Cəmiyyət

Bakıda ölüm saçan prospekt

27 Aprel 2011 11:42
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə paytaxtının müxtəlif yerlərində əfsuslar olsun ki, hər gün piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verir. Təkcə, 2011-ci ilin ötən ayları ərzində 200-dən artıq piyadanı maşın vurub. Bu məsələdə çox vaxt sürücülər qınaq obyekti olsa da, problem sadəcə, nəqliyyat vasitələrinin sahiblərinin günahı ilə bitmir. Üstəlik, belə təhlükələrin yaşandığı küçələr Bakıda az deyil.

Milli.Az xəbər portalının məlumatına görə, "Dərnəgül yolu" adlanan Ziya Bunyadov prospektində - "Əzizbəyov" körpüsünü yaxınlığında piyadaların həyatı hər an təhlükədədir. Bu ərazidə piyada keçidi olmadığından piyadalar avtomobillərin gur hərəkət etdiyi yoldan keçmək məcburiyyətində qalır.

Həmin ərazidə işıqlandırma sistemi olmadığından insanlar şütüyən avtomobilin qarşısına çıxdıqda sürücü onu çətinliklə görür. Bəzən qarşıdan gələn avtomobilin işığı göz qamaşdırdığından ümumiyyətlə, piyadanı görmək olmur və qəza şəraiti yaranır. Həmçinin, piyadaların xaotik hərəkəti nəticəsində burada mütəmadi olaraq tıxaclar əmələ gəlir.

Bu vəziyyət orada xeyli vaxtdır hökm sürür. Lakin problemi həll etmək kimsənin yadına düşmür.

Gələcəkdə həmin ərazidə piyada keçidinin olub-olmayacağını öyrənmək məqsədilə Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutumadı.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, sakinlərin şikayəti ilə bağlı həmin əraziyə baxış keçirilməlidir. Zərurət yaranacağı halda, orada hər hansı yol nişanı qoyula bilər.

"Ancaq bu məsələ ilə bağlı sakinlər Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına və ya Dövlət Yol Polis İdarəsinin" "Siqnal" idarəsinə müraciət etməlidir. Həmin əraziyə işıqfor, piyada keçidləri və ya hər hansı yol nişanı qoyulması yalnız sözügedən qurumların komissiyasının qərarından sonra mümkündür" - deyə şöbə rəisi söylədi.

Şöbə rəisi əlavə etdi ki, Əzizbəyov metrosnun yaxınlığında piyada keçidi var. Həmin keçid metronun qarşısından Gön-Dəri zavoduna qədər uzanır. Ziya Bunyadov prospektində isə hazırda yol təmir işləri gedir. Zərurət olarsa, orada da əlavə yeraltı və ya yerüstü piyada keçidi tikilə bilər.

V.Əsədov qeyd etdi ki, bu ilin birinci rübü və aprel ayının ötən günləri də daxil olmaqla Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 58,2 faizi piyadaların vurulması olub. Bakıda qeydə alınan 352 yol qəzasının 205-i piyadanın vurulması ilə nəticələnib ki, nəticədə 51 nəfər ölüb, 164 nəfər yaralanıb.

Bakı şəhəri üzrə qeydə alınan yol qəzasılarında 82 nəfər ölüb, 362 yaralı var.

"Hadisələr piyadaların yolu təyin olunmamış yerlərdən keçməsi zamanı, piyadaların səhlənkarlığı səbəbindən qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin piyadaları vurması ilə bağlı hadisələrinin qarşısının alınması məqsədilə reydlərə başlayıb. Ötən müddət ərzində 376 piyada məsulutyyətə cəlb olunub. Yol hərəkəti qaydalarını pozan piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü, "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələblərinə uyğun olaraq 10 manat məbləğində cərimələniblər", - deyə V.Əsədov vurğuladı.

Mayn 1-dən etibarən isə "Piyadalar, diqqətli olun!" adı ilə respublika üzrə təhlükəsizlik ayı başlayacaq. Yeraltı və yerüstü piyada keçidlərinə yaxın məsafələrdə xüsusi reydlər təşkil edıləcək. Reydlər zamanı təyin olunmayan yerlərdən keçən piyadalar məsuliyyətə cəlb olunacaqlar.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.