Tarixi təcrübə göstərir ki, hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin episentrində şəxsiyyət və lider amili dayanır. Xalqlarının milli inkişaf yolunun banisinə çevrilən belə liderlər həm də pozitiv rakursda siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.
Bu günlərdə xatirəsi böyük ehtiramla anılan Heydər Əliyev dühası 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi və lider kimi xatırlanır. Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır.
Hələ ötən əsrin 60-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini toparlamaq, gələcək müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq şansı qazanmışdı. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən İttifaq mərkəzinin ideoloji maneələrini aradan qaldırmaqla xalqın daşlaşmış milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdı.
Tarixçilər daha dəqiq bilirlər ki, böyük Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix ulu öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi
elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hər bir xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur. Böyük rəhbərin həmin illərdə Bakı Məişət Kondisionerləri və dərin özüllər zavodları kimi nəhəng layihələrin reallaşdırılması ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.
Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və müasir sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir. Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.
Ulu öndər son dərəcə işgüzar olduğu kimi, həm də tələbkar rəhbər kimi xatırlanır. Dövlət rəhbəri kimi həmin illərdə tez-tez bölgələrdə olur, sadə zəhmət adamları ilə görüşür, onlarla söhbətləşir, problemlərinin yerindəcə həlli üçün addımlar atır, ədalətsizliyə və məsuliyyətsizliyə yol verən məmurları sərt şəkildə cəzalandırırdı. Həmin illərdə yüksək ixtisaslı kadr kimi yetişərək bu gün də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar ulu öndərin ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması, qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsindəki qətiyyətli və prinsipial addımlarını yüksək ehtiramla xatırlayırlar. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi.
Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması onun məhz elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin elm və təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə 1970-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU) diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Heydər Əliyev sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Ümummilli lider yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində nitq söyləmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir. Həmin çıxışda bir çox maraqlı məsələlərə toxunulmuş, Heydər Əliyev ilk dəfə olaraq adları qadağan edilən insanları yada salmışdır.
Bir faktı da xüsusi qeyd edək ki, həmin dövrədək BDU-nun yalnız onillik yubileyi (1929-cu il) keçirilmişdi. Sonrakı illərdə belə əlamətdar hadisələrin qeyd olunmasına o qədər də əhəmiyyət verilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ildə ümummilli liderin təşəbbüsü ilə 50 illik yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin böyük və əlamətdar mərhələsini təşkil etmişdir. Təhsil ocağının fəaliyyətinin ən məhsuldar dövrü də Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci mərhələlərinə təsadüf etmişdir. Ulu öndər universitetin 50, 60, 75, 80 illik yubiley komissiyalarının sədri olmuş, onun fəaliyyətini yüksək dəyərləndirmişdir.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtaran ümummilli lider BDU-da layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Böyük rəhbər universitetə hər zaman müqəddəs məbəd kimi baxmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə hətta sərt addımlardan belə çəkinməmişdi. 1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüşdü. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar imzalamışdı. Bununla da təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara son
qoyulmuşdu.
2000-ci ilin iyul ayında - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşən ümummilli lider Heydər Əliyev bu qərarını xatırladaraq demişdir: "Bir dəfə baxıb gördüm ki, hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt o cümlədən tarix və şərqşünaslıq fakültələri çox dəbdə idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim".
Təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə, elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız hər il 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 15 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdi. Həmin dövrdə müxtəlif ixtisaslara yiyələnmiş kadrlar bu gün Azərbaycanda müasir dövlət quruculuğu prosesində yaxından iştirak edirlər.
Ümummili lider Moskvada işlədiyi illərdə də milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoymuşdur. Bu mövqeyinə görə 1987-ci ildə Kremldən uzaqlaşdırılan öndər özünəməxsus təmkinlə Sov.İKP MK-nın üzvlərinə və M.Qorbaçova demişdi: "Siz Heydər Əliyevə nöqtə qoymağa qətiyyən tələsməyin. Mən hələ qayıdacağam və öz sözümü deyəcəyəm".
