Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunda bir sıra təhsil ocaqlarının açılışında iştirak edib - FOTO

25 Fevral 2011 00:28
Baxış: 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunda bir sıra təhsil ocaqlarının yenidənqurmadan sonra açılışında iştirak edib, turizm obyektlərində aparılan əsaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olub.

Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban Əliyeva bu rayondakı problemlərə daim diqqətlə yanaşır, əhalinin narahatlığına səbəb olan məsələlərin həllinə mütəmadi kömək göstərir.

Xəzər rayonunun ən qədim yaşayış məntəqələrindən olan Şağan qəsəbəsinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada həyata keçirilən növbəti layihə 3 saylı internat evinin yenidən qurulmasıdır. Himayəyə və qorunmağa ehtiyacı olan uşaqlara diqqət və qayğı Heydər Əliyev Fondunun fəaliyyətində prioritet məsələlərdəndir.

Mehriban xanım Əliyeva Şağan qəsəbəsində 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim edilib.

Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, 1984-cü ildə inşa edilmiş internat evində əqli və fiziki cəhətdən qüsurlu olan 8-18 yaş arasında 138 uşaq yaşayır. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində həyata keçirilən yenidənqurma işlərinə 2010-cu ilin martında başlanıb.

Foyedə qurulan stenddə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolar yer alıb. Burada, həmçinin internat evinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostend də yaradılıb.

Mehriban xanım Əliyeva müasir avadanlıqla təchiz edilmiş və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans otağına baxdı, musiqi zalında uşaqların ifasına qulaq asıb.

Gənc nəslin fiziki sağlamlığına xüsusi diqqətlə yanaşılan ölkəmizdə idman zallarının müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. İnternat evinin idman zalı da ən müasir qurğularla təchiz olunub. İnternat evində 20-yə yaxın tibb işçisi fəaliyyət göstərir. Onların arasında yüksək ixtisaslı psixonevroloq, pediatr və terapevtlər var. Tibb otaqları müasir avadanlıqla və dərman preparatları ilə təmin edilib.

Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor avadanlıqları var. İnternat evində yaşayan uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata keçirilir. Azərbaycanın birinci xanımı xüsusi qayğıya ehtiyacı olan uşaqların su ilə reabilitasiyasını nəzərdə tutan otağa da baxıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat evində hər bir otaqda uşaqların sevdiyi nağıl qəhrəmanlarının təsvir olunduğu mebel avadanlığı və oyuncaqlar var. Müəssisədə uşaqlara əmək vərdişləri də aşılanır. Burada balacalar öz potensiallarını nümayiş etdirmək imkanı qazanırlar. Mehriban Əliyeva uşaqlar üçün böyük zövqlə qurulan, onların dincəlmələrini təmin edən yataq otaqlarına baş çəkib. Milli Məclisin deputatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-institusionallaşdırma məsələsi ilə maraqlanıb.

Mehriban xanım Əliyeva mətbəxdə uşaqların qida rasionunu gözdən keçirdi, müxtəlif oyunlar vasitəsilə uşaqların həm təhsilini, həm əylənməsini nəzərdə tutan otağa baxıb. Burada balacalar kompyuter öyrənir, şahmat, dama, rəsmlə məşğul olurlar.

Azərbaycanın birinci xanımı uşaqlarla səmimi söhbət edib. Uşaqlar Mehriban xanıma xatirə hədiyyəsi verdilər və öz məharətlərini də nümayiş etdirdilər.

Daha sonra Mehriban xanım Əliyeva internat evinin geniş yeməkxanasında yaradılmış şəraitlə tanış olub.

İnternat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, oturacaqlar qoyulub. Buradakı hər bir element bu evin məhz uşaqlar üçün nəzərdə tutulduğunu təsdiqləyir. İnternatın özəl təsərrüfatı da var. Balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və digər ev quşları saxlanılır. Müəssisədə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi bina inşa edilib.

Burada yaradılan şəraitdən razılığını bildirən Mehriban xanım Əliyeva kollektivə və internat evinin sakinlərinə uğurlar arzulayıb.

***

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edilib.
.
Bildirilib ki, internat məktəbinin əsaslı şəkildə yenidən qurulması Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı, keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrin tərkib hissəsidir.

Qeyd edilib ki, məktəbdə təmir işlərinə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində ötən ilin martında başlanıb. Qısa müddət ərzində məktəbin binası yenilənmiş, həyəti abadlaşdırılıb, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınıb, üzgüçülük hovuzu, su anbarı inşa olunmuş, ağac və gül kolları əkilibr. Məktəbin yenilənmiş 24 fənn kabineti hər cür dərs ləvazimatı ilə təchiz olunub. Təmirdən sonra məktəbin kitabxanasının ədəbiyyat fondu xeyli zənginləşdirilib. Burada uşaqların müasir informasiya texnologiyalarına yiyələnmələri üçün kompyuter otağı yaradılıb. Məktəbin yenilənmiş yeməkxanasında uşaqlar gün ərzində üç dəfə qidalanırlar.

