Cəmiyyət

Bakıdan qovulmuş mədəniyyəti qaytarmayan niyyət nədir? - FOTO

23 Yanvar 2015 00:10
6 Şərh     Baxış: 8 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın bir zamanlar tramvay adlı mədəniyyəti var idi. Nədənsə mədə niyyətli insanların tamahına tuş gəldi. Çox rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi idi. Şəhərimizə gözəllik qatan, insanların həyatını rahatlaşdıran, ekologiyamızı da təmiz saxlayan tramvaylar illər əvvəl Bakıdan qovuldu

İndi paytaxt küçələrində ədəbsiz sürücülərin idarə etdikləri tüstülü avtobuslar meydan sulayır. Bu avtobusların yaratdığı səs-küy, buraxdığı qara tüstü sağlamlığımızı əlmizdən alır, sürcüləri isə əsəblərimizi korlayır, ömrümüzü qısaldırlar. Tramvaylara isə nostalgiya kimi baxırıq.

Bütün şəhərlərdə tramvayların müasirləşdiyi, yeni texnologiyanın tətbiq edildiyi bir zamanda bizim paytaxtımızda bunu lazımsız gördülər. Dəmir yollarını sökdülər və hər iki ildən bir təmirə ehtiyac duyan asfalt çəkdilər. İndi şəhərin tıxaclarına baxdıqca, avtomobillərdən çıxan zəhərli tüstünü udduqca, xarici ölkələrə səfər zamanı tramvayın necə rahat nəqliyyat vasitəsi olduğunu gördükcə, könlümüz qubar olur. "Bir zamanlar bizim də varımız idi", - deyirik.

Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. Sonradan həmin xətlər genişlənmiş və şəhərdə böyük bir tramvay xətti şəbəkəsi yaradılmışdı. Ancaq sonradan nədənsə lazımsız bilindi.

Sabunçu vağzalı qarşısında tramvay

Hərdən paytaxtın bu nəqliyyat növünə göz gəzdirəndə görünür ki, sanki, bu nəqliyyat növləri məqsədyönlü şəkildə məhv edildi. Sovetlər dönəmində tramvay şəhər sakinlərinin əvəzolunmaz nəqliyyat vasitəsi idi. Lakin zaman dəyişdikcə, texnologiyalar da dəyişdi, insanların tələbatları da buna uyğunlaşdı. Bakının tramvayları isə yenilənmədi. Köhnə, səs-küylə işləyən, tez-tez xarab olan tramvayları yeniləməyi düşünən olmadı. Nəticədə şəhər sakinləri də həmin nəqliyyat vasitələrindən az istifadə etməyə başladılar. Şəhərdə tıxacların az olduğu vaxtlarda sürətlə şütüyən, qaydaları pozaraq əks istiqamətə çıxan, harada gəldi saxlayan mikroavtobuslarla rəqabətə tab gətirə bilmədi. Ona görə də sıradan çıxdı. Zamanla gördük ki, həmin avtobuslara meydan vermək ən böyük səhv imiş.



Dünyanın bütün inkişaf etmiş şəhərlərində tramvay və elektrik qatarları əvəzolunmaz nəqliyyat vasitəsidir. İstanbulda tramvay vacib nəqliyyat vasitələrindən biridir. İnsanların əksər hissəsi avtobus və ya taksidən deyil, məhz tramvayların xidmətindən yararlanırlar. İstanbulun Atatürk hava limanının üstün cəhəti şəhərin mərkəzindən oraya tramvay xəttinin işləməsidir. Xarici səfərlərdə tez-tez olan insanlar yaxşı bilirlər ki, tanımadığın bir şəhərin hava limanında mənzil başına çatmaq üçün taksiyə minmək ən ağılsız addımdır. Çünki taksi sürücüsü turist olduğunuzu görüb real qiymətdən dəfələrlə artıq gediş haqqı tələb edəcək. İstanbulda isə vəziyyət başqadır. Hava limanından çıxan kimi yer altında olan tramvay xəttinə keçmək olur. İstanbul tramvayı şəhərdə çox mükəmməl nəqliyyat vasitəsidir. İstənilən yerə getmək üçün taksidənsə tramvaya minmək həm sərfəlidir, həm də qısa müddət üçün gəldiyiniz şəhərdə dəyərli vaxtınıza qənaət etmiş olacaqsınız. Taksinin tıxaca düşmək ehtimalı böyükdür, ancaq tramvay xəttinin relsləri üzərində heç vaxt tıxac olmur.



Bu cür nümunələri başqa şəhərlər barədə də söyləmək mümkündür. Afina şəhərində də bir zamanlar tramvay ləğv edilmişdi. Lakin sonradan daha müasir tramvay xətti çəkildi. Belə nümunələri çox göstərmək olar.

Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istifadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var.



Bu gün Bakı şəhərində addımbaşı tıxacların şahidi oluruq. Tramvay xəttinə isə başqa nəqliyyat vasitəsinin daxil olması mümkünsüzdür. Bu səbəbdən də tramvaylar onlar üçün ayrılmış xətt üzrə, yəni marşrut üzrə müəyyən olunmuş vaxt üzrə təyin olunan ünvana çata bilirlər. Bu da insanlara çox sərfəlidir. Ancaq bakılılar, hələ ki, bu zövqdən məhrum olublar.

Gələcəkdə Bakının da tramvaylarının geri qayıdacağını deyirlər. Amma "həmin "gələcək" nə vaxt gələcək?" sualına cavab tapan yoxdur. Yalnız ortalıqda söz gəzir. Deyirlər ki, OLACAQ... Tramvayın xətləri avtobuslardan milyonlar qazananların niyyətləri ilə kəsişməsə...

Teymur Hacıyev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.