Cəmiyyət

Öncə qəlbinə boylan

10 Dekabr 2016 22:20
17 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər sevgi olsun, istər nifrət, hər şeyin təməlində Allahın rizasını qazanmaq niyyəti dayanmalıdır. Möminin qəzəbi də Allahın rizası üçün olmalıdır, sevgisi də. Əgər belə olmazsa, nə o sevgi öz ünvanına yetişər, nə də o qəzəb. Ona görə də bu cür həssas məsələlərdə hər şeydən öncə sənin duyğularının Haqqa, həqiqətə, ədalətə nə qədər uyğun olub-olmadığını araşdırmaq və bu mövzuda qərar vermək lazımdır.
Əgər sən Allahın düşmənini görüb tanıyıb, ona qəzəblənmirsənsə, gerçək mömin olduğunu iddia eləmə; əgər Allahın sevdiyini görüb, tanıyıb sevmirsənsə, yenə bu iddianı dilinə gətirmə.
Hər şeyimiz kimi, hisslərimiz, duyğularımız da bizə Allahın əmanətidir və o əmanətin hesabını verə bilmək üçün əmanətə, riayət etmək, yəni onu Allahın istədiyi istiqamətə yönəltmək lazımdır.
Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış.

Onların bir hiyləsi varsa...
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, kim nə eləyirsə, özünə eləyir, ədalət də bir gün öz sahibinə dönür, zülm də. Həqiqi ağıl insana Allah-Təalanın rizasını, rəğbətini qazandıran ağıldır. Allahın rizasını qazandırmayan, şeytandan uzaqlaşdırmayan, cəhənnəmdən qurtarmayan ağıl fəlakətdir. Allah sevdiyi qullarını dəstəkləyər, Ondan üz çevirmişləri isə mərhəmətindən məhrum edər. İnsan üçün Allahın mərhəmətindən məhrum olmaq ən böyük fəlakətdir, ən ağır dərddir.
Bəşər tarixində cahilliyi, azğınlığı, Allah dostlarına düşmənliyi ilə tanınmış o qədər zavallı fironlar, padşahlar, sultanlar var ki. İnsan üçün azğınlığın son həddi özünü allah elan etməkdir, bəşər bunun da şahidi olub. Bu cür azğınlar Allah dostlarına zülm ediblər. Amma Qurani-Kərimdə bildirildiyi kimi, onların bir hiyləsi varsa, Allahın da onlara qarşı bir planı var. Bu baxımdan tarix ibrət səhnələri ilə zəngindir. Özünü allah, peyğəmbər elan etmiş zalimları Allah rəzil, rüsvay edib, ələ salıb, elə bir hala gətirib ki, vicdanı olan hər kəs o aqibətdən özünə nəticə çıxara bilir.
***
Rəsulullah (s.ə.s.) yaxın dostu Həzrəti Əbubəkrlə birlikdə Məkkədən çıxıb Mədinəyə hicrət edəcəkdi, amma onu izləyən Məkkə müşriklərindən qurtarmaq üçün Mədinə səmtinə deyil, tamamilə əks istiqamətə yol aldılar. Gəlib Sevr mağarasında daldalandılar. O dövrdə ərəblər arasında ən geniş yayılmış peşələrdən biri də ləpirçilik idi. Bu işin professionalları dəvənin qığını iyləyib onun cinsini, haradan gəlib haraya getdiyini, dişidirsə hamilə olub-olmadığını müəyyən edə bilirdilər. Bu məsələdə o qədər inkişaf etmişdilər ki, bir proqnozları belə yanılmırdı. Havanı iyləyə-iyləyə, izləri yoxlaya-yoxlaya gəlib Sevr mağarasının ağzına çatdılar. İzçi yanılmamışdı. Kafirlər ən qəddar düşmənlərini əliyalın halda sığındıqları mağaranın ağzında yaxalamışdılar. Mağaranın içindəkilərlə qapısı ağzına gələnlər arasına Allah-Taala (c.c.) keçilməz bir sədd çəkdi. Müşriklər baxdılar, mağaranın ağzındakı hörümçək torunu gördülər və dedilər ki, əgər Muhumməd (s.ə.s.) bura girsəydi, bu tor dağılmış olmalı idi. Amma haradan ağıllarına gələydi ki, bu tor Allah-Taalanın (c.c.) əmri ilə bir az əvvəl hörümçək tərəfindən tamamlanıb. Kilometrlərlə yolu addım-addım gələn kafirləri Allah-Taala (c.c.) bir hörümçək toru ilə aldadıb geri göndərdi. Bu istehzanı ancaq sonsuz İdrak Sahibi düşünə bilər.

