Cəmiyyət

Xaricdə özünü səfir kimi görən azərbaycanlı - FOTO

23 Avqust 2019 23:05
1 Şərh     Baxış: 2 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tural Abdulla: "Xaricdə yaşamaq insanı həyata hazırlayır, dünyaya baxışını dəyişir"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Baltik dənizi ətrafı ölkələri araşdırmağı, öyrənməyi çox sevir. Xaricdə təhsil üçün ilk müraciətində Macarıstanı seçsə də, 2-ci dəfə Estoniyaya gedir. Artıq bir neçə ildir ki, orada yaşayır. Deyir ki, estonlar çox sakit və soyuqqanlı xalqdır. Gözlərinin qarşısında yıxıl öl, veclərinə olmaz. MüsahibimizEstoniyada Beynəlxalq münasibətlər üzrə təhsil alan Tural Abdulladır. Tural ilk ali təhsilini Azərbaycan Xəzər Universitetində regionşünaslıq fakültəsində Avropaşünaslıq üzrə alıb. Universiteti bitirdikdən sonra 6 ay Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində təcrübə keçib. Təcrübə müddəti bitdikdən sonra isə biliklərini artırmaq üçün xaricdə təhsil almaq qərarına gəlir. Həmsöhbətim deyir ki, xaricdə təhsil üçün Macarıstan, Avstriya, Estoniyaya müraciət edir və hər üç ölkəyə də qəbul olmaq şansı qazanır: "İlk dəfə 2011-ci ildə bu hər üç universitetdən qəbul cavabı aldım. Amma ailəmin və tanışların təkidi ilə Macarıstanı seçdim. Lakin oradakı təhsil məni qane etmədiyi üçün yarımçıq qoyub, ölkəmizə qayıtdım. Bir ilə yaxın Fövqəladə Hallar Nazirliyində işlədikdən sonra təhsil almaq üçün yenidən Estoniya müraciət etdim və qəbul oldum. Qeyd edim ki, təhsilimi Estoniya Xarici işlər Nazirliyi "Eastern Partnership" proqramı çərçivəsində maliyyələşdirirdi. Bu çərçivədə qəbul olduğum Tartu Universitetində təqaüd alan 2 tələbədən biri idim".

- Maraqlıdır, nə üçün 2-ci dəfə başqa ölkəni yox, məhz Estoniyanı seçdiniz?

- Baltik dənizi ətrafı ölkələrini öyrənmək mənim üçün daha maraqlı idi. Düşünürdüm ki, balaca bir ölkə necə olub ki, bu qədər inkişaf edib, ciddi nailiyyətlər əldə edə bilib. Həm də azərbaycanlıların seçmədiyi bir ölkəni seçmək istəyirdim. Çünki gənclərimiz xaricdə təhsil üçün daha çox Almaniya, İtaliya, İngiltərəni seçirlər. 
 
- Necə düşünürsünüz, xaricdə təhsil almaq şərtdirmi?

- Xaricdə də olmasa təhsil mütləqdir. Amma xaricdə təhsil almağın üstünlükləri çoxdur. Bir növ dünyaya baxışınızı dəyişir. Mənim üçün xaricdə təhsil almaq, sadəcə yeni biliklər qazanmaq deyil, həmçinin ölkəmizi dünyaya tanıtmaqdır. Harada olursa olsun başqa ölkədə olduğum zaman özümü Azərbaycanın gənc səfiri kimi görürəm (gülür). Bundan başqa, xaricdə təhsil özünü həyata hazırlamaqdır. Çünki burada tək qalırsınız və tanımadığınız bir diyarda özünüzü hərtərəfli təkmilləşdirirsiniz. Öz fikirlərinizi heç kimin təzyiqi olmadan formalaşdırırsınız. Səhv də edə bilərsiniz, sadəcə, əsas odur ki, səhvi təkrarlamayasınız. Yaşadığınız ölkədə hər bir millətdən insanla qarşılaşırsınız və onların mədəniyyətləri ilə tanış olub, diskussiyalar aparırsınız.
 
- İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

- Azərbaycanda Xəzər Universitetində təhsil almışam. Bura bizim ən prestijli universitetlərdən sayılır. Amma iki ölkə arasında təhsil fərqləri çoxdur. Düzdür, hər 2 universitetdə təhsil ingilis dilindədir, amma dərs keçmə metodları çox ayrıdır. Azərbaycanda təhsildə əsasən mühazirə tipli olur, yəni dərslər daha çox müəllimlər tərəfdən izah olunur, sonra evə tapşırıq kimi eyni materiallar oxunmağa verilir və əzbərçiliklə eynisi soruşulur. Tartu Universitetində isə mövzular əsasən ev tapşırıqları əsasında öyrənilir, növbəti dərsdə bu mövzular müzakirə şəklində müəllimin müşayiəti ilə genişləndirilir. Beləcə, tələbələr arasında diskussiya olur və bilmədiyimiz bir şeyi müzakirə edərək əlavə bilik kimi əldə edirik. Ekskursiyalar təşkil olunur. Məsələn, konfliktologiyayla bağlı Kiprə ekskursiya etmişik. Beləcə, həm dərsi, tarixi, həm də hər iki tərəfin (həm yunan, həm türk tərəfinin) maraqlarını öyrənirik. Diplom işinə gəldikdə isə, Azərbaycanda mən diplom işimi 2-3 aya yazıb qurtarmışdım. Burada isə bu qeyri-mümkündür. Kimdən soruşsanız ən azı 1-2 semestr saxlayıblar. 
 
- Xarici ölkəyə gedən tələbələrin mətbəxə öyrəşmək məsələsi də var. Estoniya mətbəxinə alışmaq çətin olmadı ki?

- Azərbaycan mətbəxindən sonra Eston mətbəxinə öyrəşmək çox çətindir. Estonların demək olar öz milli yeməkləri yoxdur. Almansayağı mətbəx desək daha doğru olar. Əsas yeməkləri: qan sosisi, kartof, bişirilmiş kələm və selyodka. Ətlərdən daha çox donuz əti yeyilir, amma əlbəttə ki, mən bir azərbaycanlı olaraq donuz ətindən uzaq qaçıram. Evdə yemək bişirməyən mən burada yemək bişirməyi öyrəndim (gülür). Bəzən evdə anamdan milli yeməklərin reseptini soruşanda, "indi də aşpazlığa keçəcəksən" deyə zarafat edir. Amma inanın mənə bu heç də çətin iş deyil. Məncə, hər kəs yemək bişirməyi, paltar yumağı bilməlidir. Onu da qeyd edim ki, bu yaxınlarda plov bişirməyi öyrəndim. Çox gözəl də alındı, xarici dostlarım bəh-bəh ilə yeyirlər.
 
- İlk getdiyiniz dövrlərdə çətinlikləriniz oldumu?

- Əlbəttə, hər bir yerə getdiyimiz zaman çətinliklər üzə çıxır. Ən əsaslardan biri yemək olsa da, bir digər məsələ Estoniyanın qışı idi. Hava gün ərzində cəmi 4 saat işıqlı olur, qalan vaxt qaranlıq. Buna hələ də öyrəşə bilmirəm. Bundan başqa, havanın temperaturu qışda -25-30 dərəcəyə qədər enir. Başqa öyrəşə bilmədiyim isə yataqxanada otağı bölüşməkdir. Bəzən eyni otaqda qaldığın şəxslə xarakterlər tərs mütənasib ola bilər. O zaman çox çətin olur. Bir də əlbəttə ki, ailə və gözəl yurdunun həsrəti. Başqa yerdə olduqda insan doğmaları üçün tez darıxır.
 
- Maraqlıdır, xərclərinizi necə qarşılayırsınız?

- Xərclərim təhsil aldığım zaman Estoniyanın Xarici İşlər Nazirliyi tərəfindən ödənilirdi. Təhsil haqqından tam azad idim və aylıq 400 euro pul məvacibi alırdım. Bu isə Tartu kimi balaca şəhərdə yaşamağa bəs edirdi. Sonradan işlə bağlı Tallinə köçdüm.
 
