Cəmiyyət

"İnsan alveri edən qadın dəstəbaşılarının xarici ölkələrdə sevgililəri var..."

9 Aprel 2010 12:21
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalovanın Milli.Az xəbər portalına müsahibəsi


- Azərbaycanda insan alveri ilə bağlı vəziyyəti sizin təşkilat necə qiymətləndirir?


- Cari ilin 3 ayı ərzində 12 insan alveri qurbanı müəyyən edilib. Onlardan 6 nəfəri insan alveri qurbanları üçün sığınacaqda yerləşdirilib. Qurbanların bəziləri sığınacaq xidmətindən istifadədən imtina edib. Qurbanlar əsasən 18-35 yaşlı qızlardır. Onlar asosial ailələrədən olanlardır. Bəzilərinin valideyni spirtli içki aludəçisidir, digərini anası atıb, bir qismi isə yarımçıq və savadsız ailələrdən olan uşaqlardır. Ancaq statistika göstərir ki, Azərbaycanda insan alveri qurbanlarının sayında azalma var. Belə ki, 2008-ci ildə 101, ötən il 91 qurban müəyyən edilib.

- İnsan alveri ilə bağlı yeni marşrutlar müəyyən edilibmi?

- Hazırda yeni marşrutlar müəyyən edilməyib. Əvvəllər Rusiyada cinsi istismarla bağlı məlumat yox idi. Ancaq hazırda cinsi istismar məqsədilə Rusiya və İrana aparılan qadınlar müəyyənləşib.

- Azərbaycanda intihar edənlər daha çox qadınlardır yoxsa kişilər? İnsan alveri olan qadınlar intihara əl atırmı?

- Bütün dünyada tendensiya belədir ki, intihar edənlərin əksəyriyyəti kişilərdir. Azərbaycanda da belədir. Lakin intihar edənlərin arasında qadınlar da çoxdur. Amma bu vaxta kimi, insan alverinin qurbanı olan qadınlardan özünü öldürməsi ilə bağlı fakt aşkar edilməyib.

- Bəzən qəzetlərdə xaricdə iş təklif edən şübhəli elanlara rast gəlinir. Bu elanların monitorinqi aparılırmı?

- Qəzetlərdəki xaricdə iş təklif edilən elanlarla bağlı hər hansı monitorinq aparmırıq. Təkcə Qadın Hüquqşünaslar Təşkilatı qəzetlərdə gedən elanlarla bağlı monitorinq aparır və şühəli görünən elanlarla bağlı aidiyyəti qurumlara məlumatlar verilir. İstənilən halda artıq elə bir vaxt yetişib ki, qəzetlər xaricdə iş elanı verərkən həmin elanların yanında QHT-lərin məlumat xarekterli məqalə və materiallarını yerləşdirməlidirlər. Elanı oxuyan şəxsin onun düzgünlüyünü yoxlamaq imkanı olmalıdır.

- İnsan alveri ilə bağlı cinayəkarlar mütəmadi olaraq məsuliyyətə cəlb olunsa da, bu tip cinayətlərin kökü kəsilmir. Sizə elə gəlmir ki, insan alveri ilə məşğul olan dəstə başçısı özünü qorumaq üçün yalnız qurbanını qurban verir...

- Azərbaycanda mütəşəkkil dəstə, transmilli cinayətkar qrupun olması ilə bağlı mənzərə yaradılır. Ancaq Azərbaycanda insan alverinə qarşı mübarizə dövlət tərəfindən dəstəklənir. Əmin edirəm ki, Azərbaycanda elə bir formada mafioz qruplar yoxdur. İnsan alveri cinayətinin azalmamasının səbəbi odur ki, əsasən qurbanı öz yaxını aldadır. Qeyri-ciddi adamlar düşünür ki, bununla qazanc əldə edə, məsuliyyətdən yaxa qurtara bilər. Qohum-əqraba öz aralarında toplaşaraq asan yolla qazanc əldə etmək, həyatlarını dəyişmək istəyirlər. Bu məqsədlə də onlar ətraflarına yaxınlarını, dost-tanışlarını toplayaraq Türkiyə, Dubay və digər ölkələrə apararaq cinsi istismara məruz qoyurlar. Onların bir qismi hansısa məqsədlə seks-turuzm məqsədilə xarici ölkəyə gedib görür ki, bu, gəlirli işdir. Və bundan sonra bu işə başlayırlar. Çünki tutulan cinayətkar qadının bəzilərinin həmin xarici ölkələrdə sevgilisi də var. Biri göndərir, digəri qarşılayır. Yəni, bu cür qruplar mövcuddur. Ancaq kənar şəxlərdən ibarət böyük qruplar yoxdur.

- İnsanların xarici ölkələrdə qazanc və xoşbəxtlik axtarmaq istəyi nə vaxtsa sona çatacaqmı?

- Düşünürəm ki, yaxın zamanlarda Azərbaycanda xarici ölkələrdə xoşbəxtlik axtarmaq ümidləri yekunlaşacaq. Çünki artıq başa düşürlər ki, xaricdə onların düşündüyü kimi böyük qazanc və xoşbəxtliklər yoxdur. Xoşbəxtlik insanın öz ölkəsindədir. Sadəcə olaraq peşə və bilik bacarığını artımaq lazımdır ki, xaricə peşə fəaliyyətinə uyğun səfər edəsən və yaxud gəzməyə gedəsən. Asan qazanc üçün xaricə getmək düzgün hədəf deyil.  


Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.