Cəmiyyət

Azərbaycanlı yazıçı: "İçimdə hələ deşilməmiş çibanlar var"

10 Fevral 2015 23:10
0 Şərh     Baxış: 2 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əzimə Ağalarova Zərdab rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinin məzunudur. 1993-cü ildən Almaniyanın Hamdurq şəhərində yaşayır. "Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" romanlarının müəllifidir. Ədəbi ictimaiyyətə birdən-birə iki roman təqdim etməsi Əzimə xanımla söhbətləşməyimizi zəruri etdi.

"Gecələrdə gizli qaldım" və "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" romanlarına, bəlkə də, qürbətin daşlaşmış nisgilliri də demək olar. Müəllif əsərlərin il yarıma yazıldığını deyir. İlk qələm sınağı üçün qısa zamandır, amma inandırıcıdır. Çünki birnəfəsə oxunur. Hər iki əsərin əsas süjet xətti sevgi mövzusu olsa da, oxucu burada tarixi məlumatlarla da, kriminal hadisələrlə də, keçmiş SSRİ KQB-sinin iş metodları ilə də qarşılaşır.

- Sizi oxuculara necə təqdim edək? Xarici dil müəlliməsi, DİN əməkdaşı, miqrant, yoxsa yazıçı?

- Düzdür, mən Xarici Dillər İnstitutunu bitirmişəm, amma bir gün belə, müəllimə işləməmişəm. Əmək fəaliyyətimə DİN-də başlamışam. 1993-cü ilin dekabr ayından isə Almaniyada yaşayıram. Bu baxımdan miqrantam. Yazıçı sözünü isə özümə heç yaraşdıra bilmirəm, daha doğrusu, mənə yaraşdırdığınız bu sözdən utandım. Cəmi iki kitab yazan birisinə yazıçı adı vermək olarmı?

- Həyat yolunuzdakı bu ziqzaqı necə izah edərdiniz?

- İnanın, heç özüm də bilmirəm. Bəlkə də həyatın məni yönləndirdiyi axara düşmüşəm, kim bilir?

- Bu yaxınlarda sizin iki irihəcmli əsərinizi oxudum. Buna qədər imzanıza rast gəlməmişəm. İlk dəfə qələminizi nə vaxt sınamısınız?

- Mən təxminən iki il bundan qabaq böyük nəvəm Adelin bir sözü ilə yazmağa başlamışam. Adel dördüncü sinifdə oxuyur. Çox gözəl inşalar yazır və hər dəfə də yazdığını mənə oxuyur. Mən də məktəbdə oxuyanda gözəl inşalar yazardım. Bir gün bunu ona dedim və əlavə etdim ki, 15 yaşımda olanda əsər yazmaq istədim, amma sonra fikrimdən daşındım. O da dedi ki, nənə, indi yaz. "Yox, indi olmaz, gecdir",-dedim. İsrar etdi, "mənim xətrimə yaz" dedi. Mən də nəvəmin o sözündən sonra yazmağa başladım və il yarımın içində iki roman yazdım. Bundan əvvəl heç nə yazmamışam.

- "Gecələrdə gizli qaldım" əsərini yazmağa başlayanda onun roman olacağını əvvəlcədən planlaşdırmışdınız, yoxsa?...

- Əlbəttə, planlaşdırmışdım. Kiçikhəcmli yazı yazmağı özümə sığışdırmadım. İnanın ki, 21 ildir Azərbaycan ədəbiyyatını mütaliə etmirdim, nə yalan söyləyim, heç izləmirdim də. Bəlkə də mən illərdir içimdə yığılıb qalmış və daşlaşmış olan nisgillərimi yazdım. Duyğularım diktə etdi, mən də yazdım.

Hələ birinci kitabı yazarkən Bakıya gəlmişdim. Çox hörmətli müəllimim professor Adil Babayev və Dillər Universitetinin kafedra müdiri professor Fəridə xanım Səfiyeva ilə görüşdüm və hazır səhifələrdən bir neçəsini onlara oxudum. Bəyəndiklərini söylədilər. Həcmin çox böyük olmamasını, fikirlərimi təxminən 200-250 səhifədə yekunlaşdırmağı tövsiyə etdilər. Dedilər ki, indi irihəcmli əsərlər oxunmur, oxucunu yorur. Mən də "Gecələrdə gizli qaldım" əsərini 256 səhifədə tamamladım. Sonra ikinci romanı başladım və qısa müddətdə bitirdim.

