Cəmiyyət

"Ovçu" Yunus Oğuzun növbəti uğurudur

16 Mart 2020 14:39
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu yazıçı-publisist Yunus Oğuzun "Ovçu" romanı haqqında fikir bildirib. 

Qeyd edib ki, tarixi romanlar müəllifi Yunus Oğuz əsərlərində ən aktual mövzuları axtarıb tapmağı bacarıb. Onun əsərlərində bu məqam yeni keyfiyyətdir. Elə bu səbəbdən də müstəqillik dövründə bir sıra tarixi romanlar ərsəyə gətirə bilib. Demək olar ki, bütün əsərlərində Azərbaycan tarixinin müxtəlif məqamlarındakı boşluqları taparaq inkişaf etdirib. Bu əsərdə də tarixi məqamlara müasir baxışdan yanaşılır: "Ovçu" romanı dövlətçilik, azərbaycançılıq məqamlarına toxunduğu üçün müzakirəsi vacibdir. Bu əsəri Yunus Oğuzun uğuru kimi qəbul etmək lazımdır. O, bir yazıçı kimi daim aktual mövzuları qələmə alıb. Onun yaradıcılığındakı tarixi romançılıq və əsərlərinin ərsəyə gəlməsində yeniliklər diqqəti cəlb etməyə bilməz. O, bu əsərində də Azərbaycan, eləcə də Türk tarixinin müxtəlif məqamlarına toxunub və həmin məqamlara müasir baxışdan yanaşıb. Əslində "Ovçu" romanında Aprel döyüşlərinin tarixi mahiyyəti təqdim olunub. Əsərdə yaradılan Murad obrazı bir koddur. Tariximizdə Murad obrazları olsa da hələ ki, bu missiya başa çatmayıb".

Onun sözlərinə görə, əsər gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir: "Hesab edirəm ki, bu missiya davam etdirilməli, yeni-yeni tarixi əsərlər yaranmalı və muradlar gənclərimizə təbliğ edilməlidir. Nəzərə almaq lazımdır ki, belə əsərlər ümumilikdə kütləvi auditoriya üçün  xüsusi əhəmiyyət kəsb edir".  Tehran Əlişanoğlu qeyd edib ki, romanda Ali Baş Komandan, prezident İlham Əliyevin obrazı var: "Bu, romançılıq tarixində nadir hadisədir. Yunus Oğuz cəsarət edib ki, Ali Baş Komandanın obrazını yaradıb. Asan məsələ deyil ki, Ali Baş Komandanın obyektiv bədii obrazını yaradasan. Ədəbi yaradıcılıqda bu obrazın yaradılması çox vacibdir. Bəzən ədəbiyyatımızda sıradan olan mövzuların ardınca gedilərək Azərbaycan vətəndaşına lazımi mesajlar ötürülə bilməyib. Dövlətçilik məqamına, cəmiyyət həyatının həlledici məsələlərinə toxunmaq baxımından belə əsərlərin yaranması vacibdir".    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.