Cəmiyyət

“Milli Kimlik” Araşdırma Mərkəzi ailə məsələsini dövlət qurumları ilə birgə müzakirə etdi - FOTO

1 May 2017 12:41
0 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müasir İnkişaf" İctimai Birliyinin "Milli Kimlik" Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Milli kimlik və ailə" mövzusunda növbəti tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən "Milli Kimlik" Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar. O, keçirilən tədbirlərdən, "Azərbaycan Milli Kimliyi" kitabından söz açıb. A.Eyvazov bu işlərin görülməsi zamanı daha ciddi nəticələr almaq üçün "Milli Kimlik" Araşdırma Mərkəzi yaradıldığını və çox önəmli mövzularda müzakirələr təşkil edildiyini, Mərkəzin sıaralarında araşdırmaçıların, alimlərin birləşdiyini bildirib. O, cəmiyyətimiz üçün önəmli olan məsələlərlə bağlı fayda vermək istəyən bütün araşdırmaçıları birgə əməkdaşlığa dəvət edib. İqtisadçı alim müzakirəsini təşkil etdikləri mövzunun aktuallığından danışaraq, əldə ediləcək nəticəni müvafiq qurumlarla bölüşəcəklərini qeyd edib.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü təşkilatın 12 ildir ki, Azərbaycanla, milli kimlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında tədbirlər təşkil etdiyini, çalışmalar həyata keçirdiyini bildirib. M.Göyüşlü hər zaman bu işləri dövlət qurumları ilə birgə etdiklərini xüsusi vurğulayıb: "Sevindirici haldır ki, hökumət QHT münasibətləri ünsiyyət səviyyəsindən əməkdaşlıq səviyyəsinə yüksəlib". O, mövzu ilə bağlı deyib ki, bu gün cəmiyyətimizdə baş verən bir çox məsələlər ailə sahəsində ciddi problemlərin olduğunu göstərir: "Məhz bu səbəbdən də "Milli Kimlik" Araşdırma Mərkəzi bu mövzuda müzakirə təşkil edib".

Tədbirin məruzəçisi, AMEA Fəlsəfə İnstitunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədov bildirib ki, bu gün 17-18 yaşdan yuxarı nikah müqaviləsinə və yumşaq patriarxal ənənəyə əsaslanan nuklear monoqam ailə modeli, Azərbaycanın milli ailə modelidir. Onun sözlərinə görə, XX əsrə qədər Azərbaycan ərazisində qismən yayılan və erkən nikaha, sərt və orta patriarxallığa əsaslanan mürəkkəb (böyük ailə) poliqamik ailə modeli artıq getdikcə tarixə çevrilməkdədir: "Müasir

Azərbaycan ailə modeli öz başlanğıcını, 1917-ci il oktyabr inqilabından sonra "ev əməyinin inqilabı dəyişməsi" qanunundan götürür. Ailə, cəmiyyətin kiçik sosial birlik formasıdır. Cəmiyyətdə baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikiklər ailənin də xarakterinə təsir göstərir. Ailə konservativ sosial varlıq kimi cəmiyyətdən daha gec dəyişikliklərə, inteqrasiyaya məruz qalır. Bu baxımdan, ənənəvi və yeni sistemlərin sintezindən müxtəlif sübkültürlər və ailə tipləri meydana çıxır: sərbəst, demokratik, avtoritar. Liberalizmin ifrat həddi ailə institutunun ortadan qalxmasıdır. Biz, sağ-kapitalist liberalizmin Avropada ailə institutunu dağıtdığını müşahidə edirik. Liberalizmin sol ifrat qanadı olan kommunizm ideologiyası da məlum olduğu kimi xüsusi mülkiyyətin əsas forması olan ailə instutunun dağılmasını əsas məqsəd seçmişdir".

R.Məmmədov deyib ki, Azərbaycanda boşanmaların əsasən 20-35 arasında artan dinamika ilə inkişaf etdiyi və evlənmələrin sayının tədricən azaldığı müşahidə olunur: "Bu amil, böyük göstərici olmasa da narahatedicidir. Bunun səbəblərini araşdırmaq və onları aradan qaldırmaq vacibdir". Tədqiqatçı bildirib ki, boşanmalara aşırı qısqanclıq, xəyanət, böyük ailələrdə anlaşılmazlıq (gəlin-qaynana münaqişəsi), ailədə zorakılıq halları (əsasən əyyaşlıq, narkomanlıq, psixi pozğunluq, mədəniyyətsizlik), qadının öz hüquqlarından və seçimindən məhrum edilməsi (oxumasına və hərəkətlərinə məhdudiyyətlər), xəstəliklər (cinsi iqtidarsızlıq, sonsuzluq və s), intim disharmoniya, dünyagörüşlərinin, həyat tərzinin və psixologiyanın uyğunsuzluğu (fərqli təhsil və gəlir səviyyələri), iqtisadi problemlər, maddiyyatın əsas dəyər olması və digər məsələlərə göz yumulması, erkən evlilik, valideynlərin müdaxiləsi və təkidi (evlənərkən və sonra), sərbəstliyin olmaması səbəb olur.

