə heyvanların öldürülməsi üçün istifadə edirik. Amma gələcəkdə itləri iynə və səssiz güllələrlə yatızdırmaq nəzərdə tutulur. Artıq idarə bununla bağlı müvafiq orqanlara təkliflərini verib", - o əlavə edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə müsahibəsində deyib ki, sahibsiz heyvanlara qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Onun sözlərinə görə, sahibsiz heyvanların sayı çoxaldığı üçün ölkə ərazisində qeydə alınan it dişləmələrinin sayı ötən illərlə müqayisədə artıb. Yalnız bu il respublika üzrə 5000-dək it dişləməsi halı olub.

Mərkəzə it dişləmələri ilə bağlı müraciətlər respublikanın bütün rayonlarından daxil olur. Amma belə hallar daha çox şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində qeydə alınır.

Kazımov deyib ki, əgər vətəndaşı it dişləyibsə, zərərçəkən ilk növbədə yaxınlıqda yerləşən tibb məntəqələrinə müraciət etməlidir. Orada vətəndaşa ilkin peyvənd xidməti göstərilməli, quduzluğa qarşı zərdab vurulmalıdır. Bu halda it dişləməsinin fəsadları olmur.

"Ümumilikdə it dişləmələri məlum və naməlum itlər tərəfindən baş verir. Vətəndaşı həyətindəki it dişləyirsə, onun hansı it tərəfindən dişlənildiyi məlum olur. Amma küçədə hansısa it dişləyirsə, onu tapmaq olmur, bu halda hadisə üzrə tədqiqat aparmaq da çətinləşir. Ona görə də sahibsiz heyvanlara qarşı ciddi tədbirlər aparılmalıdır", - Kazımov qeyd edib.

O əlavə edib ki, it dişləmələri ilə müqayisədə siçovul, pişik dişləmələrinin sayı azdır. Bu il ərzində respublika üzrə 300-dək siçovul, pişik dişləmələri qeydə alınıb.

Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Trend-ə bildirib ki, respublika üzrə 240 mindən artıq it, pişik qeydiyyata alınıb və vaksinasiya olunub. Həmin heyvanlara ildə bir dəfə quduzluğa qarşı vaksin vurulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.