Cəmiyyət

Ailə büdcəsinə toy tutan toy adətləri - VİDEO

25 Yanvar 2016 14:23
4 Şərh     Baxış: 3 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qədim zamanlardan bu günəcən Azərbaycan xalqının milli adət-ənənələri sırasında toy mühüm mental dəyərimiz olub. Hətta bir neçə yüzilliklər öncə 3 gün 3 gecə toy çalınar, şənlik təşkil edilərdi. Bu da xalq olaraq, millət olaraq toy mərasimlərinə verdiyimiz dəyərin göstəricisidir. Doğrudur, bu gün üç gün üç gecə davam edən ənənəmiz qalmasa da, 30 gün 30 gecə çalınacaq toya sərf edilən xərcin, bir günə çəkiləcəyi israfçı dəbdəbəmiz var. Bəlkə də müəyyən müddət buna göz yummaq, hətta palaza bürünüb ellə sürünmək olurdu, bəs devalivasiyanın müəyyən sahələrə əngəl törətdiyi bir vaxtda necə, bunu etməyə dəyərmi? 

Bəyin oğurlanması kinosunda deyildiyi kimi, "Şair də yaxşı deyib, xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var..." Bəli, şair yaxşı deyib, toy xalqımızın gözəl, özəl, özünəməxsus adətidir. Bu adətə olan hörmətimiz də ki, göz qabağınadadır. Amma son vaxtlar bizə, sözün əsl mənasında, toy tutan toylarımız adətimizə olan aşılı hörmətdənmi, yoxsa qonşudan geri qalma adətimizdəndirmi deyə bilmərik. Onu deyə bilərik ki, adətlərə adət etmək adətimizdir.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinandən xəbər verir ki, toylarda yol verilən israfçılığın zərəri hər kəsə dəyir. İstər toy edənə, istər toya gedənə, istərsə də toy edilənə. Biz minimal xərclərlə toy ərəfəsində oğlan evinin və qız evinin boynuna düşən pulu orta formada hesabladıq. Sizi də tanış edirik...  

Qız evinin çəkdiyi minimal xərc       
Mebel    4000 AZN       
Yorğan-döşək    300   AZN       
Tekstil əşyalar    920   AZN       
Məişət avadanlıqları    2550 AZN       
Qab-qacaq    1000 AZN       
Oğlana üzük    600   AZN       
Bəy xonçası    100   AZN     

Beləliklə, qız toyu edəcək valideyn ən az 9500 manat xərc çəkməlidir, restoran xərcləri xaric. Oğlan evinə gəldikdə isə... 
Oğlan evinin çəkdiyi minimal xərc       
Ev təmiri    5000 AZN       
Qızıl-zinət əşyaları    2000 AZN       
Paltar    1000  AZN       
Hər iki toy üçün gəlin bəzəyi    500  AZN       
Gəlin paltarı- hər iki toy üçün    300 AZN       
Qız evinə verilən toy haqqı    1000 AZN     

Oğlan evinin çəkdiyi xərc isə 9800 manat. Restoran pulunu isə üzərinə gəlsək, yəqin ki, müəyyən qədər tutarlı bir məbləğ yaranacaq. Elə əsas məsələ də budur. Müştəriyə çeşid-çeşid yeməklər təqdim edən şadlıq sarayları onların sabahını düşünmür. Çünki əsas da yoxdur. Necə deyərlər, işim getsin, cibim dolu olsun. 

Vilayət Məmmədov- restoran sahibi: "Menyuda, əsasən, milli yeməklərə üstünlük veririk. Buğlama, kənd beçəsinin çığırtması, kabablar, aş, 4 növ salat təklif edirik. Minimal menyu adambaşına 20 manata gəlir".

Əgər adambaşına düşən haqq minimum 20 manatdırsa, o zaman 300 nəfər qonaq üçün restorana 6000 manat ödənməlidir. Az öncə təqdim etdiyimiz rəqəmlərin üzərinə bu rəqəmi də gəlsək, onda qız evi 15500 manat, oğlan evi isə 15800 manat pul xərcləməlidir. Bəli, kifayət qədər yüksək məbləğdir. İmkanı olanlar edir, bəlkə də bundan da artıq vəsait hesabına. Bəs imkanı olmayanlar?!.
Dəvətnamə filmindən: "Nə danışırsan a bala, bu pula toy eləmək olar?! Olar ana, uzaq başı borca girərəm".