R.Məmmədov deyib ki, qadınların sosial həyatda aktivləşməsi, onların gəlir əldə etməsi, yüksək vəzifələrə seçilməsi kişilərin ənənəvi patriarxal avtoritetini zəiflədir: "Bu proseslər ailənin daxili strukturuna da təsir edir. Ailədə sosial baxımdan fəal olan və gəlirləri kişinin gəlirlərindən yüksək olan qadının nüfuzu bəzi hallarda kişinin ənənəvi nüfuzunu zədələyir. Bu rəqabətə dözə bilməyən kişilərin bəziləri məğlub olmaqdan daha çox boşanma yolunu seçirlər. Boşanmaların nəticələri cəmiyyət üçün destruktiv xarakter daşıyır. Ailənin əsas məqsədi -özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Qadın kişinin nəslini artırırsa, kişi də onun və övladlarının maddi-mənəvi təminatını öz üzərinə götürür. Bu sosial müqavilə ailə institutunun əsasında dayanır. Bu ölçünü qorumasaq ailənin varlığını təmin etmək mümkün deyildir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov gender məsələləri ilə bağlı qanunvericiklikdə əks olunan məsələlərdən danışıb. O, qadın hüquqlarının, ailənin qorunmasının vacib olduğunu qeyd etdi və bu istiqamətdə Komitə tərəfindən görülən işlər barədə məlumat verdi. R.Mahmudov 2016-c ildə boşanmaların sayının artmasını narahatçılıqla dilə gətirib. Çıxışçının sözlərinə görə, bu statistika 15-20 faiz arasında dəyişir. "Boşananlar xasiyyətlərinin tutmamasını, uşağın omamasını, xəyanəti, zərərli vərdişləri qeyd edirlər" - deyə Komitə nümayəndəsi fikrini ifadə edib. O, eyni zamanda erkən nigahlarla bağlı mövcud olan problemli vəziyyətdən də söz açıb. R.Mahmudov bu istiqamətdə bütün qurumlarla əməkdaşlıq etməyə, onlardan gələn təklifləri dəyərləndirməyə hazır olduqlarını deyib.

Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi Aydın Allahverdiyev təklif edib ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarələrinə boşanmaların səbəblərini dəqiq bilmək üçün müvafiq sorğu anketlərinin verilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, uşaq olmamasına görə dağılan ailələrin problemlərinin həlli üçün övladlığa uşaq götürülməsi prosedurlarına diqqət artırılmalıdır. O, bir çox median qruplarının ailələrin dağılmasına yönəlmiş təbliğat apardığını qeyd etdi və bununla mübarizənin bütün cəmiyyətin üzərinə düşdüyünü bildirdi.

Tədbirin digər məruzəçisi, tibb üzrə fəlsəfə doktoru, həkim Azər Əliyev "tariximizdə ailə barəsində bir çox mənbələrdən dəyərli məlumatlar almaq mümkündür" deyərək nümunə olaraq "Dədə Qorqud" dastanını göstərib. Onun sözlərinə görə ailənin yaradılması bioloji baxımdan nəslin artırılması məqsədi güdsə də, insan bununla qane olmayaraq dünyaya insanlığa faydalı şəxsiyyət gətirib tərbiyə etməlidir: "Günümüzdə qloballaşan dünyada ailəyə və üzvlərinə təsir edəcək minlərlə amilləri seyr etməkdəyik. Bundan əlavə xalqların milli adət-ənənələri zəifləməkdə, onlara xas olmayan davranışlar aşılanmaqda və hətta beynəlxalq arenada dövlətlərdən bunların tətbiq olunması mütləq şəkildə tələb olunmaqdadır. Belə davranışlardan bəzi qərb ölkələrində ibtidai sinifdən və hətta uşaq bağçasından başlayaraq "seksual maarifləndirmə", seksual azlıqların "ailə" yaratma və hətta uşaqlara himayədarlıq etməsi, "gender" yəni, kişi-qadın bərabərsizliyi kimi problemləri göstərmək olar. Məhz bunlara görə, zamanəmizdə ən çox təhdid və təhlükədə olan bizim gələcəyimiz, bizim övladlarımızdır. Ona görə də, özümüzü düzgün hədəflərə yönəldərək gələcək nəsillərə də doğru istiqamət verməyin ağırlıqı bizim nəslin çiyinlərinə düşməkdədir. Belə bir zamanda ölkəmizdə yaşayan ailə üzvü olan hər bir fərdin bir insanlıq və vətəndaşlıq borcudur ki, heç bir xarici qüvvələrin təsirinə baxmayaraq dövlətimizin ətrafında birləşərək əsl Azərbaycanlı ailəsi olmaq istiqamətində özünü maarifləndirsin və bunu ətrafdakılarnan bölüşüb gələcək nəsillərə çatdırsın".

