Ötən ay ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 8 nəfər ilansancma hadisəsi ilə bağlı müraciət edib. Bu barədə bildirən Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ilansancma halları Beyləqan, Qaradağ, Bakı ətrafı ərazilər, Xəzər rayonu və Şəmkirdə baş verib. Ay ərzində şöbəyə qara qurd və əqrəb sancma halları ilə bağlı heç bir şikayət daxil olmayıb.İlansancma zamanı ilkin yardım olaraq neynəməli?
Azər Maqsudov havaların isinməsini nəzərə alaraq ilan, qara qurd və əqrəb sancmalarından qorunmaq üçün əhaliyə xəbərdarlıq edib: "Əhali, xüsusən isti havalarda dağlıq, yaşıllıq bölgələrə istirahətə gedən sakinlərimiz otluq, meşəlik yerlərdə diqqətli olmalıdır. Əgər sancma hadisəsi yaşanarsa, ilkin yardım olaraq həmin bölgəni hərəkətsiz saxlamaq və buz qoymaq lazımdır. Daha sonra xəstə mütləq xəstəxanaya çatdırılmalıdır".
Ümumiyyətlə, havalar isindikcə, ilan və digər həşəratların sancma halları da artır. Ekoloq Araz Əliyevin sözlərinə görə, ilanlar xüsusilə yaz və yay aylarında üzə çıxırlar. Qışda qida tapmaqda çətinlik yaşayan bu heyvanlar buna görə uzun müddət qış yuxusuna gedirlər. "İlan uzun müddət aclığa dözə bilən heyvandır. Ancaq yaz-yay aylarında ayılan kimi ova çıxırlar. Ac olduqları üçün bəzən dinc əhaliyə də hücum çəkə bilirlər. Buna görə də açıq sahələrdə çox diqqətli olmaq lazımdır. Bəzi ilanlar, məsələn kobra, zınqırovlu ilan, palçıq ilanı çox zəhərli olduğu üçün sancan kimi öldürür. Zəhərli ilanların çoxunun gözü xətt halında və oval, başları üçbucaq formasında, başlarının hər iki yanında gözləriylə burun dəlikləri arasında incə bir çuxur olur. Buna görə də bu cür ilanlara çuxurlu zəhərlilər deyilir. Zınqırovlu ilanların isə quyruqlarının ətrafında olan qara halqalardan zınqırov kimi bir səs gəlir. İlk baxışda ilanın zəhərli olub-olmadığını bilmək o qədər də asan deyil".
Müsahibimiz deyir ki, ilan dişləyən zaman üst çənədəki zəhər əzələlərin sıxılması ilə boşaldılaraq bir kanalla hər iki yandakı dişlərdən dişlənilən yerə tökülür. Dişlənilən yerdə bir və ya birdən çox diş yeri - deşik qalır. Əgər diş yerləri arasında məsafə böyükdürsə, bu, ilanın böyük olduğunu ifadə edir.
A.Əliyevin dediyinə görə, ilanlar boş yerə insana hücum etmir. Əksinə, onlar insandan qaçırlar: "Buna görə də, hardasa qarşınıza ilan çıxarsa, yanından keçin. Onu çubuqla narahat etmək və ya daş ataraq qovmaq olmaz".
İlanlar kar olur, onlar torpaqdan gələn səslə ətrafda olanları hiss edir. Buna görə də ilan normal addım səsini qaçışdan ayıra bilir. "İlan görəndə qaçmayın. İlanlar həddindən artıq qorxmadıqca, narahat edilmədikcə, küncə sıxışdırılmadıqca və tapdalanmadıqca bir insanı dişləməzlər".
İlanlar, ümumiyyətlə, kolların altında, ot tayalarında, kənara yığılmış daş qalağında, odun parçaları altında gizlənirlər. Ona görə də belə yerlərə birbaşa əl soxmaq olmaz. Əvvəlcə həmin yerdə səs yaradıb, ilanların qaçmasını təmin etmək lazımdır. "Olduğunuz mühitdə, qaya, daş və ya kötükləri yerindən tərpətməyin. Əgər bu, vacibdirsə, qaldırdığınız kötüyü özünüzə tərəf çəkin ki, altında olan ilan qabağa qaçsın, sizin üstünüzə yox. Xaraba, qəbiristanlıq və ya yaşayış olmayan yerlərə girərkən diqqətli olmaq lazımdır. İlanlar dişlərini qalın ayaqqabıya və ya cins qalın şalvara batıra bilməzlər, odur ki, belə yerlərə girəndə qalın şalvar və ayaqqabı geyinin".
