Cəmiyyət

Azərbaycan nəzərini kosmosa yönəldir

13 Fevral 2018 19:25
0 Şərh     Baxış: 1 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

INTERNATIONAL POLICY DIGEST, ABŞ

Müəlliflər: Fuad Ələkbərov, Robert İnqlis

Sovet İttifaqı qlobal kosmos yarışında əsas oyunçulardan biri olub. Lakin Azərbaycan xalqının Sovet İttifaqının bu sahədə qazandığı uğurlara töhfələri haqda çox az məlumat var. Halbuki, onun kosmos proqramının inkişafında xidməti olmuş ən vacib şəxslərdən biri Kərim Kərimovdur.

K.Kərimov 25 il Sovet İttifaqının Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri olub. O, Sovet kosmik proqramının banilərindən biri hesab edilir. Lakin azərbaycanlılar 1987-ci ilə qədər həmvətənlərinin Sovet İttifaqının aerokosmik sahəsinin bir nömrəli şəxsi olduğunu bilməyibr. Kərimov Yuri Qaqarinin "Vostok-1"də ilk uçuşundan tutmuş, 1986-cı ildə "Mir" kosmik stansiyasının orbitə buraxılmasınadək bütün kosmik missiyalarda iştirak etsə də, televiziya kanalları kosmonavtların məruzə etdiyi şəxsi deyil, hər zaman kosmonavtları çəkib. Televiziyada yalnız Kərimovun səsi eşidilib.

Onun adı gizli saxlanılırdı. Çünki Kərimov kosmosa uçuşlara rəhbərlik etməzdən əvvəl hərbi layihələrdə iştirak edib. Onun adı ilk dəfə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurmanı elan etdiyi vaxtda, yəni 1987-ci ilin avqustunda "Pravda" qəzetində çəkilib. K.Kərimov 1991-ci ildə pensiyaya çıxıb. O vaxtdan, Rusiyanın Federal Kosmik Agentliyində məsləhətçi kimi çalışıb.

Beləliklə, Azərbaycan xalqının mirası təkcə burada, yəni Yer kürəsində deyil, həm də stratosferdən daha uzaqlarda yaşayır. Birincisi, Mars planetində Azərbaycanla bağlı olan 2 krater var. Azərbaycanlı astronom Nadir İbrahimovun "qırmızı planet"in öyrənilməsinə verdiyi böyük töhfələr səbəbilə kraterlərdən biri 1982-ci ildə "İbrahimov krateri" adlandırılıb. Onun diametri 89 kilometrdir. Diametri 25 kilometr olan digər krater isə "Quba krateri"dir. O, 1976-cı ildə N.İbrahimovun doğulduğu yerin şərəfinə adlandırılıb.

İkincisi, 1977-ci ildə Azərbaycan muğamının bir parçası ABŞ-ın "Voyager" peykində olan qızıl plastinkaya daxil edilib. Bu peyk kosmosda "ulduzlararası səfərdə"dir.

Maraqlıdır ki, Azərbaycan muğamı bu qızıl plastinkada tuluq zurnasında (şotlandların milli musiqi aləti - WM) çalınan musiqi növü kimi təsvir edilib. Bu plastinkada olan muğam solist tərəfindən ifa edilir. Həqiqətdə isə o, tuluq zurnası ilə ifa edilməyib. Bu muğam parçası qırmızı rəngli, səsi tuluq zurnasının səsinə bənzəyən iki balabanla ifa olunub.

Azərbaycan dövləti texnologiyanın sayəsində neftdən asılı olan iqtisadiyyatını şaxələndirib. İqtisadiyyatın şaxələndirilən sahələrindən biri informasiya və kommunikasiya texnologiyalarıdır. Hazırda bu sahənin dəyəri ən azı 1 milyard dollar qiymətləndirilir. Bu sahə ölkənin ümumdaxili məhsulunun 2%-ni təşkil edir.

Azərbaycanda bu sahənin inkişafının bir hissəsi də rabitə peykilə bağlıdır. Hələ 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə müvafiq milli agentlik yaradılıb. Lakin həmin vaxt bəzi ekspertlər Bakının qlobal peyk bazarında ABŞ, Rusiya və Çin kimi böyük dövlətlərlə rəqabət apara biləcək texnologiyaya malik olduğuna şübhə ilə yanaşırdılar.

Qeyd edək ki, Azərbaycanın bəzi bölgələri Sovet İttifaqının kosmos proqramı üçün də istifadə edilib. Lakin həmin obyektlər artıq köhnəlib. Bununla yanaşı, Bakıda və Naxçıvan Muxtar Respublikasında Azərbaycanın kosmik aparatları üçün yerüstü idarəetmə sistemləri yaradılıb.

Beləliklə, bu ölkə 2013-cü ildə Azərbaycan peyki olan "Azerspace-1"in orbitə buxarılması ilə qlobal kosmok yarışında öz yerini tutub. Bu peyk orbitə "Ariane-5" daşıyıcı raketilə buraxılıb. 3,2 ton çəkisi olan bu peyk ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən hazırlanıb və Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən idarə olunur. Onun vasitəsilə Avropa, Asiya və Afrika ölkələri telekommunikasiya xidmətlərilə təmin edilir.

"Azerspace-1"peyki Azərbaycanın digər peyk sistemlərindən asılılığını da aradan qaldırıb. O, ölkənin informasiya əldə etmək qabiliyyətini xeyli dəyişib. Bundan başqa, "Azerspace-1"peyki informasiyanın istifadəsi, yayılması, qorunması və təkmilləşdirilməsi məsələsində yeni yollar açıb. Layihənin ümumi dəyəri 230 milyon dollardır.

Kosmos proqramlarının qızıl dövründə bu sahədə iştirak etmiş şəxslər ölkələrində milli qəhrəman kimi qəbul edilirdi. İndi də bu sahə insanlarda ruh yüksəkliyi yaradır. Məsələn, Azərbaycanın "Wikipedia" redaksiyasının yaydığı statistikada göstərilir ki, ölkədə astronomiya ilə bağlı olan məqalələr son 5 ildə ən çox oxunan 100 məqalə arasındadır.

Qeyd edək ki, 2018-ci ildə ikinci Azərbaycan peykinin - 191 milyon dollar dəyərində"Azerspace-2" telekommunikasiya peykinin orbitə buraxılması planlaşdırılır. Bu layihə Kanadanın "Export Development Canada" ("EDC") ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kreditlə maliyyələşdirilir. Peyki Kanadanın "Space Systems/Loral" (SSL) şirkəti hazırlayır.

Azərbaycan hökumətinin telekommunikasiya sahəsinə, o cümlədən peyk texnologiyasına vəsait qoyduğunu və bunu davam etdirdiyini nəzərə alsaq, ölkənin bu sahəyə marağının getdikcə daha da artacağı gözlənilir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.