Bildirilib ki, 180 yerlik məktəbdə 118 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Burada təhsil alan uşaqlar həm də müalicəvi idman kurslarından keçirlər. Bunun üçün fizioterapiya, tibbi müayinə, loqoped otaqları, idman zalı yenidən qurulub. Uşaqlarla psixoloqlar məşğul olurlar. Mehriban xanım Əliyevaya məlumat verilib ki, məktəblilərin bir qismi dərs və məşğələlərdən sonra evlərinə getsələr də, böyük əksəriyyəti məktəbin yataqxanasında qalır. Həmin uşaqların yaşayışı üçün yataqxanada hər cür şərait var.

Qeyd olunub ki, təmir zamanı məktəbin akt zalı da tamamilə yenilənib. Burada uşaqların müxtəlif intellektual tədbirlər, toplantılar keçirmələrinə əlverişli şərait yaradılıb.

Sonra Mehriban xanım Əliyeva idman zalında uşaqların məşq prosesini izləyib. Məlumat verilib ki, uşaqlar asudə vaxtlarında burada idmanın müxtəlif növləri ilə məşğul olurlar.

Məktəbdə yaradılan şəraitlə tanış olduqdan sonra Mehriban Əliyeva Heydər Əliyev Fondunun növbəti hədiyyəsini - yeni avtobusun açarlarını məktəbə təqdim edib.


***
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şüvəlan qəsəbəsində Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada aparılan təmir işləri ilə tanış olub. Məlumat verilib ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində təhsil müəssisəsinin tədris korpuslarında və yataqxanasında təmir işlərinə başlanılmışdır. Təmir başa çatdıqdan sonra məktəb yeni avadanlıqla təchiz ediləcək.

Qeyd edilib ki, bu gün qəsəbədə əksəriyyəti Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş 7 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bundan başqa, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Xəzər rayonunun Türkan qəsəbəsindəki 119 nömrəli orta məktəbin 300 şagird yerlik, Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbin 1040 şagird yerlik, Zirə qəsəbəsindəki 120 saylı orta məktəbin korpuslarının inşasına başlanıb.

Mehriban xanım Əliyeva yeni tikilən tədris korpuslarının stendi ilə yaxından tanış olub. Bildirilib ki, Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şüvəlandakı körpələr evi-uşaq bağçası da yenidən qurulub.

***

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qala qəsəbəsi ərazisinə gəlib.

Bildirilib ki, Heydər Əliyev Fondu qəsəbədəki gölün ətrafındakı ərazinin abadlaşdırılması layihəsini həyata keçirməyi nəzərdə tutur. Ərazidə yaşıllaşdırma işlərinin aparılması bu məkanda gələcəkdə müxtəlif tədbirlərin keçirilməsi, eləcə də muzey kompleksi kimi istifadə olunması üçün imkan yaradacaq.

Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, bu ərazi uzun illər ərzində yığılmış neft tullantılarından təmizlənib.

Qala kəndində Mehriban xanım Əliyeva qala divarlarının bərpası işləri ilə tanış olub. Bərpa işlərinə ötən ilin yayında başlanıb. Qala qəsri tam bərpa olunmuşdur. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərib. Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevriləcəkdir. Yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel, gizli yollar olub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun ekspediyası burada qazıntı işləri aparmış, tunc dövrünə aid olduğu bildirilən yeni tarixi əşyalar aşkar edib. Beş min il tarixə malik qəsəbədə üçüncü minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabalar, evlər, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur.

Qala kəndində "Qala" mis qablar və əntiq əşyalar muzeyinin inşası da aparılır. Muzeyin təməli ötən ilin iyununda qoyulub. Üçmərtəbəli muzey binası Şahid Həbibullayevin kolleksiyası əsasında qurulacaqdır. Hazırda mütəxəssislər ekspozisiyanın mövzusu üzərində işləyirlər. Muzey kompleksində emalatxanalar və ekspozisiya zalları olacaq.

Bu gün Qala kəndi Abşeron yarımadasında turistlərin diqqətini çəkən məkanlardan biridir. Bu səbəbdən burada restoranın inşası zərurətə çevrilib. Mehriban xanım Əliyeva ərazidə tikilən restoran binasında inşaat işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, binanın birinci mərtəbəsində kafe, ikinci mərtəbəsində isə restoran fəaliyyət göstərəcək.

Xəzər rayonunun digər qəsəbə və kəndləri kimi, Qala kəndinin də tarixi memarlıq incilərinin qorunub saxlanılması üçün genişmiqyaslı işlər görülür. Milli Məclisə Xəzər rayonundan deputat seçilən və seçicilərin etimadını layiqincə doğruldan Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qalada inşa edilən yeni obyektlər bu əraziyə turistlərin daha çox cəlb olunması işinə xidmət edir.

Milli.Az

























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.