Cəmiyyət

Yasda Quran, toyda şampan

27 Aprel 2011 08:55
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah sizə rəhmət eləsin ölülər, bizi yaman gündə qoyub gedirsiniz!...
 
Ölən öldü vay qalanın halına

İnsanın dünyaya gəlişi yaxınları üçün nə qədər sevindiricidirsə, dünyadan köçməsi ondan da artıq kədərli və ağır olur. Üstəlik bu ağır hadisəni cəmiyyətimizdə formalaşmış dəbə uyğun təmtəraqla yola vermək məcburiyyətini də nəzərə alsaq, onda ölüm imkansız ailə üçün müflisedici olur. Necə deyərlər, ölən öldü vay qalanın halına.

Bu gün hər hansı bir evdə Allah eləməmiş yas düşsə, əza sahibi borcla da olsa, başına gələn müsibəti dəm-dəsgahla qeyd etməyə məhkumdur. Onun başqa yolu yoxdur. Fikirləşir ki, belə etməsə məzəmmət sahibi olar, camaat ona qınayar, dinsizlikdə günahlandırar. İttiham edərlər ki, kafirdir, imansızdır, ölüsünə layiqli yas saxlamır. Deyərlər, heç adamı son mənzilə belə yola salarlar? Hanı mərhum üçün qurulmuş kondisionerli VİP brendli "palatka", hanı rəhmətliyin şərəfinə açılmış naz-nemətli ehsan süfrəsi, hanı məclisin yaraşığı yekəqarın molla, hanı pulla mərsiyə, ağı deyənlər? Heç onlarsız da vay olar?... Doğurdan da ölü yiyəsi belə fikirləşməsin nə etsin, axı onu belə düşünməyə vadar edənlər var. Vadar edənlər də, elə özümüzük desək qəti yanılmarıq. İraq olsun, ölü yiyəsinin yerinə kim olsa, o da onun kimi düşünər.

Müsəlmansayağı toy, avropasayağı yas kimlərə sərf eləmir?

Əfsuslar olsun ki, adımızı müsəlman qoymuşuq, ancaq nə Quranı düz-əməlli oxuyub başa düşmüşük, nə də ki qədim adət-ənənələrimizi İslam dinin qanunlarına düzgün uyğunlaşdırmışıq. Bu səbəbdən bizdə müsəlmançılıqdan tamamilə uzaq, uzaq olduğu qədər də qanımıza işləmiş qaydalar daha fəal işləyir. Yas mərasimlərimizi guya şəriətə uyğun yola verməyə çalışırıq, ancaq şadlıq, toy mərasimlərimizdə nədənsə dinimiz yaddan çıxır. Ağlaşma olanda Quran yada düşür, toy, şadlıq olanda şampan. Azərbaycanda toy biznesi ilə məşğul olanlara müsəlmansayağı toy sərf etmir, mollalara da avropasayağı yas. Avropanın bəyənmirik, ancaq onlarda toy da, yas da bizdəkindən qat-qat sadə şəkildə qeyd olunur. Belə şeyləri onlardan nümunə götürmək əvəzinə, ən əcaib, milli mentalitetimizə zidd qaydaları çox həvəslə tətbiq edirik. 

Hazırda cəmiyyətimizdə mərasimlər üzrə püxtələşmiş "işbazlar" elə biznes mexanizmi qurublar ki, saat kimi dəqiq işləyir. Ha özünü sıxsan, ha istəsən ki, ucuz başa gəlsin, xeyri yoxdur, toy edən də artıq xərcə düşəcək, ölüsü ölən də, ortada qazanan isə yenə də həmən biznesmenlər olacaq. Şadlıq evlərinin, VİP çadırların, qəbiristanlıqların sahibləri, toy müğənniləri, mollalar, qəbir daşı düzəldənlər, bir sözlə istər toy, istərsə də yas mərasimlərində şəxsi maraqları olanlar, artıq bu sahədə öz qayda-qanunlarını qoyublar və bu istiqamətdə onların gəlirini azalda biləcək hər hansı bir dəyişiklik edilməsinin qəti əleyhinədirlər.

