Dünyanın bir sıra ölkələrində ailə həyatı quranların heç də hamısı rəsmi nikaha girmirlər. Qərb ölkələrində ilkin nikahlar rəsmiləşdirilsə də, qısa müddətdən sonra onların çoxu pozulur. Və qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Müsəlman ölkələrində isə fərqli ənənələr mövcuddur. Buradakı qaydalara görə, nikahsız yaşamaq doğru sayılmır. Amma rəsmi nikaha girmədən də ailə qurmaq, birgə yaşamaq mümkündür. Artıq Azərbaycanda da VVAQ-da qeydiyyatdan keçməyən ailələrin sayı çoxalmaqdadır. Sovet dövründə vətəndaşların mütləq əksəriyyəti VVAQ qeydiyyatında durmaqla kifayətlənirdi, çünki qanunlar qeyri-rəsmi nikah bağlamağı qadağan edirdi. Amma indi əksər azərbaycanlı ailələr rəsmi nikahla bərabər kəbin kəsdirməyi vacib sayırlar. Mövcud qanuna görə, qızlar 17, oğlanlar isə 18 yaşın tamamında evlənə bilər. Amma ölkənin bir sıra, xüsusən də cənub bölgələrində qızları daha erkən yaşlardan ərə vermək halı geniş yayılıb. Bu zaman yaş xüsusiyyəti vətəndaş nikahı bağlamağa imkan vermədiyindən, evlilik dini nikah bağlanması ilə gerçəkləşir. Bu isə o deməkdir ki, qanunsuz erkən nikahların yayılmasında xüsusi rol oynayanlardan biri də məhz dini nikah amilidir. Dini nikahı, adətən mollalar, din xadimləri təsdiqləyirlər.
DİNİ KƏBİNLƏRİN RƏSMİ NİKAHLARDAN ƏSAS FƏRQİ NƏDİR?
Bu gün Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanılan nikahlar hüquqi əhəmiyyət kəsb edir. Amma buna baxmayaraq, ölkədə mollalar da dini kəbinlər kəsirlər. Dövlət tərəfindən qeydiyyata alınan nikahlardan fərqli olaraq, dini kəbinlər ərəbcə olduğundan kağıza nə yazıldığı əksərən başa düşülmür. Ümumiyyətlə, əgər dövlət tərəfindən nikahın qeydiyyatı aparılır və hüquqi cəhətdən də bu üsula üstünlük verilirsə, onda mollaların kəsdiyi kəbinin əhəmiyyəti nədən ibarətdi?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, qanunvericiliyə görə, dini nikahın heç bir hüquqi əhəmiyyəti yoxdur: "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə, indi kəbin kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Kimsə kimləsə dini nikaha girirsə, Azərbaycan dövləti onun heç bir hüquqi əhəmiyyətini tanımır. Sabah onlar (ər-arvad) arasında hər hansı bir mübahisələrdə, yəni ərin arvada, arvadın ərə münasibətində, həmçinin vərəsəlik münasibətdə həmin nikahın heç bir hüquqi əhəmiyyəti olmur. Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanılmış nikahlar hüquqi əhəmiyyət kəsb edirlər. Bu funksiyanı da Azərbaycanda əvvəllər Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbələri rayonlarda həyata keçirirdilər. İndi bu şöbələr sadəcə Qeydiyyat şöbələri adlandırılır. Yəni bu
QEYDİYYAT ŞÖBƏLƏRİNDƏ BAĞLANILAN NİKAHLAR HÜQUQİ ƏHƏMİYYƏT DAŞIYIR
