Bakı Şəhər İcra Hakimiyyəti və paytaxtın rayon bələdiyyələrinə göndərilən rəsmi müraciətlərə "torpaq fondu yoxdur" cavabı verilir. Lakin şəhərdə tikinti bumu səngimək bilmir. Dünənki boş torpaq sahələrinin yerində bu gün qəsəbələr salınır. Hamısı da qanunsuz. Elə götürək hadisələrin son cərəyan etdiyi "Sevil Massivi"ni. Əhali massivin bağlanmasına, oradakı quruculuq işlərinin dayanmasına etiraz edir. Amma Baş Prokurorluğun yaydığı məlumatda bələdiyyə torpaqlarının "Sevil Massivi" MTK tərəfindən qanunsuz zəbt olunduğu bildirilirdi.Paytaxtda torpaq və ev sahibi olmaq üçün xırda məmurlarla "separat danışıqlar"a getmək lazımdır
"Bizim Yol"un araşdırmalarından da bəlli olmuşdu ki, massivdəki torpaq sahələri əhaliyə qanunsuz satılıb və heç birinin "kupça"sı yoxdur. Camaat da bunu bilə-bilə həmin ərazidə torpaq sahələrinə pul verib.
"Qanlıgöl" ətrafındakı qanunsuz tikililərlə bağlı isə artıq qərar qəbul olunub, söküntü işlərinə başlanıb. Vaxtilə burada məskunlaşan köçkün ailələrinə güzəşt edilib, əlavə tikiliyə yol verməmələri barədə göstəriş verilsə də, sonradan müşahidə olunub ki, nəinki köçkünlərə aid tikililərin sayı artırılıb, onlar hətta ətrafdakı torpaq sahələrini başqa rayonlardan gələnlərə də satıblar.
"Sulutəpə" deyilən ərazidə də tikililərin bir hissəsi sökülmüşdü. Bununla belə əhali qanunsuz torpaqlarda məskunlaşmağa maraq göstərir. Çətinə də düşəndə dövlətdən kompensasiya istəyirlər. 3 gün bundan əvvəl televiziyada bir sakin evinin təhlükəli vəziyyətdə olduğundan danışır, hələ üstəlik, "evi qayanın üstündə tikmişəm" deyirdi. Yaxşı, hökumət neyləsin? Qanunsuz ev tikdirəndə hökumətlə məsləhətləşirsiz? Xırda məmurlar sözdə "icazə verirlər", amma su boğazlarına çatanda heç nədən "xəbərləri olmur". Hökumətin sözü rəsmi sənəddir.
Əvvəlcə tikin, icazəni sonra alarsız
Yaşadığım Xətai rayonunda icra hakimiyyətindən maraqlanmışam, qurumun keçmiş memarı deyirdi ki, rayonun torpaq fondu yoxdur. Fərdi ev tikmək üçün yer almaq mümkün deyil, odur ki, "obyekt tikmək" adı ilə müraciət edib, sonra həmin torpaqda ev inşa etmək olar. Yəni icra nümayəndəsi özü məni qanunsuzluğa əl atmağa sövq edirdi. Deyəsən, elə əksəriyyət bu yolla əmlak sahibi olur. Ya da özünə əziyyət verib icra nümayəndələri ilə qabaqcadan "üz-göz" olmur, əvvəlcə tikir, sonra "icazə" üçün müraciət edir. Yasamal bələdiyyəsində də vaxtilə mənə belə məsləhət verilmişdi ki, əvvəlcə tikib sonra icazəsini istəyim. Nə gözəl! Əslində sonradan müraciətə ehtiyac qalmır, divarı bir az qaldırın, özləri təşrif buyuracaqlar.