Bu gün toy edən də artıq xərcə düşür, ölüsü ölən də

Yenə şadlıq edənin bir ümidi olur ki, dəvət olunanlar insaflı olub bir stulun qiyməti neçədir, o qədər toya pul salacaqlar, o da çəkdiyi xərci birtəhər çıxardacaq. Yaslarımızda isə, çox yerlərdə pul yığılmadığı üçün bütün xərclər əza sahibinin üzərinə düşür, dərdinin üstünə bir dərd də gəlir. Xüsusən, evin tək pul qazananı, evdar qadınların əri vaxtsız dünyasını dəyişdikdə, təsəvvür etmək olar ailə necə ağır vəziyyətlə üzləşir. Dul qalmış qadın borc edib 4-5 min manat pul toplamalıdır ki, təmtəraqla ərinin yasın versin. Lap ərindən o qədər pul qalıbsa da, heç insafdırmı hamısını yasa xərcləyib qəpiksiz qalsın?  Adama ən pis təsir edən məqamlardan biri də odur ki, bəzən xəstəsinin əməliyyat olunmasına, müalicəsinə gərək olan 2-3 min manat pulu düzəldə bilməyən bir imkansız ailə xəstənin ölümündən sonra ikiqat artıq pul borc edib mərhumu son mənzilə dəm-dəsgahla yola salır. Deyən yoxdur ki, ay balam, elə pulu xəstənin müalicəsinə tapıb qoyardın, yazıq ölməzdi də... Yaxud görürsən biri acından ölür ancaq ehsan süfrəsində banana qədər nə istəsən var. Heç sağlığında yazıq onların dadın da bilməyib.

İslam dininə görə mərhuma necə yas saxlanılır?

Həmişə müsəlmanlara dar gündə kömək olan İslam dinində ölüsü düşmüş insandan, ilk əvvəl üç əsas şey tələb olunur: səbirli olmaq, Allahın hökmü ilə razılaşmaq, sonra dəfnə hazırlaşmaq. Şəriətə görə dünyadan köçmüş insan yuyulub qüsl verilməli, meyit kəfənə bükülməli, onun üçün cənazə namazı qılınmalı və bunlardan sonra mərhum torpağa tapşırılmalıdır. Daha vəfat etmiş şəxs üçün dəm-dəsgah açmaq, ehsan süfrələri təşkil etmək, üç, yeddi, qırx, cümə axşamı, il vermək, dində tələb kimi qarşıya qoyulmur. Əksinə, hədislərdə göstərilir ki, nəinki əza əhlinin süfrə açması vacib deyil, hətta üç gün ərzində qohum-qonşu həmin ailəyə yemək göndərməsi gərəkdir. Bununla belə, bəzi hədislərdə mərhumun adına ehsan verilməsi nəcib iş sayılır və imkanı olan hər bir kəsin belə addım atması alqışlanır. Ehsan verməyə imkanı çatmayanlar isə, əvəzini xeyir iş görməklə və ya pis əməldən çəkinməklə  çıxa bilərlər. Ehsan sözü ərəb dilində "yaxşılıq etmək" və ya "gördüyün işi yaxşı etmək" mənasını verdiyi üçün görülən hər bir yaxşı əməl, gözəl iş ehsan hesab olunur.

Mərhum dəfn edildikdən sonra, dinimiz əza sahibinin dərdini təzələyən, qəm-qüssəsini artıran hər bir şeyi, hətta üç gündən sonra müsibət əhlinə başsağlığının verilməsinin özünü də qadağan edir. Hesab olunur ki, üç gündən sonra ölü sahibləri üçün başsağlığı vermək, onların müsibətini təzələməkdir. Buradan aydın olur ki, mərhuma üç gündən atıq yas saxlamaq məsləhət deyil.
Ölmüş şəxsin məzarı üzərində təmtəraqlı qəbir daşları düzəltmək də şəriətlə qadağan olunur. Qəbir əvvəl-axır dağılıb torpağa qarışmalı olduğu üçün, məzar sadə şəkildə düzəldilməlidir. Onun üstündə  qiymətli başdaşı qoydurmaq, üstünə mərhumun portretini həkk etdirmək və qəbirüstü heykəl düzəltdirmək İslam dininə tamamilə zidd olan bütpərəstliyi tərənnüm edir.
Göründüyü kimi, dinimizdə yas mərasimlərinin keçirilmə qaydası hazırkı formasından fərqli olaraq, olduqca sadə və hər kəs üçün qəbul ediləndir.

