Cəmiyyət

Avstriya mətbuatı Ağdamın işğalından yazdı - FOTO

29 İyul 2014 18:48
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" sabah Avstriya çempionu "Red Bull Zaltsburq" komandası ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın "Qarabağ" futbol klubu iyulun 30-da (Bakıda) və avqustun 6-da (Zaltsburqda) Avstriya çempionu "Red Bull Zaltsburq" komandası ilə qarşılaşacaq.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, oyun öncəsi Avstriya mətbuatında azərbaycanlı rəqib barəsində ətraflı məqalələr dərc olunub. "Zaltsburq ruhlar şəhərindən olan kluba qarşı" (Avstriya Mətbuat Agentliyi, "Klayne Tsaytunq"), "Zaltsburq qaçqınların qonağıdır" (www.weltfussball.at portalı), "İlk baryer - "FK Qarabağ Ağdam"" (www.salzbur12.at portalı) başlıqlı məqalələrdə "Qarabağ" klubunun keçmişinə, təmsil etdiyi Ağdam şəhərinin Ermənistan tərəfindən işğalına və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv məlumatlar öz əksini tapıb.

Məqalələrdə qeyd olunur ki, "Red Bull Zaltsburq" məlum səbəblərdən azərbaycanlı rəqibinə qarşı oyununda yaşıl sahəyə klubun doğma şəhəri Ağdamda deyil, onun müvəqqəti məskunlaşdığı Bakı şəhərində çıxacaqdır.
Münaqişənin tarixinə ətraflı nəzər salınan məqalələrdə 1993-cü ilin "Qarabağ" klubu üçün həm sevincli, həm də ən ağır il olduğu qeyd olunub. Çünki həmin il ilk dəfə ölkə çempionu titulunu qazanan ağdamlılar öz dədə-baba torpaqlarının ermənilər tərəfindən işğalı ilə üzləşiblər. Doğma torpaqlarını tərk edərək müvəqqəti Bakıda sığınacaq tapan komanda bu klubun ən tanınmış simalarından olan, müharibədə böyük şücaətlər göstərmiş Milli Qəhrəman Allahverdi Bağırovun məzarını da arxada buraxmaq məcburiyyətində qalıb.
ORF telekanalının idman yazarı Xristian Traqşitzin məqaləsində də münaqişə barədə daha dəqiq məlumatlar əksini tapıb. Müəllif yazır ki, Ağdam işğaldan sonra kimsəsiz ruhlar şəhərinə çevrilib. Bu gün Ağdam həmin əraziyə səfər edən tək-tük səyyah tərəfindən "Qafqazın Vukovarı", "kilometrlərlə uzanan xarabazar" və "tərk olunmuş, dağıdılmış və talan edilmiş" məkan kimi təsvir olunur.

Məqalələrdə, həmçinin hər iki komandanın oyuna hazırlıq səviyyəsi, son mövsüm ölkə çempionatındakı çıxışları və əsas heyətdə yer alan mühüm oyunçular barədə də geniş məlumatlar öz əksini tapıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