Son apardığım müşahidələr deməyə əsas verir ki, camaat harada olsa, yer tapır. Hətta zibilxanaları təmizləyib yerində ev tikirlər. Mən isə bir qarajı neçə illərdir "zəbt" edə bilmirəm. Daha doğrusu, Mənzil İstismar İdarəsindən (MİS) təklif olunduğu kimi "gecə ikən gətirib qaraj qoymaq" mənə görə "qurd ürəyi yemək"dir. Torpaqlara qanunsuz sahib çıxmağın o qədər yolları varmış ki! Bunun üçün sadəcə xırda məmurlarla "separat danışıqlar"a gedib qanunların yanından saatda 180 kilometr sürətlə ötmək lazımdır. Sağ olsunlar, bələdiyyə, MİS-də adama hər şeyi öyrədirlər, sizə əvvəlcə qanuni yolları yox, qanunsuzu izah edirlər. Qanuni proseduru isə soruşanda adama dəli kimi baxırlar.
Cavanşir küçəsində vaxtilə əsasən hündürmərtəbəli evlər inşa edilirdi, qanuni fərdi tikililər barmaqla sayıla biləcək qədərdi. Fərdi tikililərin sayı yolların, əlavə sahələrin zəbt olunması hesabına son dövrlər xeyli artıb. Şəkildə gördüyünüz yerdə hər gün bir ev peyda olur. Hündür yaşayış binalarının ərazisində olan çəpərə alınmış "bağ sahələri" də fərdi evlərə çevrilir. Görünən boş sahələr yiyəsiz deyil, sahibi var. Məsələn, Radiozavod ətrafındakı boş sahələr kimi. Maraqlanmışdım, demişdilər ki, həmin böyük sahəni keçmiş bələdiyyə üzvü satır. Vaxtilə ərazini ələ keçirən bələdiyyə üzvü onu xımır-xımır "od qiyməti"nə verib, şəhər icra hakimiyyətinin rolunu üzərinə götürüb. İndi həmin yerdə bir neçə əzəmətli restoran və kafe, şəxsi mülklər tikilib.
İcra, bələdiyyə torpağı satıb-sovub
Tərslikdən müşahidə üçün son 100 ilin rekord isti gününü seçmişdim. Havanın qızmar olmasına baxmayaraq, "üçüncü kvadrat" deyilən ərazidə tikinti dayandırılmayıb. Əslində Dövlət Əmək Müfəttişliyindən də əmək qanunvericiliyinə istinadən belə istilərdə işin dayandırılması xəbərdarlığı gəlmişdi. Ətrafda sakinlər gözümə dəymirdi. İkimərtəbəli, kürsülü evdə isə 5 nəfər işləyirdi. İsti onları əldən salmışdı, əzgin-əzgin ora-bura hərəkət edirdilər. Ərazidə satılıq torpaq sahəsi olub-olmadığı ilə maraqlandım, sanki bir himə bənd idilər ki, fasiləyə çıxsınlar. Mənimlə söhbət üçün özlərinə bir qədər istirahət verdilər. Dedilər, yaxında hazır evlər də satılır, torpaq sahələri də. Amma kimin satdığından xəbərsizdilər. Barının o üzündə olan yerlər isə plana düşdüyündən, artıq orada tikintiyə icazə verilmir, tezliklə həmin ərazidən yol çəkiləcək. Ona görə də məsləhət bildilər ki, plana düşməyən hissədən olan torpaq sahələri ilə maraqlanım. İlk baxışda boş, sahibsiz görünən torpaqların da haradasa bir gözəgörünməz sahibi var. Kənarlarında iki daşı üst-üstə düzməklə deməyə çalışırlar ki, "siz gecikmisiz". Heç birinin isə sənədi yoxdur.