Fərman kimi zəmanəmizdə nə çoxdur "ellə gələn toy bayramdır" deyib, borcla toy edənlər. Çeşid-çeşid yeməklərin düzüldüyü süfrə etiraf edək ki, bizə baha başa gəlir. Mövzu ilə bağlı vətəndaşların da fikrini öyrəndik.

Şəhər sakini: "Nəyə lazımdır?! O qədər yeməkləri düzürlər, heç kəs də yemir".
Şəhər sakini: "O xeyir restorana qalır. Qaynım 30000 cərimə verib. Niyə verilməlidir?!"
Şəhər sakini: "Toy etmək üçün banka borca girirlər. Bu, düzgün deyil axı!"
Şəhər sakini: "Elə insanlar var ki, buna imkanı çatır, elələri var imkanı çatmır. Deyir qonşuya baxım, canımı oda yaxım".
Şəhər sakini: "Pulla xoşbəxtlik olmur. Əsas ailədə sevgi olmalıdır".

Azərbaycan adət-ənənələrini illərdir araşdıran folklorşünaslar da bu işə münasibətsiz deyillər.
Ruziyyə Quliyeva - Folklorşünas: "Əvvəllər biri deyəndə ki, toya gedirəm, deyərdilər ki, həmişə toyda. İndi heç kəs heç kəsə həmişə toylarda demir. Çünki heç də həmişə toyda olmaq olmur. Ən azı nəməri 50 manatdan hesablasaq, axı insanlar nə qədər qazanır ki?! İndi elə bil acığa düşmüşük. Vur çatlasındır. Bu, toy deyil, nədir bilmirəm. Adət deyil, bedat deyilir bunlara. Hərə ayağını yorğanına görə uzadar. Heç kəs ayağını yorğanına görə uzatmır. Ayaq da qalır çöldə...".

Əslində, çeşid o qədər boldur ki, hansı təamdan dadacağıma qərar verə bilmirəm. Yəqin mənim kimi masa arxasında əyləşən qonaqların əksəriyyəti adını bilmədiyimiz salatların hər birindən dadmağa nə vaxt tapmayıb, nə də ki, mədədə boş yer. Elə isə bu qədər israfçılıq kimə gərək?!
Məsələnin tibbi tərəfi də var. Həkimlər həyəcan təbili çalır. Bir dəfəyə bu qədər yeməkdən dadmaq səhhətimizdə bir çox problemlər yarada bilər. 

Rövşən Bağırov - terapevt: "Xeyir işə dəvət olunan insanların hər biri sağlam deyil. Onlara da çoxçeşidli yeməklər təklif olunur. Bəziləri qələvi, bəziləri turş xüsusiyyətli, bəziləri neytral xüsusiyyətli olur. Bunların da birdən istifadəsi həzm sistemimizə əngəl törədir. Hipertoniklər bəzən mayeləri qarışdırıb içirlər, axşamacan təzyiqləri qalxır".
Axşamacan təzyiqi qalxan təkcə qonaqlar deyil, həmçinin toy sahibləridir. Yığılan nəməri başa-baş restorana ödəyən valideynlərin həm əsəbiləri, həm də təzyiqləri kəllə-çarxa qalxır. Toydan qalan da oynamaq olur. 

Amma bəzi kəndlərimizdə əsas yeməklərlə, sadə menyu ilə toy edilir. Özü də əksər hallarda ya mağarda, ya da evin həyətyanı sahəsində. Bu da onu göstərir ki, toy etmək üçün şadlıq sarayları yeganə məkan deyil. Çadır toyları və kalapur, kabab, plov, bir növ salat, lazımi çərəzlərdən ibarət sadə menyu ilə də toy edib xoşbəxt olmaq olar. Axı, ata-babalarımızdan qalma məsəldir: "pulla xoşbəxtlik olmaz". 

Nə bahalı daş-qaşlar, nə kreditlə alınan cehiz, nə də ki, dəbdəbəli toy mərasimi xoşbəxlik sığortası deyil. Qızılsız, bəzəksiz, azçeşidli süfrəylə də toy edib xoşbəxt olmaq olar. Yeter ki, səbəbkarlar arasında səbəbsiz sevgi olsun. Çünki ən böyük zənginlik elə o hissdir. Bir günlük dəbdəbəyə, "qonşudan geri qalma" ənənəsinə görə bütün hisslərimizi, ömrümüzü kredit ödəməyə sərf etməkdənsə, sevgimizə sərf edək. Sözümüzün sonu da əvvəli kimi olsun. "Xalqımızın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var..."

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ailə büdcəsinə toy tutan toy adətləri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.