Cəmiyyət

Sənət meydanında "Xoruz döyüşü"

20 Aprel 2010 09:56
Baxış: 1 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Filankəs filankəsə xoruz dedi - danq! Filan müğənni hamilədir - danq! Filan müğənninin uşağı olub, ancaq atası məlum deyil - danq danq! Filankəsi filankəs saxlayırmış - danq danq danq!..
Şou verilişlərinin bu zəhlətökən nidaları baş-beynimi o qədər apardı ki, axırda qələmi bir yana, dəftəri də bir yana atıb, şeri başına buraxıb, şoudan yazmağa başladım.

Keçmişdə küçə və meydanlarda xoruz döyüşdürmək xalq arasında geniş yayılmış şou-tamaşalardan biri olub. Adət-ənənələrimizin yaşaması naminə həyatlarını verməyə hazır olan qayğıkeş insanlarımız sağ olsunlar ki, xoruz döyüşü kimi maraqlı bir şounu gələcək nəsillərə çatdırmaq üçün əllərindən gələni ediblər və bu gün də etməkdədirlər. Bəli, çox sevindiricidir ki, bu gün də bu ənənə davam edir. Ancaq qeyd etməliyəm ki, zamanın tələbi ilə bu şouda bir az təkmilləşdirmə işləri də aparılıb. Beynəlxalq standartlara uyğun olaraq, bugünkü  xoruz döyüşünün iştirakçıları xoruzlar deyil, adamlardır, daha da dəqiqləşdirsək, müğənnilərdir. Güman edirəm ki, bəzi müğənnilərimiz xoruz döyüşü şousunda xoruzları əvəz edərək daha canlı, daha mürəkkəb, daha maraqlı rinqlər təşkil edəcəklərinə əmin olduqları üçün bu addımı atırlar. Sadəcə olaraq, onlar xoruz rolundadırlar, yəni aktyorluq edirlər. Day bu ayrı söhbətin mövzusunun sualıdır ki, nəyə görə müğənnilər aktyorluq edirlər. Açığı, mən özüm də bu sualın cavabı üzərində baş sındırıram, hələ bir neçə versiyam da var. Ancaq tam müəyyənləşdirmədiyim üçün bir söz deyə bilməyəcəyəm.
Nə isə, söhbətimiz o yerdə qalmışdı ki, bəzi müğənnilər xoruz rolunu ifa edirlər. Əvvəllər düşünürdüm ki, ayə, görəsən axı nə ehtiyac vardı bu xoruz döyüşünü modernləşdirməyə? Sonradan yavaş-yavaş anlamağa başladım ki, yox, yanılıram. Məsələn, xoruzlar bir-biri ilə döyüşəndə qurt-qurt qurtuldayırlar, bir-birinə nə dedikləri də biz insanlara qaranlıq qalır. Bu da şounu bir az maraqsız edir. Bax, həmin müğənnilərimizin müstəsna xidməti bundan ibarətdir ki, xoruzların nə dediklərini biz insanlara tərcümə edirlər. Bu işdə Faiqin və Nadirin xidmətləri daha qabarıq şəkildə hiss olunmaqdadır. Yeri gəlmişkən, onların hər ikisinə təşəkkür! Şəxsən mən, məhz bu iki sənətkarın məharətini görəndən sonra başa düşmüşəm ki, quş dilini təkcə Süleyman bilmirmiş. Bu yerdə, müğənnilərimizin qeyri-adi istedadlarının, yəni quş dilini bilmələrinin əziz oxucuda şübhə yarada biləcəyini hiss edirəm. Bunun üçün yetər ki, digər unudulmaz və gündəmdən düşməz müğənnimiz Elza Seyidcahanın quşlara, heyvanlara, ağaclara verdiyi konsertləri xatırladım. Elza xanım əgər nəbatatın və heyvanatın dilini bilməsəydi, onlara necə konsert verə bilərdi?
Söz Elza Seyidcahandan düşmüşkən, qeyd etmək istərdim ki, müğənnilər içində bu xanım bəzi qeyri-adi xüsusiyyətləri ilə seçilməkdədir. Hətta o qədər seçilib ki, mənim şair təbimi riqqətə gətirərək özümdən ixtiyarsız, özünə şer də yazdırıb! Şeri diqqətinizə çatdırmazdan öncə istərdim onun yaranma tarixçəsi barədə də məlumat verim.
Deməli, bir gün xəbər saytlarının birində belə bir xəbər yayımlanmışdı ki, bəs Elza Seyidcahan başını keçəl qırxdıracaq! İzah edə bilmirəm, bu xəbəri oxuyan kimi məndə hansı hal yarandı, bir onu bildim ki, xəbəri tez-tələsik Facebook-da paylaşaraq belə bir qeyd verim: "Elza, xahiş edirəm belə eləmə"! Üstündən çox keçməmiş, Finlandiyada yaşayan Güney Azərbaycanlı şair-filosof Güntay Gəncalp mənim qeydimə belə bir şer yazdı:

"Olsun, nə olar, bir kərə olsun keçəl Elza,
Qırxdır başını, kimsəyə qoyma məhəl Elza!

Sən rəqs edərək şərqi deyərkən baxarıq ki,
Daz baaşı ilə yaxşıca olmuş həçəl Elza.

Yalnız bu sənət yurdu ki var, yaxşı məkandı
Olsan da keçəl, bir daha rəqs et də gəl, Elza!

Haqqında sənin yep-yeni bir söyləm oluşsun:
"Ey bağrı çahargah ilə dolmuş keçəl Elza"!

Bəlkəm bu keçəlliklə muğamata dönərsən
Qurbanlı yazar bəlkə də "bəhri-rəməl" Elza.

Sən qorxma saqın, sadəcə bilmən gərəkir ki,
Olmuş da muğamlardakı bilgi təməl, Elza".

Baxdım ki, şair dostumun təbi mənimkindən daha çox riqqətə gəlib və Elza xanıma şer yazmaqda məni qabaqlayıb. Mən də yubanmadan, elə onun yazdığı bəhrdə, qafiyədə və rədifdə belə bir cavab şeri yazdım:

"Onsuz da başın qırxdıracaqdır dəcəl Elza,
Bir işdə qiyamət qoparar, qoysa əl Elza!

Qurbanlı nə şairdi ki? Gəncalpa inansın,
Etsin o deyən sözlərə mütləq əməl Elza!

Mümkündür, ağaclartək adamlar da haçansa,
Baş qırxdıra - yarpaq tökə vəqti-xəzəl, Elza!

Qorxum budu, kəşf etdiyin əlçatmaz ideya,
Tez qəsb edilə, işlənə səndən əzəl, Elza!

Millət də görüb halını ardınca desin ki:
"Nöş şansını əldən qaçırırsan, əfəl Elza?!"

Qurbanlı sənə min yaşamaq arzu edərdi,
Son qafiyə neynim ki gəlibdir "əcəl" Elza..."

Məni qınayan, xahiş edirəm qınama məni. Özün də görürsən ki, son beytdə olan fikri mən demək istəməmişəm, qafiyə özü bu fikri çəkib gətirib. Mən şair adamam, heç qarışqaya da əcəl arzulamaram. İçi Elza xanım qarışıq bütün müğənnilərimizə bir insan kimi yaşamaq arzu edirəm, ən əsası, "Allah saxlasın" deyirəm. Bu söz böyük, eyni zamanda hər mənada deyilə bilən bir sözdür. Mən də elə, hər mənada dedim...

Əvəz Qurbanlı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.