Dişləyən ilan öldürülübsə, quyruğundan tutaraq daşıyın. Zəhərli ilanlar, ümumiyyətlə, günəşin batdığı və doğulduğu alaqaranlıq saatlarda və gecə ova çıxırlar.
Bəzən deyirlər ki, "ilan ulduz görməsə ölmür". Bunun üçün ölmüş ilanı basdıran zaman quyruğunu çöldə qoymaq lazımdır. İlanı başından vurarkən dibdən vurmaq lazımdır. Əks halda, üzərində 10 sm bədəni qalarsa, ilan yaşayıb qisasını ala bilir.
Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, əgər ilan sancan kimi yeri qızarıb şişməyə başlayırsa, bu, ilanın zəhərli olduğu mənasını verir. Zəhərli ilan sancan zaman bir neçə dəqiqə ərzində yerində qızartı, şişkinlik və ağrı olur. "Dişlənilən yerdə içi qanlı və ya maye dolu kisələr, dəri altında qanaxmalar meydana gəlir. Ürək bulanması, qusma ilə yanaşı müxtəlif orqanlarda qanaxma müşahidə edilə bilər. Zəhərin bədənə yayılmaması üçün ilan sancanı hərəkət etdirmək olmaz" deyən həmsöhbətimiz bildirir ki, bədənə daxil olan zəhərin miqdarı, zəhərin gücünə, sorulan zəhərin miqdarına və bədənin böyüklüyünə görə təhlükə meydana gətirir. Dişlənilən yerin dəri və yağ təbəqənin qalınlığı da buna təsir edir. İlan zəhərləri ən çox mərkəzi sinir sisteminə (beyin, beyincik və onurğa iliyi) və qan-damar sisteminə təsirini göstərir. Uşaqlarda daha təhlükəlidir.
İlan sancan adamda ürək bulanması, qusma, tərləmə, huşunu itirmə, xəstənin ağzında kauçuk dadı, təzyiqin qalxması, həddən artıq tüpürcək ifrazatı, danışma çətinliyi, görmə pozuntusu, əzələ səyirməsi, burun qanaması, sidik, nəcis və ya tüpürcəkdə qan müşahidə edilə bilər. İlan sancan şəxsdə mürgüləmə, diafraqma və digər tənəffüs əzələlərində iflic, tənəffüs dayanması və ölüm baş verə bilər.
Həkim bildirir ki, ilan sancması baş veribsə, birinci növbədə həmin yeri sorub zəhəri kənara atmaq lazımdır. "Daha sonra yara yuyulub antibiotik məlhəm yaxılaraq sarınmalıdır. Xəstə kürək üstü yatırdılmalıdır. Dişlənilən yerdən 5 sm yuxarıdan və 5 sm aşağıdan boğucu sarğı sarınmalıdır. Bu limfatik axını dayandırmaq üçündür. Yara xaç şəklində kəsilməli və məcburi olmadıqca ağız istifadə edilmədən yara sorulmalıdır. Siz bunu adi şpris ilə də edə bilərsiniz".
Xəstəyə qəhvə, spirtli içki, isti içki və s. kimi dövranı sürətləndirəcək maddələr verilməməlidir. Xəstənin gəzməsinə icazə verilməməlidir. İlan şah damara yaxın bir yeri dişləyibsə, ölüm ehtimalı daha yüksək olur.
Qeyd edək ki, ölkədə bütün Təcili Tibbi Yardım Stansiyalarında ilan zəhərinə qarşı zərdablar saxlanılır.
Dünyada ilansancmadan qaynaqlanan zəhərlənmə və ölüm halları ən çox Cənubi Asiya, Cənub-şərqi Asiyada müşahidə edilir. Ən çox ölüm halları isə Hindistanda baş verir.
Ekspress.az