Qurani-Kərim ölülər üçündür, yoxsa dirilər?

Yas mərasimlərində iştirak edənlər yəqin fikir vermiş olarlar ki, məclisləri aparan mollalar Quranda yazılmış əsas şeyləri kənara qoyub, İslam dininə dəxli olmayan  boş-boş, mənasız, uydurma nağıllardan danışırlar. Halbuki Quarani-Kərimdə camaata deyiləsi, izah olunası çox kəlamlar var. Lakin mollalar Qurani-Kərimin hikmətini açmaq əvəzinə, bu müqəddəs kitabı gəlir mənbəyi kimi qoruyub saxlayırlar. Camaatda da belə təsəvvür yaranır ki, Quran elə ölülər üçün göndərilmiş bir kitabdır və onu hər kəs ancaq ölüsünə oxutdurmalıdır. Əslində bu fikir çox yanlışdır.

Dini ekspertlərin dediyinə görə, Quran başdan-ayağa Allahın dirilərə etdiyi xitablardan ibarət olduğu üçün, bu müqəddəs kitab məhz canlı insanlar üçündür. Quranda verilən göstərişlərin, demək olar ki, hamısına yaşayanlar əməl etməlidir, onlara ölülərin riayət etməsi qeyri-mümkündür. Aydın olur ki, ölü üçün Quran oxutdurmaq məcburi ola bilməz. Ona görə də, vəfat etmiş insanları yad etmək üçün qəbiristanlığa gedənlər hər dəfə mollaya beş-on manat verib Yasin oxutdurmaya da bilərlər. Ancaq bu arqumentlə mollalar razılaşmaq istəmirlər. Onların fikrincə, Quran oxumaq özü bir ibadət olduğu üçün bu zaman qazandıqları savabı ölü üçün göndərirlər. Mollalara belə missiyanın tapşırılması barədə Quranda heç bir buyruq olmadığı üçün bu məsələdə kimin düz, kimin səhv olduğunu ayırd etmək çox çətindir. Əslində, Quarani-Kərimdə "molla" anlayışı olmadığı üçün, doğrusunu Allah bilər! 

Mollalar hansı məzhəbə qulluq edirlər?

Son zamanlar bəzi mollaların din pərdəsi altında nə işlərlə məşğul olduğunu biləndə, adam lap dəhşətə gəlir. Ölünü yaddan çıxarıb ərazi davasına çıxan, molla vəsiqəsi üstündə məslək yoldaşlarını qətlə yetirən və ya evindən silah-sursat çıxan mollalardan, yaxud da ibadət evində azyaşlı qızları aldadıb yoldan çıxaran "din xadimlərindən" hansı dini nümunə və ya bilgi almaq olar? Belə mollalar dindən başqa hər məzhəbə qulluq etdikləri halda bizə Allahdan danışır, Qurandan dəm vururlar. Hələ kişi mollaları azmış kimi bir yandan da mollabacılar meydana çıxmağa başlayıb. Yas məclisinin qadın tərəfindən idarə edilməsi isə heç bir dini normaya sığmır. Mollabacıların tələbi ilə yasda qadınlar üçün ikinci çadır qurulur. Beləliklə, mağarın birində kişi mollası oxuyur, o birində isə qadın mollası. Bircə o qalıb ki, məclisi birləşdirib duet oxusunlar, müsəlman aləmində analoqu olmayan orijinal bir yas mərasimi yaratsınlar.