İndiki halda əgər şəxslər dini nikaha girib, amma müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməmişlərsə, onlar bu gün məhkəmələrə müraciət edib tərəflərindən bağlanılmış dini nikahın tanınmasını məhkəmədən tələb edə bilməzlər. Belə bir nikah məhkəmə tərəfindən tanına bilməz. Yalnız əgər bu nikahlar 8 iyul 1944-ci ilə qədər bağlanılıbsa, belə nikahlar tanına bilər və indi də belə nikahların tanınması prosesi məhkəmələrdə həyata keçirilir: "Sual oluna bilər ki, nəyə görə? Ona görə ki, kimlərinsə uşaqları sağdır və onlar məhkəməyə müraciət edirlər ki, onun atası-anası 8 iyul 1944-ci ildən əvvəl dini nikah münasibətinə girmişlər. Məhkəmədə həmin dini nikah münasibətinin tanınması barədə qətnamə çıxarmasını xahiş edirlər. Bu onlar üçün vərəsəlik yolu ilə əmlakların əldə olunmasında hüquqi əhəmiyyət kəsb edir. İndiki halda, yəni 8 iyul 1944-cü ildən sonra məhkəməyə dini kəbin kəsmənin tanınması barəsində müraciət etmək qeyri-mümkündür və məhkəmələr belə nikahın tanınması barədə qətnamə çıxara bilməz. Əgər ərlə arvad dini kəbin kəsdirmişlərsə, vərəsəlik açılanda onlara - ər arvadın miras əmlakına görə, arvad ərin miras əmlakına görə vərəsə olmasında çətinlik törənir. Övladlar üçün də müəyyən problemlər yaranır. Çətinlik nədən ibarətdir? Yəni anaya münasibətdə hər bir halda övlad ananın varisi kimi çıxış edir.
ATA İLƏ ANANIN QANUNİ NİKAH MÜNASİBƏTİ YOXDURSA
və atalıq qanunla müəyyən edilmiş şəkildə tanınmamışdırsa, onda övladlar üçün atanın miras əmlaka münasibətdə problemləri olacaq. Belə halda ən azı məhkəmə qaydasında atalıq tanınmalıdır ki, həmin övlad atasının miras əmlakını varis kimi qəbul edə bilsin".
İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, islam dini də hüquqi yolla nikahın tərəfdarıdır: "Dini kəbinlərdə heç bir xüsusi ifadə yazılmalı deyil. Həmin kəbinlərdə iki tərəfin və yaxud onların vəkillərinin iştirakı ilə hakim tərəfindən nikaha girənlərin bir-birilərini ər-arvad qəbul etməsi razılığı təsdiqini tapmalıdır. Burda başqa bir şey yoxdur. Amma islama görə, kəbinin 6 şərti var: qız, oğlan, hər iki tərəfin razılığı, mehr, şahidlər və bir də elan. Yəni bunlar olandan sonra islamda kəbin yerinə yetirilmiş sayılır. Nikah mərasimində hər iki tərəfin iştirak etməsi daha məqsədəuyğundur.
İSLAMDA DİNİ KƏBİN VƏ RƏSMİ NİKAH ANLAYIŞI YOXDUR
İslam dinində bir cür kəbin olub. O da nə dini olub, nə də rəsmi. Sadəcə, evlilik üçün nəzərdə tutulub. Kəbində əsas məqsəd qız və oğlanın ailə həyatı qurması, sonrakı mərhələdə nikahın hüquqi baza üzərində qurulması, bu evliliyin davam etdirilməsi, gələcəkdə ailədə münaqişələr baş verərkən hər iki tərəfin hüquqlarının qorunmasından ibarətdir. Yəni kəbin dünyaya gələn uşaqların valideynlərinin bilinməsi və onların yaşamasına hüquqi baza, eləcə də məskənlərinin olması üçün də vacibdir. Bu gün hər hansı şəxslər dövlət qeydiyyatına gedib nikah qeydiyyatından keçərkən oğlan tərəfi də qadına verəcəyi mehr miqdarını müəyyənləşdirirsə, bu həm dini kəbindir, həm rəsmi kəbindir, həm də islamın istədiyi yeganə kəbin anlayışıdır. İnsanların ailə həyatında problem olur və boşanmaq qərarı verilirsə, onlar məhkəməyə müraciət edirlər, yoxsa mollaya? Əlbəttə, məhkəməyə. Ona görə də məsələnin ilkin variantı elə qoyulmalıdır ki, problemlər ortaya çıxdıqda bunun hüquqi tərəfi də olsun. Sabah qadının da hüququ pozulmasın. Əgər dini kəbinə görə, qadının hüququ pozulacaqsa, onda islamın hansı ədalət prinsipindən danışmaq olar? İslam ədalət dinidir və hər iki tərəfin haqqını bərpa edir.