Bitməyən savaş
İki nəfər savaşır, biri səlahiyyət sahibidir, əmrində ordular var, o biri tək-tənhadır, amma Haqqa söykəndiyini söyləyir. Uğrunda ölüm-qalım savaşına girdiyin amal sənin dəyərindir. Hər kəs öz amalı üçün savaşır.
Məqam kimin üçün səlahiyyətdir, kimin üçün vəbaldır, məsuliyyətdir. Adam var, bir addım yuxarı qalxan kimi aşağıdakıları ayaqları alrına alıb ayaqlayır, adam da var, yuxarı qalxdıqca çiyninə qoyulan yükün məsuliyyəti altında altında əzilir. Vicdanlı adam özünü əmri altında olan hər kəsə qarşı məsul görür, vicdansız əmri altında olanları az qala şəxsi əmlakı hesab edir. Və beləcə əvvəlcə narazılıq, ardınca da savaş başlayır. Hər kəs də kürəyini bir güc mərkəzinə söykəyir, kimi vəzifəsindən güc alır, kimi Allahdan.
Bu savaş dünyanın təməlindən var və sonuna qədər də davam edəcək.

Sözü öncə bişir, sonra düşür
Heç fərqinə varmadan, zarafatla söylədiyimiz bir alxış və ya qarğış dua yerinə keçər. "Dünya dağılsa da etmərəm, olmaram" dediklərimiz başımıza gələr. İçimizdə qətiyyətimiz nə qədər möhkəm, sarsılmaz olur-olsun, dilimzdəki sözümüz sərt olmasın, mülayim olsun. Unutmayaq ki, insan ağzından çıxardığı hər sözə məsuldur və ən çox günahı da dili ilə qazanır. Dediyimiz odur ki, danışanda taleyə meydan oxumayaq. Bir çox ibrətli hadisələr göstərir ki, insan əksər hallarda öz dili ilə, yəni el arasında deyildiyi kimi, yekə-yekə danışdığı sözlərlə imtahan olunur.
Bəzən zarafat hesab edirik və ya mənasız söz-söhbət kimi ağzımıza gələni danışırıq. Amma heç bir söz boşa getmir, bu həqiqəti unuduruq.
Ağzımızdan çıxardığımıza diqqət yetirməliyik ki, başımız bəla çəkməsin. Quran nə buyurur, bilirsinizmi? - Qarşınıza çıxan bütün yaxşılıqları Allahdan, başınıza gələn bütün bəlaları isə özünüzdən bilin.

Yalaq Qasımın dərdi
Çox-çox ucqar rayonlarımızın birində Yalaq (yəni yaltaq) Qasım adında bir kişi varmış. Bir gün bu Yalaq Qasım kəndin çıxışında oturub ağlayırmış. Soruşurlar ki, ay Qasım, sən hara, ağlamaq hara, sənin üçün bağlı qapı varmı ki, işini düzəldə bilməyəsən? Yalaq Qasım da deyir ki, sizin dediyiniz günlər çoxdan keçdi. Mən yaltaqlıqla uşaq oxutmuşam, oğlan evləndirib, qız köçürmüşəm. Amma daha mənim yalaqlığım işə keçmir, indikilər elə yalaqlanırlar ki, mənim üzümə də baxan yoxdur, hara getsəm, qapıdan qaytarırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.