- Bu əsərlərin ilk qələm sınağı olduğuna adamın inanmağı gəlmir. Yazmağa yenicə başlayan qələmdə bu qədər təxəyyül məhsulu hardandır? Əsərin adı da çox cəlbedicidir: "Gecələrdə gizli qaldım"...

- Əgər oxucunun ruhunu oxşaya bilmişəmsə, çox xoşbəxtəm. Mən özüm də gecələri çox sevirəm. Kitab oxumağı, iş görməyi, televizora baxmağı, düşünməyi gecələrə saxlayıram. Gündüzlə aram heç yoxdur. Yəqin buna görə də Baharı gecələrdə gizli saxladım.

- Romanın ön sözündə qəhrəmanların əsl şərqli olduqları deyilir. Mən Baharı şərqli, Adili isə avropalı kimi görürəm...

- Bu sizin azad düşünmə haqqınızdır. Mən isə bu məsələyə tamam başqa cür - Adilin gözləri ilə baxıram. Adil əsərin bir yerində belə deyir: "O gün mən o qızı sevmək üçün həyatımı əbədilik tərk etdim".

- Əlbəttə, Adil şərq kişisi kimi sevir. Amma şərq kişisi nə qədər möhkəm sevsə də, Bahar kimi əldən-ələ düşmüş qadını (bunun bilərəkdən və ya bilməyərəkdən olması mühüm deyil) qəbul eləyə bilmir.

- Bax sizin Bahar haqqındakı düşüncələriniz heç xoşuma gəlmədi. Bahar çox saf və təmiz bir qadındır. 15 yaşında bir sevdaya tutulub. Bu hər kəsin başına gələ bilər. Tək qalması sonrakı həyatına güclü təsir edir, düzgün qərarlar verə bilmir. Atdığı addımın doğruluğuna inanır, amma sonra görür ki, səhv edib. Yol göstərəni yoxdur. Həyatda öz yolunu tapa bilmir. Sonralar o da Adili sevir, amma artıq özünü ona layiq bilmir. Bu da onun Adilə olan sonsuz sevgi və hörmətindən irəli gəlir.

- "Leyli və Məcnun", Əsli və Kərəm", "Tahir və Zöhrə"... Bu məntiqlə gərək siz romana "Bahar və Adil" adı verəydiniz...

- Sizcə, bu, çox çeynənmiş bir ad olmazdımı? Siz də bayaq dediniz ki, əsərin adı cəlbedicidir. Bakıda keçirilən təqdimat mərasimində də iştirakçılar əsərin adı ilə bağlı xoş sözlər dedilər. Əsərin adı ilə əlaqədar Adillə müxbir arasında olan bir dialoqu təxmini xatırlatmaq istəyirəm:

- Adil bəy, sevdiyiniz qız necə oldu, yoxsa o, keçici hiss idi?

- Xeyr, o həmışə mənimlədir.

- Amma indiyədək heç bir paparazzi sizi çəkə bilməyib...

- Mən onu hər kəsdən, hər şeydən gizlədərək gecələrdə saxlayıram.

- Niyə gecələrdə?

- Çünki məni anlayan tək dostumdur gecələr.

Beləcə, Soraya atasının yazdığı xatirə dəftərini oxuyana qədər Adilin sevgisi gecələrdə gizli qalmışdı. Elə buna görə də "Gecələrdə gizli qaldım" adını seçdim.

- Kənanı niyə "xəstələndirdiniz"? Onu Sorayanın qardaşı olduğuna başqa cür inandıra bilməzdiniz?

- Mən bu yolla Kənanı Sorayanın qardaşı olmasına inandırmağa çalışmamışam... Mən qəhrəmanımı sınamaq istədim. Dedim ki, görəsən Adil Sorayanın orqanını qardaşına verməyə razı olacaqmı? Axı ondan başqa hec kim Sorayanın Kənanın bacısı olduğunu bilmirdi...

- Siz öz qəhrəmanınıza inanmırdınız?

- Mən ona çox inanırdım. Bilirdim ki, o, Bahar üçün və hətta onun oğlu üçün ölümə belə gedər, amma Sorayanın orqanını verərdimi, bunu bilmirdim. O, əvvəl donor axtarır, çox yüksək məbləğdə pul təklif edir, amma donor tapılmır, artıq başqa yolu qalmır, boğulur, özünü Sultan Əhməd məscidinə çatdırır, Rəbbinə sığınır. "Ya Rəbb, canımı al, amma məni qızımla sınağa çəkmə. Axı mən ona necə izah edim ki, sən canından bir parçanı can qardaşına verirsən, axı o, qardaşı olduğunu bilmir. Yaxşı, bəs mən ona necə deyim ki, sən canından bir parçanı başqasına ver", - deyir. Çox çıxılmaz vəziyyətdə qalır və nəhayət, qərar verir.

