Ramazan ayının kəffarəsi üzərinə vacib olan şəxs ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birinə bir mudd, yəni təqribən 750 qram buğda, arpa, çörək və bu kimi şeylərdən verməlidir. Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) anspress-ə verilən məlumata görə, əgər bunlardan heç biri mümkün olmasa, bacardığı qədər sədəqə verməli, əgər bunu da edə bilməsə, istiğfar etməlidir. Lakin mümkün olduğu təqdirdə, vacib-ehtiyata əsasən, kəffarəni ödəməlidir.
Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs gərək bir ayı bütün və onun bir gününü o biri aydan olmaqla ardıcıl tutmalıdır. Əgər onun davamındakı otuz gün ardıcıl olmasa, eybi yoxdur. İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.
Ardıcıl oruc tutmalı olan bir şəxs əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən başlayaraq ardıcıl tutmalıdır. Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyil. Üzrün aradan qalxmasından sonra orucların davamını yerinə yetirər.
Əgər haram şeylə orucunu batil etmişsə, istər o şey şərab və zina kimi əslində haram olsun, istərsə də insana zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi bir səbəb üçün haram olsun, müstəhəbb-ehtiyat odur ki, kəffarəni cəm versin, yəni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun, ya da onların hər birinə bir mudd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, yerinə yetirsin.
Əgər oruc tutan şəxs Allaha və Peyğəmbərə (s) qəsdən yalan nisbət versə, müstəhəbb-ehtiyat odur ki, bütün kəffarələri qabaqkı məsələdə deyildiyi kimi yerinə yetirsin. Oruc tutan şəxs orucu batil edən işlərdən birini görsə, onların hamısı üçün bir kəffarə kifayətdir.
Oruc tutan şəxs orucu batil edən halal bir iş görsə, məsələn, su içsə və sonra orucu batil edən haram bir iş görsə, məsələn, haram xörək yesə, bir kəffarə kifayətdir.
Oruc tutan şəxs gəyirmək vasitəsilə ağız boşluğuna gələn bir şeyi qəsdən udarsa, orucu batil olar və o, həmin günün orucunun qəzasını tutmalıdır. Həmçinin, kəffarəni də yerinə yetirmək ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir maddə gələrsə və onu udarsa, həmin günün orucunun qəzasını tutmalıdır, cəm kəffarəsini yerinə yetirməsi isə ehtiyat-müstəhəbdir.
Müəyyən bir gündə oruc tutacağını nəzir edən şəxs o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzirin pozulması kəffarəsində izah olunacaq.
Oruc tutan şəxs sözünə etimadı olmadığı bir şəxsin "iftar oldu" deməsi ilə orucunu yesə və sonra da iftar olmadığını bilsə və ya iftar olub-olmadığında şəkk etsə, həmin günün orucunun qəzası və kəffarəsi ona vacib olar.
Qəsdən orucunu batil edən şəxs zöhr vaxtından sonra səfərə çıxsa, ya kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta zöhrdən əvvəl qarşıya çıxan səfərə getsə, yenə də ona kəffarə vacibdir.
Oruc tutan şəxs qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya digər xəstəliklər kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbdir.
Əgər ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra şaban ayının son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.
İnsan ramazanın son günü, yoxsa şəvval ayının biri olduğundan şübhələndiyi gündə qəsdən orucunu pozarsa, belə ki, sonradan şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib olmaz.
Oruc tutan şəxs ramazan ayında oruc olan xanımı ilə cima edərsə, belə ki, xanımını bu işə məcbur etmişdirsə, həm özünün, həm də ehtiyata əsasən, xanımının kəffarəsini yerinə yetirməlidir. Əgər xanımı cima etməyə razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.
Əgər bir qadın oruc tutan ərini özü ilə cima etməyə məcbur etsə, vacib deyildir ki, ərinin orucunun kəffarəsini yerini yetirsin.
Əgər oruc tutan şəxs mübarək ramazan ayında oruc tutmuş və yatmış olan arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir.
Əgər kişi öz arvadını, ya arvad öz ərini cima etməkdən başqa, orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.
Səfər və ya xəstəlik səbəbi ilə oruc tutmayan şəxs öz oruc tutmuş arvadını cima etməyə məcbur edə bilməz. Lakin onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.
İnsan kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməməlidir, lakin dərhal yerinə yetirməsi də lazım deyil. Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey əlavə edilməz.
Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan şəxs altmış fəqir tapa bilməsə, tapdığının hər birinə bir muddan artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doydurmasın. Lakin fəqirin ailəsi olsa, insan onun fəqir ailə üzvlərinin hər biri üçün hətta azyaşlı olsalar da, bir mudd təam verə bilər.
Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, on yoxsulun hər birinə bir mudd (750) təam versin. Əgər bunu verə bilməsə, üç gün oruc tutsun.
Orucun yalnız qəzası vacib olan yerlər:
Bir neçə yerdə (əvvəldə qeyd edilən yerlərdən başqa) oruc tutan şəxsə ancaq orucun qəzası vacibdir və kəffarə lazım deyil:
1. Ramazan ayı gecəsində cünub olan şəxsə, cima məsələsində deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan oyanmasa.
2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti etməsin, ya riya etsin, ya oruc olmasını niyyət etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini niyyət etsə, gərək lazım ehtiyata əsasən, o günün orucunu qəza etsin.
3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün ya bir neçə gün oruc tutarsa.
4. Ramazan ayında sübhün daxil olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa; bu təqdirdə ehtiyata əsasən mütləq-qürbət qəsdi ilə orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
5. "Sübh olmadı" deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra sübh olduğu məlum olarsa;
6. Ona "sübh oldu" deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini başa düşdüyü halda, özü də araşdırmadan orucu batil edən bir işi gördükdən sonra sübh olduğu məlum olarsa;
7. Kor bir insan, ona şəri cəhətdən höccət olan şəxsin sözünə əsasən iftar etsə və sonra iftar vaxtı olmadığı məlum olarsa;
8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edə, sonra da iftar vaxtı olmadığı məlum olarsa; amma buludlu havada axşam olduğunu zənn edib iftar edərsə, belə ki, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib olması ehtiyata daha uyğundur.
9. Susuzluq cəhətindən ağzında suyu məzməzə etsə və bu əsnada ixtiyarsız olaraq boğazına su gedərsə, yenə əgər vacib namazdan qeyri bir şey üçün dəstəmaz aldığı zaman məzməzə edərkən boğazına su yetişərsə, onu qəza etmək ehtiyat-müstəhəbdir. Amma oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq su boğazına yetişərsə, qəzası yoxdur.
10. Bir kəs məcburiyyət, ya zərər, ya təqiyyə cəhətindən iftar etsə, qəza etməsi lazımdır, amma kəffarə ona vacib deyildir.
Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, ya suyu burnuna alsa və ixtiyarsız udsa, qəza ona vacib deyildir.
Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Məzməzə etdikdən sonra ağzının suyunu udmamışdan qabaq üç dəfə çölə tökməsi daha yaxşıdır.
Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq boğazına su gedəcəyini bilsə və ya ehtimal verərsə, məzməzə etməməlidir. Həmçinin unutqanlıqla suyun boğazına yetişəcəyini bilsə də, lazım-ehtiyata əsasən eyni hökmdür.
Əgər ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa, orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.
İnsan məğrib olub-olmadığından şəkk edərsə, iftar edə bilməz. Amma sübh olub-olmadığından şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.
Milli.Az