Sonrakı dövrdə ulu öndər Heydər Əliyevin Ermənistanın ərazi iddiaları ilə üzləşmiş Azərbaycanın haqlı mövqeyinin müdafiəsi sahəsində verdiyi bəyanatlar, nümayiş etdirdiyi əzmkar mövqe bir daha təsdiqlədi ki, bu böyük Azərbaycan oğlunu həqiqəti deməkdən çəkindirmək, susdurmaq mümkün deyildir. 1990-cı ilin 20 Yanvarında - süqut ərəfəsində olan sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətə qarşı ilk reaksiya da məhz Heydər Əliyevdən gəlmişdir: Azərbaycanın ciddi informasiya blokadasına alındığı bir zamanda - faciənin ertəsi günü ailəsi ilə birgə respublikanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər imperiyanın ifşası, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra prinsipial addımlar atmışdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqımızın yaddaşında bütöv və milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Dövlətçiliyin taleyi baxımından ən ağrılı və çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir. Ümummilli lider Heydər Əliyevin qısa müddətdə vətəndaş sülhü və həmrəyliyinə, milli barışa nail olması, paralel olaraq respublikada tənəzzül prosesini dayandıraraq iqtisadi dirçəliş yönümündə praktik addımlar atması da məhz xalqın öz rəhbərinə olan dəstəyindən irəli gəlmişdir. Heydər Əliyev hakimiyyətinə - iqtidarda olan Yeni Azərbaycan Partiyasına sonsuz ictimai inam və etimad qarşılığında dövlətçiliyə "diş qıcamış" bir çox daxili və xarici qüvvələr məkrli niyyətlərindən əl çəkməyə məcbur olmuşlar.
Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında YAP sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır.
Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir.
Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "Haqlı həmişə güclüdür" düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.
Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" sərəncamında bildirildiyi kimi, "1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir".
Məhz bu mərhələdən hüquq mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudsman) yaradılması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla - o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.
Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibətilə üzləşərək tənəzzülə uğrayan elm və təhsil kimi strateji sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Böyük strateq yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.
Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elmin, ali təhsilin əsas mərkəzlərindən olan Bakı Dövlət Universitetini qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. 1994-cü ildə BDU-nun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş, ümummilli liderin yubiley mərasiminə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir.
Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" deyən ulu öndər Heydər Əliyev BDU-ya rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr də müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə universitetin 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da həmin diqqətin əyani təzahürü olmuşdur.
Ulu öndərin əsasını qoyduğu siyasəti ötən 13 ildə inamla davam etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sistemli və məqsədyönlü islahatlar nəticəsində müstəqil Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan bu gün postneft mərhələsinə keçərək qlobal böhranın mənfi təsirlərinin aradan qaldırılması istiqamətində məqsədyönlü siyasət yürüdür. Keyfiyyətcə yeni mərhələdə yürüdülən siyasətin əsas hədəflərindən biri də karbohidrogen ehtiyatlarından asılı olmayan, elmi biliklərə, innovasiyalara əsaslanan iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır.
Ölkə başçısı son illərdəki çıxışlarında ölkədə sistemli islahatların aparılması zərurətini xüsusilə önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən illərdə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür.
Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ölkə başçısı İlham Əliyev ötən 13 ildə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidentinin elmin inkişafına xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir.
Akademik Ramiz Mehdiyev "Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "Azərbaycanda hakimiyyət özünün "güclü dövlət" ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır. Məsələ bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa, Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə və "insan kapitalı"na investisiya yatırmadan müvəffəqiyyətli ola bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, idmana və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılması ilə bağlıdır".
Ötən 13 ildə Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir.
Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Prezident İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda "qara qızıl"ı "insan qızılı"na, insan kapitalına çevirməyin vaxtı çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.
Ölkədə həyata keçirilən neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, insan kapitalına xidmət etməlidir. "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu, olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir" deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.
Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin Elmi Şurasını düşündürən başlıca məsələlərdəndir.
BDU-nun professor-müəllim heyəti bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir. Hazırda universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.
Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ulu öndərin ideyaları əsasında demokratik, qüdrətli və modern Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı dəstəkləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan müstəqil Azərbaycan yaxın illərdə öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu ali hədəflərə qovuşacaqdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik