"Allah uzun ömür, cansağlığı versin", "Allah ruzini bol eləsin", "Allah səni xoşbəxt eləsin"... gündəlik həyatımızda bu kimi alqışlardan çox istifadə edirik. İnsanlar öz təşəkkürünü, minnətdarlığını bildirmək üçün alqış edir, gücü çatmayanda, çarəsiz vəziyyətə düşəndə isə gücü qarğışa çatır. Alqış və qarğışların karmik təsirləri olduğu üçün onları dilinə gətirən və alqış-qarğış sahibi olan şəxslər ondan mütləq formada təsirlənirlər.Alqış və qarğışın insan psixologiyası və fiziologiyası üzərində böyük təsirləri var
Amerikada və İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, alqış və qarğışın insan psixologiyası və fiziologiyası üzərində böyük təsirləri var. Belə ki, araşdırmalarda xəstələr üçün dua etmənin, xəstəni alqışlamağın onun narahatlıq əlamətlərini azaltdığını və yaxşılaşma müddətini sürətləndirdiyi müəyyən edilib. Miçiqan Universitetinin araşdırmasına görə, dindarlarda depressiya və stress daha az müşahidə edilir, nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti hər hansı bir dinə bağlı olmayanlara müqayisədə 25 faiz daha azdır. Belə ki,750 anju edilən xəstə üzərində aparılan araşdırmada müəyyən edilib ki, dua edən xəstələrin etməyənlərlə müqayisədə ölüm nisbəti 30 faiz azdır.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, dua stressi azaldır, psixoloji baxımdan rahatlaşdırdığı kimi qarğış insanı stressə salır, əsəb gərginliyi yaradır. "Dua zamanı insan beyninin işləməsi müsbət istiqamətdə dəyişir və bədən funksiyaları sakitləşir. Dua edən xəstələr xəstəliyin gətirdiyi streslə rahat bacara bilir. Xəstəlik əsnasında depressiv əlamətlərin ortaya çıxma nisbəti daha aşağı olur və bu əlamətlər qısa müddətdə yox olur. Stress bədənin təbii müalicə mexanizmini dayandırır və bədənin xəstəliklə mübarizə gücünü zəiflədir. Duanın stressi azaltma gücü bədənin xəstəliyə qarşı mübarizə gücünü artırır. Qarğış isə ikibaşlıdır. Yəni, deyilən söz həm deyənə, həm də deyilənə öz mənfi təsirini göstərir".
Mütəxəssislərin fikrincə, ən təhlükəli, ağır və tez tutan ata qarğışıdır. Ata qarğışı tez bir zamanda həyata keçir və ölümlə belə nəticələnə bilər. Avetsada deyilir: "Ulu Tanrı, sən bizi Ata qarğışı ilə qarşılaşdırma!"
İnsanın ruhu ataya, bədəni isə anaya tabedir. Bu fakt bir çox qədim mənbələrdə yer alıb. Əgər ana qarğış edərsə, bu, bədənə təsir edir, zərbə birbaşa bədənə dəyir. Astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin sözlərinə görə, ana qarğışı nadir halda ölümlə nəticələnə bilər. Ana qarğış edərsə, yol qəzası, sınıq-çıxıq, yanma və ya digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha toxunduğu üçün qarğış edilən adam ya ölür, ya da dəli olur. "Bu səbəbdən də övlad yaralananda, xəsarət alanda ananın, öləndə isə atanın ürəyinə damır. Qarğış edilən yerə də təsir edir. Bəzi adamlar var ki, onlar başqasının evində qarğış tökürlər. Belə olanda qarğışın bütün ağırlığı olduğu yerə tökülür. Ona görə də kiməsə sizin evinizdə qarğış istifadə etməyə icazə verməyin".
Astroloq deyir ki, əslində qarğış edənlər ən aciz, qorxaq, bədbəxt və çarəsiz insanlardır. Bəzən insanlar yemək bişirəndə, çay hazırlayanda, paltar yuyanda, xəmir yoğuranda kimisə qarğıyırlar. Belə qarğışlar çox acı fəsadlarla nəticələnir. "Çörək bişirəndə, yemək hazırlayanda, xəmir yoğuranda və s. bu kimi işlər görülən zaman qarğış etmək olmaz. Çünki həmin qarğışlar yeməyə, çaya, paltara tökülür və ailə üzvlərinə keçir. Bununla yanaşı qarğış edilən insanın da adı çəkildiyi üçün onun ağırlığı və problemləri ailə üzvlərinin üzərinə tökülür".
"Allah ürəyinə görə versin" ifadəsi isə dilimizdə həm alqış, həm də qarğış kimi qəbul edilir. Çünki bu ifadə iki məna daşıyır. İnsan pisdirsə, qarğış, alicənab, xeyirxah insandırsa, alqış kimi qəbul edilir.
Müsahibimiz deyir ki, "qarğışın iki başı var" ifadəsi də düzgündür. Əgər qarğış edən haqsızdırsa, qarğış elə onun özünə tökülür. Çünki haqsız yerə qarğış etmək murdar xislətli, mənfi enerjili insanların işidir. Allah edilən qarğışı sahibinə qaytarır. Başqa sözlə desək, insanda olan mənfi enerji, mənfiliyi özünə qəbul edir.
Qarğış edən insan haqlıdırsa və o hər zaman alqış edibsə, onun qarğışı gerçəkləşir və özünə bir zərəri olmur. Çünki belə insanlar Allahın sevimli bəndələridir və onlara qarğış təsir etmir.
"Kiminsə alqışı ilə yaranmamışam ki, qarğışı ilə ölüm" ifadəsi də dilimizdə çox istifadə edilir. Amma əgər insan nanəcibdirsə, mənfi tipə malikdirsə, əlindən yaxşılıq gəlmirsə, ətrafa mənfi enerji yayırsa və haqsızdırsa, ona haqqa edilən qarğış mütləq tutur.
S.Rəhimlinin dediyinə görə, qarğışdan da qorunmaq mümkündür. Belə ki, kimsə sizi qarğış edərsə, ona arxanızı döndərməyin. Qarğış edilən zaman belə onun gözlərinə baxın. "Hər adamın astral aurası-bədəni əhatə edən ruhi sahəsi kürək nahiyəsindən açıq qalır. Həmin hissədən insana istənilən mənfi ünsür daxil ola bilər. Göz, nəzər də insanı çox zaman kürəyindən vurur. "Ağzından çıxıb qoynuna dolsun" ifadəsi də qarğışdan qoruyur. Sizə qarğış edən insanın gözlərinin içinə baxıb bu ifadəni desəniz, qarğışı özünə qayıdacaq. Təbii ki, bunu sakit tərzdə ürəyinizdə etməlisiniz. Əks halda ruhunuz həmin qarğışı qəbul etmiş olacaq".
İlahiyyatçı Səriyyə Sami deyir ki, ümumiyyətlə, qarğış etmək günahdır. Çünki Allah hər şeyi görən və biləndir. "Ümumiyyətlə, bir adamın haqsız yerə ürəyinin incidilməsi, könlünün qırılması, gözlərinin yaşarması əsasən fitri bir qarğış halıdır. Və əsl qarğış dili də budur. Belə insanın qarğış etməsinə ehtiyac qalmır. Çünki Allah hakimlərin hakimi, mərhəmətlilərin mərhəmətlisidir. Ona görə də günahsızların, məzlumların, dilsizlərin, uşaqların, çarəsizlərin, kimsəsizlərin, heyvanların hal dili ilə çarəsizlik içində etdikləri qarğışlardan qorxmaq lazımdır".
Onun sözlərinə görə, insan haqlı olsa belə qarğış etməməlidir, dua etməlidir. Bir hədisə görə peyğəmbərimiz Məhəmməd (ə.s) Allahı təbliğ etmək üçün Taifə gedir. Taiflilər onu ələ salır, lağa qoyur və daşa basırlar. Peyğəmbərin bədəni yaralanır, ayaqları qan içində özünü bir bağa çatdırıb Allaha dua edir və deyir ki, ey mərhəmətlilərin mərhəmətlisi, Sənə sığınıram. Bu zaman Cənabi Cəbrayil nazil olur və peyğəmbərimizə bildirir ki, onu Allah göndərib və hər bir istəyini yerinə yetirə, hətta ona zülm edənləri məhv edə bilər. Peyğəmbər onların öldürülməsinə razı olmur, bildirir ki, onun tək istəyi Allaha inan bir qövmün olmasıdır. Buradan başa düşmək olar ki, haqlı da olsaq, qarğışa sarılmaq fəzilət, şərəf, bacarıq, insaf, ərdəm deyil. Müsahibimiz deyir ki, qarğış etmək günahdır və qarğış haqsız yerə edilibsə, edənin özünü tutar.
Ekspress.az