- Əsərinizi xoşbəxt sonluqla bitirə bilməzdiniz?

- Mənə elə gəlir ki, onda əsər bu qədər təsirli olmazdı. Bilirsiniz, mən bu əsəri yazanda o hadisələrlə yaşadım, sanki hər an onlarla bir yerdə idim. Yazdıqca hönkür-hönkür ağlayırdım. Bəzən göz yaşımdan sətirləri görə bilmirdim, yazı masasından aralanırdım. Maraqlıdır ki, əsəri oxuyan hər kəs kövrəldiyini, ağladığını söyləyir. Deməli, səhv etməmişəm.

- Gəlin bir az da "Bakıdan Qahirəyə və Stokholma uzanan yol"un havasına girək. Bir müddət Daxili İşlər Naziliyində işləmisiniz. Xaricə köçərkən bu, sizə mane olmadı?

- O zaman Azərbaycan artıq müstəqillik qazanmış bir dövlət idi. Mənim xaricə getməyimdə heç bir çətinlik olmadı, yəni heç bir təzyiqə məruz qalmadım.

- KQB-nin işgəncə metodlarını təcrübədə görmüsünüz, kitablardan oxumusunuz, yoxsa bunlar da təxəyyül məhsuludur?

- İcazənizlə bu suala cavab verməyim.

- Bu suala cavab verməməyiniz özü bir cavabdır. Razısınız?

- O sizin fikrinizdir...

- Əsərlərinizdən hiss olunur ki, çoxlu xarici ölkələrdə olmusunuz. O ölkələrin birində Dilarəyə olunan təklif sizə olunsaydı, özünüzü necə hiss edərdiniz? Tanımadan, ilk baxışdan bir əcnəbiyə aşiq olmaq bir az qəribə deyilmi?

- Bəli, 30-dan artıq ölkədə olmuşam. Mən ilk baxışdan aşiq olmağa inanıram, həm də çox inanıram. Eşq nə din, nə yaş, nə də millət tanıyır. İnsan onun haradan və necə gəldiyini belə bilmir. Amma mən də Dilarə kimi, mütləq neytral mövqe tutardım. Nə vətənimə xəyanət edərdim, nə də sevdiyim adama...

- "Gecələrdə gizli qaldım"dan fərqli olaraq, burada oxucuya xoşbəxt sonluq bəxş etmisiniz. Oxucunu güclü stresə saldığınızın fərqinə vardığınızdan belə etdiniz?

- Əslində oxucudan əvvəl özüm stresə girirdim, nə qədər ağlamaq olar? Düşündüm ki, heç olmasa, burada qəhrəmanlar gec də olsa, qovuşsunlar. Yoxsa, vay mənim halıma...

- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, yazıçı sözünü özünüzə yaraşdırmırsınız. Demək istəyirsiniz ki, bu, bir ruzigar idi, əsdi getdi? Hər şey bitdi?

- Yox, elə demək istəmədim. Mən iki kitab yazmaqla özümü yazıçı adlandıra bilmərəm axı. Amma əgər səhhətim imkan verərsə, davam edəcəm. İçimdə hələ deşilməmiş çibanlar var.

Tək bir şey söyləmək istəyirəm. Bakıdakı təqdimat mənim xatirimdən heç vaxt silinməyəcək. Orada gənclərin çıxışları o qədər canlı, o qədər maraqlı idi ki... Mən o atmosferdə özümü bir anlığa yazıçı kimi hiss etdim. Amma sonra bu hiss keçib getdi. Orada gənc bir qızımızın - təəssüf ki, adını bilmədim - çıxışı hər kəsi kövrəltdi. Sonda o tələbə mənə dedi ki, Əzimə xanım, yəqin ki, bizim sözümüz sizə nəvənizinki kimi təsir etməz, amma bizim sizin əsərlərinizdən öyrənəcəyimiz çox şey var, ona görə də gələn il bu vaxt sizdən yeni əsər gözləyirik.

Mən indi sizin qəzetiniz vasitəsilə o gözəl qıza demək istəyirəm ki, onun sözü mənə elə nəvəmin sözü qədər təsirli oldu və mən mütləq oktyabr ayına qədər onların qarşısına yeni bir əsərlə çıxacam..

- Əzimə xanım, mənim oxuduğum kitablar sırasına daha 2 kitab əlavə etdiyinizə və bəzən sərtləşən suallarıma səmimi cavablar verdiyinizə görə sizə təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.