Cəmiyyət

Balaca qızın ev tapşırığı

21 May 2019 21:59
0 Şərh     Baxış: 1 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Bir kompyuter oyunu vardı. 1972-də Atari tərəfindən hazırlanmışdı. "Pong" stolüstü tennis oyunu idi, ekranda iki düzbucaq və bir nöqtədən başqa heç nə yoxdu. Onu indiki yeni nəsil oyunlarla müqayisə edəndə çox gülməli görünür. 3D simulyatorlu oyunlardakı görüntüləri realdan ayırd etmək çətindir. Artıq reallıq simulyasidan, kopiyadan fərqlənmir - reallığın daha real kopiyaları kimi bir durum var ortada. Ehtimal ki, hansısa yüksək inkişaf etmiş bir mədəniyyət bu yolu çoxdan keçib və bizim dünyamız onun eksperimentlərindən biridir.

Mənim diqqətimi buna ilk dəfə tanınmış vəkil Adil İsmayılov çəkmişdi. Hüquqşünas olmasına rəğmən yaxşı riyazi təfəkkürə sahib Adil Bəy Bəşəriyyətin bir simulyasiya olduğunu iddia edirdi. Bu iddiasını kompyuterdə oynadığı strateji oyunlara bağlamış, söylədiklərinə inanmaq istəməmişdim. Ancaq İlon Maskın kitabını tərcümə etdiyim zaman yenidən bu mövzuya geri qayıtdım. "Ya biz reallıqdan fərqi olmayan simulyasiyalar yaratmalıyıq, ya da bəşəriyyət məhv olub gedəcək", - İlon Mask belə yazır kitabında. Sanki Mask Bostromun "Biz kompyuter simulyasiyasındamı yaşayırıq?" adlı məşhur əsərinin təsiri altına düşüb.

***

Nik Bostrom (isv. Niklas Boström, 1973) tanınmış İsveç filosofu, Oksford universitetinin professorudur. Əsas maraq dairəsi virtual reallıqlar, qlobal fəlakətlər və trans-humanizmdir. O, mütəmadi olaraq mediada klonlaşdırma, süni intellekt, krionika kimi mövzularda məqalələr yazır. Bostrom Oksfordda qurulmuş "Bəşəriyyətin Gələcəyi İnstitutu"nun (Future of Humanity Institute) direktorudur.

Nüfuzlu Yale universitetində çalışdığı zaman qələmə aldığı məşhur məqaləsi elm dünyasını lərzəyə salmışdı. Onun bu fəlsəfi essesi Dünyanın dərk edilməsinə ciddi təsir etmiş, qaldırdığı "Bizim həyatımız mürəkkəb kompyuter modelindənmi ibarətdir?" sualı son illərin ən çox müzakirə olunan məsələsinə çevrilmişdi. Baxış rekordları qıran "Matris" filmini görənlər bu ideyanı yaxşı anlayacaqlar. Filmdə insanlar süni intellektə malik super-kompyuterlər tərəfindən modelləşdirilmiş reallıqda (yəni "Matrisdə") yaşayırlar. Maraqlıdır ki, buna inanan insanların sayı gün keçdikcə artmaqdadır. Bədənlərimizin bu maşınlar üçün bio-kimyəvi batareyalardan ibarət olduğunu düşünəndə diksinməmək mümkün deyil. İlk baxışda Bostromun "Simulyasiya hipotezi" filmdəki kimi qorxulu deyil. Hipotezdə nə orakullar var, nə də zamanın yavaşlaması. Burada həyəcana səbəb olan xüsus gələcək haqdakı hipotezlərdən birinin doğru çıxması ehtimalıdır.

"Böyük bir ehtimalla Bəşəriyyət trans-humanizm adlanan post-insan mərhələsinə keçənə qədər məhv olacaq".

