Yas mərasimləri təşkili zamanı xərclər müxtəlif amillərdən asılı olaraq dəyişir. Azərbaycanda yas mərasimlərinin keçirilməsi üçün tələb olunan xidmətlər və məkanların qiymətləri fərqli olur.
Milli.Az xəbər verir ki, yas mərasimlərində əsas xərclər mərasim keçirilən məkanın icarəsi, qonaqlar üçün yemək və xidmətlər və digər təşkilati işlərə yönəldilir. Kiçik miqyaslı mərasimlərdən tutmuş genişmiqyaslı tədbirlərə qədər xərclər müxtəlif səviyyədə ola bilər.
Yas mərasimlərinin təxmini qiymətləri belədir:
Sadə yas mərasimi (evdə və ya kiçik zalda): 300-700 AZN
Orta səviyyəli mərasim (zal icarəsi, yemək və xidmətlər daxil): 800-1500 AZN
Genişmiqyaslı yas mərasimi (böyük zal, peşəkar xidmət, yemək): 1500-3000 AZN və daha yüksək.
Qiymətlərə adətən qonaqlar üçün yemək, mərasim zalının icarəsi və süfrə hazırlığı daxil edilir. Bundan əlavə, xüsusi tələblər olduqda, məsələn, çiçəklər, nəqliyyat və digər əlavə xidmətlər də əlavə xərc yarada bilər.
İqtisadçı ekspert Əli Əhmədov bildirib ki, yas mərasimləri adətən gözlənilmədən baş verdiyi üçün ailələr bu vəziyyətə maddi və psixoloji cəhətdən hazırlıqsız olur. Onun fikrincə, mərhumun xatirəsini yad etmək və savab qazanmaq niyyəti ilə xərclənən vəsaitin aztəminatlı tələbələrin təhsilinə və ya ciddi müalicəyə ehtiyacı olan insanların sağlamlığına sərf olunması daha məqsədəuyğun olar.
Onun sözlərinə görə, hazırda yas mərasimlərində paylanan ehsan yeməyinin maya dəyəri təxminən 15-20 manat civarındadır. Buna baxmayaraq, mərasim evləri hər yas mərasimindən 2-3 min manat, ümumilikdə isə aylıq 40-60 min manat arası gəlir əldə edirlər.
O, həmçinin təklif edib ki, dövlət səviyyəsində geniş qəbirstanlıq sahələri ayrılmalı və bu yerlərdə dəfn prosesi vətəndaşlar üçün pulsuz təmin olunmalıdır.
Asya
Milli.Az