Cəmiyyət

“Xidmət müqaviləsi” altında böyük fırıldaqlar olur - Hüquqşünasdan XƏBƏRDARLIQ

5 Dekabr 2025 16:24
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər vətəndaş müraciətlərindən aydın olur ki, dələduzluq cinayətləri yeni formalar alaraq mülki münasibətlər görüntüsü altında həyata keçirilir.

"Klassik dələduzluq sxemlərində şəxs özünü təqdim edir, nəyisə etməyi vəd edir, etibar qazandıqdan sonra pul alır və öhdəliyini yerinə yetirmir. Bu halda cinayət hüquqi qiymətləndirilməsi asan olur və cinayət təqibi sürətlə başlayır".

Milli.Az xəbər verir ki, bunu hüquqşünas Bəhruz Orucov deyib.

Onun sözlərinə görə,  indi daha mürəkkəb metodlardan istifadə edilir. Şəxslər əvvəlcə kommersiya qurumu təsis edir, fəaliyyətini "xaricdə təhsil", "mənzil təmiri", "mühasibat xidmətləri" və s. adı ilə rəsmiləşdirirlər:

"Vətəndaşla yazılı müqavilə bağlanır. Müqavilədə göstərilən xidmətlərin bir qismi faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan və ya yerinə yetirilməsi əvvəlcədən nəzərdə tutulmayan öhdəliklərdən ibarət olur.
Misal: xaricdə təhsil xidmətləri göstərdiyini iddia edən şirkət valideynlə müqavilə bağlayır, ödəniş alır, lakin sonradan bildirir ki, tələbə qəbul olunmayıb. Şirkət pulu yalnız müəyyən hissəsini geri qaytarır və bunu "xidmət haqqı" kimi əsaslandırır. Kağız üzərində hər şey qanuni görünür-müqavilə var, ödəniş var, hətta bəzən saxta sənədlər də təqdim edilir.

Oxşar hallar evlərin təmiri ilə bağlı da geniş yayılıb. Şirkət cəlbedici qiymətlərlə təmir təklif edir, müqavilə bağlanır, vəsaitin böyük hissəsi əvvəlcədən alınır. Sonra isə evdə yalnız simvolik işlər görülür və vətəndaşa bildirilir: "Narazısansa, məhkəməyə müraciət et". Bu halda polis müqaviləyə və görülmüş cüzi işlərə əsaslanaraq məsələni mülki mübahisə hesab edir və cinayət işi başlamır.

Bununla belə, sonradan eyni şəxslərin eyni üsulla digər vətəndaşları aldatdığı aşkarlanır və həmin şəxslər barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanır. Bu hallar göstərir ki, əslində mülki müqavilə pərdəsi altında cinayət niyyəti gizlədilmiş olur.

Ali Məhkəmə Plenumunun mövqeyinə görə, mülki müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, müqavilə bağlanmazdan əvvəl şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətinin olması sübuta yetirilsin. Əks halda məsələ mülki mühakimə icraatında həll olunmalıdır".

Bəs bu niyyəti necə müəyyən etmək mümkündür?

"Problem ondadır ki, dələduzlar peşəkarlaşıb və cinayət niyyətlərini gizlətməyi yaxşı bacarırlar. Onlar bilirlər ki, müqavilə bağlamaq, simvolik iş görmək və müəyyən məbləği geri qaytarmaq cinayət təqibini çətinləşdirir.
Bu səbəbdən vətəndaşlar aşağıdakı məqamlara xüsusi diqqət yetirməlidirlər. Bazar qiymətindən kəskin ucuz xidmətlərdən çəkinmək. Ödənişi tam deyil, mərhələli qaydada etmək. Şirkətin real fəaliyyətinə, ofisinə, işçi sayına və əvvəlki işlərinə dair sübut tələb etmək. Müqavilədə məsuliyyət tədbirlərinin (cəza şərtləri, təminat mexanizmləri və s.) göstərilməsini tələb etmək".   

Unutmaq olmaz ki, pulsuz pendir yalnız siçan tələsində olur. Mülki müqavilə işin qanuni göründüyünü təsdiqləmir. Əgər müqavilə bağlanmazdan əvvəl şəxsin məqsədi vətəndaşı aldatmaq və onun əmlakını ələ keçirmək idisə, bu artıq cinayət, dələduzluqdur.       

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.