Tikdikləri evin sahibi xırda ticarətçidir, bazarda meyvə-tərəvəz satmaqla dolanır. Bundan əvvəlki evi də qanunsuz olub, plana düşdüyündən sökülüb, indi evsizdir, ailə üzvlərinin hərəsi bir diyarda qalır. O da buradakı 0.04 ha ərazini bir nəfərdən alıb. Zəng vurub özündən soruşdular, məlum oldu ki, 30 min manat pul ödəyib. Qiymət mənə baha gəldi, amma dedilər ki, bu qədər sahə üçün baha deyil, normal qiymətdir. Məsləhət gördülər ki, Yeni Suraxanıya gedib maraqlanım, orada sotu 3000 manata yaxşı torpaqlar var. Dedilər, bələdiyyə, icra hakimiyyəti satan torpağı burada axtarmayın, çünki onlar çoxdan satılıb-sovulub, hazırda ayrı-ayrı adamların əlindədir. Heç birinin də "kupça"sı yoxdur. Soruşdular ki, şəhərdə sənədli ev haradadır ki, 90 faiz ev sənədsizdir, pulunuzu icraya, bələdiyyəyə verib tikirsiz. Bunu tikdikləri evlərdən bilirlər. Burada 1 aydır işləyirlər, artıq evin damı vurulur.
500 manat verib ağac kəsə bilərsiz
100 kvadrat metr ərazini əhatə edən ikimərtəbəli evin ümumi sahəsi 200 kvadrat metrdir. Torpaq sahəsi, onun tikintisi və gəlib-gedənə verilən pulla bir yerdə 68 min manatı keçib. Soruşdum ki, əgər qanuni sənədləri varsa, niyə pul paylayır? Dedilər, icradan, ordan-burdan gələnlərə "şirinlik" verməlisiz. Əvvəllər "ziyarətçilər"ə çox vaxt itirirmişlər. İndi onlara ev sahibinin telefonunu verirlər, o da "hörmət" edib yola salır. Gələnlərin sayı-hesabını itiriblər, neçə təşkilatdan gəldiklərini dəqiq bilmirlər, amma dediklərinə görə, hər tərəfdən gəlirlər. Aralarında ən yaşlısı Misirxan dayı deyir ki, hətta həyətdəki ağacı kəsməyə də rüşvət tələb olunur: "Gördüyün ağac var a, ortadan bölünüb, təkcə onun kəsilməsinə ev sahibindən 500 manat pul istəyirlər. Halbuki, ağac onun həyətindədir. Hələ bu qurumuş ərik ağacını da kəsməyə icazə vermirlər.
Burada hər hansı bir mütəxəssis rəyinə ehtiyac yoxdur, adi gözlə də baxanda quruduğunu görürsüz". Dedim axı, o birisi salamat ağacdır, onu kəsmək olmaz. Dedi ki, elə söhbət də ondan gedir, pul verilsə, niyə olmur ki? Ağac qırmaq olmaz, amma sabahı o evə zərər verəcək, çünki kiçik bir meh əssə, evin üstünə aşacaq.
Evi tikib-qurtarmamış pullarını qabaqcadan alıblar, indi özləri ev sahibinə borclarını ödəyirlər. 3 qardaş - Ağcabədidən gəlmiş Emin, Nicat və Hüseyn evin bütün hörgü, suvaq, döşəmə işlərini görürlər. Misirxan dayı ilə Məmməd isə evin damını vurur. Fəhlə palçıq işlərini bitirib gedib. Bir sözlə, evi bu 5 nəfər tikib təhvil verəcək. Tikinti mütəxəssisi deyillər, tikərək öyrəniblər. İrad tutdum ki, mərtəbələri birləşdirən betonun üstündə kubiklər irəli çıxır, işlərinə haqq qazandırdılar, dedilər ki, kubik irəli çıxmayıb, betonun baş hissəsi içəridədir, bu isə ona görə yaxşıdır ki, suvaqda qalın getməsin. Son dəfə Badamdarda 3-mərtəbəli villa tikiblər. Dedilər, tikmək üçün oxumaq yox, öyrənmək lazımdır. 10 ildən artıqdır bu işlə məşğuldurlar. Yay vaxtı evi tikmək üçün çox gözləməyə ehtiyac yoxdur. Sadəcə mərtəbələri bir-birinə "bağlayan" pəncərəbaşı beton "kəmər" vurulduğu zaman 3-4 gün gözləməli olurlar. Qışda isə hava rütubətli olduğundan, betonun bərkiməsi üçün 8 gün vaxt lazım gəlir. Bir də bəzən döşəmə taxtalarının qurumasını gözləyirlər. Amma hazırda taxtalar "paket" olduğu üçün qurudur və gözləməyə də ehtiyac yoxdur.