Bostroma görə trans-humanizm dövrü insanın bütün elmi-texnoloji nailiyyətlərə sahib olandan sonra gələcək. Bura reallığın kompyuter modelini yaradan inqilabi yeniliklər də aiddir. "Bizim simulyasiyanı hazırlayan post-insanların özləri də yəqin ki, kimlərsə tərəfindən, onlar da öz növbəsində başqaları tərəfindən modelləşdiriliblər. Reallığın bir çox səviyyələri ola bilər və onların sayı da zamanla artır" - müsahibələrindən birində Nik Bostrom belə deyir. Bostromun hipotezinin doğruluğunu qəbul edərsək modern insanlar bir müddət sonra virtual dünyaların "yaradıcı"sına çevrilə bilər.

Bostromun bu hipotezi haqda düşünərkən 20-25 il əvvəl yaşanan "Tamaqoçi" çılğınlığını xatırladım. Yadınızdadırmı, hamı uşağına elektron yapon oyuncağı alırdı. "Yumurta" və "saat" sözlərinin birləşməsindən yaranan "Tamaqoçi" kəlməsi çocuqların dilindən düşmürdü. Satışa çıxdığı il yumurta formasındakı oyuncaq 40 milyondan çox satılmışdı. Oyunun prinsipi yumurtadan çıxan heyvana ölənə qədər qulluq etmək idi. Oyuncaq sahibi cücəni yedizdirməli, onunla oynamalı, onu yaşatmalıydı. Bir sözlə, hər şey bir canlının həyatının imitasiyası idi. "Tamaqoçi"ni ilk gördüyümdə diksinmiş, virtuallıqla reallıq arasındakı xəttin nə qədər incə olduğunu anlamışdım. Bu səbəbdən də kiçik qızıma "Tamaqoçi" almamışdım...

* * *

Rizwan Virk özünün yenicə çapdan çıxmış "The Simulation Hypothesis" (Simulyasiya Hipotezi) adlı kitabında Bostromun iddialarını qəbul edir. Virk Silikon vadisinin tanınmış iş adamı, yazar və kino prodüsserdir. MIT və Stanford məzunu olan Virk kitabında bizi əhatə edən reallığın simulyasiya olduğunu və hər bir insanın kompyuter oyununda müəyyən rol və vəzifə icra etdiyini iddia edir. "Yer kürəsi və Kainat da daxil gördüyümüz hər şey olduqca mürəkkəb online-oyunun bir hissəsi, insanlar isə onun oyunçularıdır", - Virk belə deyir. Alim kitabda modern texnologiyalardan "Simulyasiya nöqtəsi"nə qədər olan yolu da araşdırır. Virkə görə "Simulyasiya nöqtəsi" insanın öz "Matris"ini qura biləcəyi an, zamandır.

"Okkam ülgücü" prinsipinə görə "Hansısa bir hadisəni anlamaq üçün bir neçə məntiqi izah varsa, doğru olan ən sadə olanıdır". Əgər məsələyə bu prinsipdən baxsaq, o zaman simulyasiya ideyasından vaz keçmək lazımdır, çünki Material Dünya daha sadə olanıdır. Ancaq Virk hamını heyrətə gətirir - "Əgər bəzi fiziklərin dediyi kimi hər şey informasiyadan ibarətdirsə, onda bizim dünya heç o qədər də material deyil. O zaman simulyasiya ən sadə olan izahdır". Və əgər Bostromun yazdığı kimi hansısa bir mədəniyyət inkişaf edib simulyasiya yaradıbsa, onda o mədəniyyət yaratdığı ilə kifayətlənməyib, mılyardlarla bənzər simulyasiyalar yarada bilər. Başqa sözlə, statistik olaraq ehtimal ki, biz insanlar bioloji varlıqlar deyil, şüur verilmiş "modellərik".