- Bir az da yaşadığınız ölkədən danışaq. Estoniyanı bizə təsvir edə bilərsiniz?

- Estoniya 1.5 milyonluq balaca bir ölkədir. Baltik ölkələrinin hamısı bir yerdə əhali sayı Bakımıza çatar, ya çatmaz. Bizim kimi postsovet ölkəsi olsa da, bizdən çox qabaqdadır. Əlbəttə, burada ən əsas səbəb Avropa ölkələrinə yaxın olmaları və müstəqillik qazanandan sonra böyük yardımlar almalarıdır. Ölkə informasiya texnologiyaları üzrə çox inkişaf edib. Hər şeyi çox asanlıqla internet vasitəsilə edə bilərsiniz. Hətta, səsverməni belə internetlə bir neçə dəqiqədə etmək olar. Onu da qeyd edim ki, yaşama hüququ almaqla Tallində bütün nəqliyyatlardan pulsuz istifadə edə bilirəm. Ən çox model qızlar bu ölkədən çıxır (gülür) . Ölkədə 2000 dən çox balaca ada var. İstifadə etdiyimiz Skype, Taxify (Bolt) bu ölkənin məhsullarıdır. Sevdiyimiz Karlssonun illüstrasiyasını hazırda İsveçdə yaşayan eston İlon Wikland yaradıb. Burada dinə elə də inanmırlar və ölkə əhalisinin hardasa 30% -i ruslardır.
 
- Estonların özləri necədir, gəlmələrə münasibətləri necə olur?

- Estonlar ümumilikdə sakit və soyuq millətdir. Qarşılarında yıxıl öl, veclərinə olmayacaq (gülür). Xaricilərə münasibətləri yaxşıdır, sayları az olduqları üçün əhalini çoxaltmaq üçün xaricilərin burada yaşamasına önəm verirlər. 
 
- Hansısa fərqli bir adət-ənənələri varmı?

- "Jaanipäev", yəni 'midsummer' gününü qeyd edirlər. Bizim Novruz bayramımızın eynisidir. Bu zaman bizdəki kimi böyük tonqal qalanır və tonqalın ətrafında mahnı oxunulur, rəqs edilir. Yelləncəkdə fırlanmaq, ərlərin qadınları daşıması kimi qəribə milli oyunları da var. Hər 4-5 ildən bir Tallində  Estoniya mahnı festivalı təşkil olunur. 

- Təhsiliniz bitdikdən sonra qalmağı düşünürsünüz, ya qayıtmağı?

- Hazırda 5 illik yaşama hüququ aldığımdan geriyə qayıtmağı düşünmürəm. Əlbəttə, ölkəmi sevirəm, amma, məncə, burada özümü şəxsi və professional cəhətdən daha da inkişaf etdirə bilərəm.
 
- Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətiniz?

- Əgər doğurdan da məqsəd ixtisas artımıdırsa gəlsinlər, amma dəyişimə də hazır olsunlar. Burada bir çox azərbaycanlı görmüşəm ki, gəlir, amma ölkəyə uyğunlaşmaq, inteqrasiya etmək istəmir. Bu isə Azərbaycan haqqında neqativ fikirlər yarada bilər. Bəzi tələbələr hətta universitetə qəbul olsunlar deyə motivasiya məktublarını başqalarına yazdırırlar. Məncə, onlar gəlməsə daha yaxşıdır (gülür). Çünki əgər motivasiya məktubunu çətinliklə yazırlarsa, dərslərdə 5-10 səhifəlik yazıları kimə yazdıracaqlar? Ən əsası, xaricdə yaşamaq sizləri həyata hazırlayacaq. Xaricdə insanlar artıq yetkinlik yaşına çatdıqda ailələrindən ayrılaraq bunu edirlər. Biz də isə bu, yalnız xaricdə təhsil aldıqda mümkün olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.