Bakı şəhəri Baş Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev təmsil etdiyi qurumun ailə məsələləri ilə bağlı məktəblərdə QHT-lərlə birgə həyata keçirdiyi işlərdən danışıb. O, bu fəaliyyətlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etdiklərini açıqlayıb. R.Əliyev xüsusi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çəkilən "Fitnə" filmini nümayiş etdirməklə radikal qruplara qarşı da maarifləndirmə işləri gördüklərini qeyd edib. O, orta məktəblərdə dinin əsaslarını izah edə biləcək dərslərin keçirilməsi məsələlərinə də münasibətini bildirib.

Ombudsman Aparatının təmsilçisi Lamiyə Zeynalova bildirib ki, Azərbaycan qanunvericiliyində gender bərabərliyi tam şəkildə təmin olunub. Onun sözlərinə görə QHT-lər, digər müvafiq qurumlarla bu istiqamətdə maarifləndirmə işlərini genişləndirməlidirlər. L.Zeynalova Ombudsman Elmira Süleymanovanın ailə mövzusunda çoxsaylı qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyini söyləyib. O, təmsil etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən də bəhs edib.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızı ailənin formalaşmasında İslam, milli- mənəvi dəyərlərin, adət-ənənələrin üstünlük təşkil etdiyini, ailədə uşaqların tərbiyəsində bu amillərə ciddi diqqət yetirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə ailədə ana, qadın faktoru çox güclüdür.
Bakı Slavyan Universitetinin müəllimi Kəmalə Umudova ailədə qadının rolundan bəhs edib. O, medianın ailə mövzusunda neqativ təbliğatından narazılığını bildirib. K.Umudova təklif edib ki, regionlarda bu məsələ ilə bağlı aşkarlanmamış mənbələrin üzə çıxarılmasına diqqət artırılmalıdır. Çıxışçı mediada daha çox şou-biznes nümayəndələrinin milli-mənəvi dəyərlərimizlə, ailə məsələləri ilə bağlı ekspert qismində çıxış etmələrini kəskin şəkildə pisləyib.

Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli sovet dövründə mövcud olan ailələrimizdən danışıb. O, həmin vaxtlarda ailədə qəhrəman kişi obrazının yaradıldığını qeyd edərək, indi bu obrazın kənar təsirlər nəticəsində mənəvi aşındığını təəssüflə qeyd etdi. "Müasir dövrdə bu obraz dağıdıldığı üçün ailələrimizdə problemlər yaranmağa başladı" - deyən çıxışçı məktəb sistemində də boşluqlar olduğunu deyərək, hər iki məqamı faciəli məsələlər kimi vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Güney Namazova çıxış edərək təmsil etdiyi qurumun ailə və milli mənəvi dəyərlər mövzusunu daim diqqətdə saxladığını, təşkil edilən tədbirlərdə bu səpgidə digər qurumlarla birlikdə müvafiq təbliğat işinə öz töhfəsini verdiyini bildirdi.
Ədliyyə Nazirliyinin təmsilçisi Liza Xanməmmədova müzakirələri diqqətlə dinlədiyini, təmsil etdiyi qurumla əlaqədar səslənən təklifləri rəhbərliyə çatdıracağını bildirdi.
Tədbirin sonunda müzakirələrin davam etdiirlməsi, əldə edilən nəticələrin müvafiq qurumlara göndərilməsi, problemlərin həlli üçün təkliflərin sistemləşdirilməsi, layihələr hazırlanması və icra edilməsi qərarlaşdırıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.