10 ildə bir dəfə də olsun müqavilə bağlamayıblar
Tikdikləri evin neçə ballıq zəlzələyə davamlı olduğunu soruşdum, bilmədilər. Dedim onda evin heç layihəsi də olmaz. Məlum oldu ki, ev sahibi işə başlayanda bir dəfə onlara "çertyoj"u göstərib, onlar da beyinlərinə həkk edib yadlarında qalan kimi tikirlər. Tikilinin isə davamlılığı onun bünövrəsindən asılıdır. Bu ikimərtəbəli evin özülü 60x40 m-dir. Hörgünün kvadrat metri 5 manat, döşəməninki isə rənglə birlikdə 10-11 manat arasındadır. Rayonda iş yoxdur, ailələrini də özləri ilə Bakıya gətirib, kirayədə qalırlar. Onları düşünən olmadığından ikimərtəbəli evdə özləri "təhlükəsizlik tədbiri" görürlər, işlədikləri bölgəni taxtadan döşəyirlər ki, ayaqları sürüşüb yıxılmasınlar. Ev sahibiylə bağladıqları müqavilə ilə maraqlandım. Dedilər ki, "nə müqavilə, biz rayon üslubunda işləyirik, oralarda müqavilə-filan olmur. Şəhərdə isə bəzi iri şirkətlər müqavilə bağlayır. Ev sahibi hüquqi şəxs deyil ki". Amma Hüseyn eşidəndə ki, kimliyindən asılı olmayaraq, muzdla işə götürübsə mütləq müqavilə bağlamalı, həyat sığortası da etməlidir, soruşdu "müqaviləm olarsa, bir qəza zamanı məni müalicə etdirərlər?" Cavab gözləmədən "nə yaxşıdır, təəssüf ki, bunların bizə aidiyyatı yoxdur, çünki heç yerdə müqavilə bağlamırlar. Amma biz sizə ev tikəndə bizimlə müqavilə bağlayarsız" dedi. Razılaşdıq. Başqalarından isə tələb etmək ağıllarına belə gəlmir. Onsuz da tikinti bazarında rəqabət yüksəkdir, bir az naz eləsələr, işsiz qalarlar. Gərək ailələrini də götürüb kəndə getsinlər. Sataşdım, dedim siz onda verginin də nə olduğunu bilməzsiniz. "Heç maraqlanmırıq", - dedilər.
Onları 45 dərəcə istidə qazancları düşündürür. 10 gün üçün müqavilə bağlayıb özlərinə də əlavə iş açmaq və öhdəlik almaq istəmirlər. "Şirkətlərə girmirik, bizim üçün fərdi işlər daha sərfəlidir", - dedilər. Soruşdum, "bəs yuxarıda qorxmursuz?", "nə edək, çörək qazanırıq", deyə cavab verdilər. Amma Misirxan müəllimin bir kəndçisi elə durduğu həmin yerdən gözünün qabağında yıxılıb, dünyasını dəyişib: "Odey, "Semaşko"nun yanında biri 5-ci mərtəbədən armaturun üstünə yıxılıb, yerindəcə keçindi. Arvadı bir uşaqla qalıb. Göyçayda şirkətdə işləyən bir tanışım isə işdə qəza keçirib, o da 5-ci mərtəbədən vaqon relslərinin üzərinə yıxılıb həlak olmuşdu. Sonradan şirkət tikilən həmin evdə ailəsinə üçotaqlı mənzil verdi. Uşaqlarına pensiya "kəsdi". Çünki işçinin sahibkarla əmək müqaviləsi vardı".
"Bizim Yol" qəzeti