Vox dərgisinə verdiyi müsahibədə Rizwan Virk belə deyir: "Ən əsas məsələ insanların bu video oyunda NPC və ya PC olmasıdır, yəni biz oyunun aktiv iştirakçısıyıq yoxsa passiv? Əgər insan PC-dirsə onda biz "Böyük Simulyasiya"nın oynayan personajıyıq. Yox, əgər bizə NPC rolu biçilibsə, onda simulyasiyanın məqsədi nədir? Güman ki, bizim "Matris"in xaricində hansısa ürküdücü bir dünya var ".

* * *

Yazılarımda tez-tez Rey Kurtzveylin futuristik fikirlərinə yer verirəm. Ona "hər şeyi təxmin edən adam" deyirlər. Kurtzveyl (Raymond Kurzweil, 1948 d.) görkəmli futuroloq, mühəndis, Google şirkətinin texniki direktorudur. Zəmanəmizin ən parlaq düşüncə adamlarından olan bu "texnologiya kahini" Süni İntellektin İnsan zəkasını keçəcəyini hələ illər əvvəl demişdi. Son yazılarından birində hesablama texnologiyalarının gücünün fantastik sürətlə artacağını dilə gətirən Kurtzvel qarşıdakı 50 il içində onların hüdudsuz imkanlara malik olacağını söyləyir. Belə olunca insan ağlasığmaz fürsətlər əldə edəcək. Bu isə öz növbəsində Bəşəriyyətin yeni eraya - post-insan erasına qədəm basması demək olacaq.

Kurtzvelə görə post-insan erası müxtəlif forma ala bilər. O, bizim modern zəmanəyə də bənzəyə bilər, radikal fərqlənə də. Məşhur futuroloqun kəhanətinə görə yeni Bəşəriyyətin tam olaraq hansı yöndə inkişaf edəcəyini bu gün söyləmək çətin olsa da bir şeyi dəqiq demək olar: Post-insan erası sonsuz hesablama güclərinə sahib olacaq. Və buradakı yüksək inkişaf planetləri və digər astronomik obyektləri Super-Kompyuterlərə çevirəcək (bu cümləni anlamağa təşəbbüs edəndə belə insanın nəfəsi daralır-İ.N.). Bu möhtəşəm gücün yuxarı hədlərini təxmin etmək belə bu gün imkansızdır.

Rey Kurtzvel riyazi modelləşdirmə ilə aşağıdakı 3 kəhanətdə bulunur. Nə qədər ürpərdici və vahiməli olsa da onları sizinlə paylaşıram:

1.Çox böyük ehtimalla biz, yəni insanlar post-insan mərhələsinə qədər bioloji növ olaraq Yer üzündən silinəcəyik,

2.Çox az ehtimalla hər post-insan mədəniyyəti intibahı imitasiya edən çox sayda simulyasiya (model) yaradacaq.

3.Heç şübhəsiz ki, biz kompyuter simulyasiyasında yaşayırıq.

Kurtzvel bu üç variantdan birinin doğru (!) olduğunu deyir və nöqtəni qoyur. Hələlik gerisini bu məqaləni sona qədər oxuyan diqqətli oxuyucuya buraxıram - Siz hansı variantı seçirsiz?...

Məqaləni bitirib son dəfə gözdən keçirirdim ki, "Telegram"da izlədiyim bir blogdan mesaj gəldi: "Əfsanəvi Tamoqaçi oyuncağının yeni versiyasının istehsalına başlanılır". 20 illik fasilədən sonra populyar oyun yenidən satışa çıxır - bu səfər ekranı rəngli olacaq, canlılar evlənə biləcək, uşaq sahibi olacaqlar (!!!), yəni simulyasiyanı normal həyatdan heç nə fərqləndirməyəcək.

Əlimi başımın arasına alıb düşünməyə başlayıram: Mən simulyasiyayam yoxsa tamoqaçilər? Bəlkə mən də, elə bu sətirləri oxuyanlar da post-insan erasındakı balaca bir qız tərəfindən yaradılmışıq və biz hamımız o qızın ev tapşırığıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.