Avazın yaxşı gəlir... oxuduğun Quran olsa

Narahatedici məqamlardan biri də odur ki, Quran dilimizə tərcümə olunduğu halda, hələ də dəfn, yas mərasimlərində onu ana dilimizdə oxumurlar. Yas mərasimlərində iştirak edənlər arasında ərəb dilini bilən tək-tük adam ola, ya olmaya. Demək, heç kim mollanın nə oxuduğunu anlamır. Ona görə də molla Quran oxuyanda, camaat gözünü yerə zilləyib onun nə vaxt bitəcəyini səbirsizliklə gözləyir. Bütün bunları bilə-bilə, bəs görəsən, mollalar niyə Quranı öz dilimizdə oxumaqdan qorxurlar, burda nə qəbahət var ki? Məşhur şairimizin sözü olmasın, nə vaxta kimi biz ölümüzlə ərəbcə danışacağıq? Yəqin mollalar fikirləşir ki, Quran ana dilimizdə oxunsa, onda çörək ağacları əllərindən çıxar, yas mərasimlərində mollaya ehtiyac qalmaz, məclisləri kim istəsə idarə edər. Doğurdan da, Quran öz dilimizdə oxunsa yas məclisini bir hörmətli ağsaqqal pulsuz-parasız, mollalardan min dəfə yaxşı idarə edə bilər. 

Çıxış yolu...

Bütün yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, bu gün cəmiyyətimizdə düzgün dini təfəkkürün formalaşdırılmasına böyük ehtiyac duyulur.  Bunun üçün, ilk növbədə, İslam dini pərdəsi altında adət-ənənələrimizə daxil edilmiş yad ünsürlər, eybəcərliklər aşkarlanıb üzə çıxarılmalı, onları doğuran səbəblər araşdırılmalıdır. Əslində bu səbəblər bəlkə də hamıya bəllidir: cəmiyyətimizdə hökm sürən kütləvi dini savadsızlıq, şəriət qanunlarının düzgün aşılanmaması, bir də bəzi üzdəniraq din xadimlərinin xalqı çaşdıran uydurmaları. Axırıncılar əhalini dini bilgilərlə maarifləndirməkdə qətiyyən maraqlı deyillər, çünki vəziyyətin belə davam etməsi onların xeyrinə işləyir. Bu barədə yuxarıda ətraflı məlumat verilib.
Ümidverici haldır ki, son zamanlar  Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mollaların attestasiya edilməsinə başlanılıb. Bu attestasiya savadsız din xadimlərinin ifşa edilməsinə və dinimizi üzdəniraq mollalardan təmizləməyə imkan verir. Bundan başqa yaxın gələcəkdə Milli Məclisdə "Mərasimlər haqqında" qanun qəbul edilməsi planlaşdırılır. Yəqin ki, Qanun toy və yas mərasimləri sahəsində mövcud olan boşluq və çatışmazlıqları müəyyən mənada aradan qaldıra biləcək.
 
Bütün görüləcək tədbirlər öz yerində, ancaq ən yaxşısı o olar ki, Qanun qəbul edilməsini gözləmədən, elə bu gündən, ölüsü düşən hər kəs, xüsusən imkanlı şəxslər güclü iradə nümayiş etdirərək yas mərasimini İslam dininin tələblərinə uyğun keçirsin və böyük savab qazansın. Nüfuzlu adamlar, mötəbər insanlar, tanınmış şəxslər xalqın ürəyindən gələn belə nümunəvi addım atmasalar, biz ömrü boyu yenə də yas adətlərimizi pisləyəcəyik, israfçılığa yol verildiyini deyəcəyik,  ancaq Allah eləməmiş müsibət öz başımıza gəlsə, yenə də məcbur olub köhnə qaydada yası hamıdan "yaxşı" yola verməyə çalışacağıq.

Vüqar Haqverdiyev
Milli.Az

Yazı "Bakı-Xəbər" qəzetinin "İslamda yas mərasimləri və əyintilər" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.