İSLAM DİNİ DƏ HÜQUQİ YOLLA NİKAHIN TƏRƏFDARIDIR
Sadəcə, orada mehr müəyyənləşdirilməlidir. Bu bizdə verilən başlıq pulu deyil. Bu, qadına verilən mülkiyyət haqqıdır. Bu gün islamda dini ierarxiya olmadığına görə, gedib mollaya, guya Allahın nümayəndəsiymiş kimi, nikah kəsdirməkdənsə, hüquqi bazası olan dövlətin nikah qeydiyyat şöbəsində nikah bağlamaq həm islamın prinsiplərinə, həm də hüququn əsaslarına uyğundur". İlahiyyatçı bildirib ki, molla kəbini olmayanları qınayan bəzi ağsaqqallar birincisi, bunu bilənlərdən soruşmalıdırlar: "Quranda da "bilənlərdən soruşun" deyilir. Əgər bunu bilən ilahiyyatçılar həqiqi mənada, yəni dindən sui-istifadə etməyib danışanlar bilirlər ki, dövlət qeydiyyatından keçən həmin nikahların hüquqi bazası olduğuna görə, əvvəllər kəsilən dini kəbini də əvəzləyir. Belə olduğu halda nikahın heç bir dini tərəfi yoxdur. Əgər kimsə dini kəbinsiz dünyaya gələnlərə "bic", "vələdüzna" deyirsə, bu tamamilə yalnış bir şeydir. Bu, insanları dindən istifadə edib günahlandırmaqdır. Bu gün dinin adından istifadə edib müvəqqəti evlilik qurulması anlayışını düzgün forma sayırlarsa, problem o insanların özlərindədir. Son olaraq deyim ki,
İNSANLARIN QINAĞINDAN YOX, ALLAHIN QINAĞINDAN ÇƏKİNMƏK LAZIMDIR
Çünki islamda əsas olan ümumi prinsiplərdir, şəxslərin ayrı-ayrılıqda plan fikirləri deyil".
Şəhla Məmmədova artıq iki ildir ailə həyatı qurmağına baxmayaraq, nikahını rəsmiləşdirməyib. Həyat yoldaşı ilə molla kəbinində yaşayır: "Mən ailə qurduqdan sonra yoldaşımla Bakıya köçmüşük. Artıq iki ildir bir yerdəyik. Molla kəbini ilə evli olmağı normal qəbul edirəm. Bugünədək heç bir problem yaşamamışıq. Sadəcə son zamanlar övladımızı xəstəxanaya aparanda şəhadətnamə istəyirlər. Biz isə onu hələ almamışıq. Deyilənə görə, bunun üçün mütləq rəsmi dövlət orqanında qeydiyyat lazımır. Övladımıza şəhadətnamə almaq üçün, yəqin ki, yaxın vaxtlarda nikahımızı rəsmiləşdirərik".
Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın qənaətinə görə, erkən nikaha girənlər çox vaxtı öz münasibətlərini molla kəbini ilə həll edirlər. Bunlar yolverilməzdir: "Şəxsən mən də molla kəbini ilə olan nikahlara qarşıyam. Nikahlar mütləq dövlət qeydiyyatından keçməlidir. Bu münasibətlər mütləq qanuniləşməlidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun sözlərinə əsasən, Şeyxülislam həzrətlərinin, dövlət kəbini olmadan, molla kəbini kəsilməsinə icazə verilməməsi barədə fətvası var: "Bu, tamamilə normal və təqdirəlayiq addımdır. Çünki Azərbaycan dünyəvi dövlətdir və
MOLLA KƏBİNİNİN BURADA HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR
Bununla belə heç kim molla kəbininin kəsilməsini qadağan etmir, sadəcə, dövlət kəbini olmadan molla kəbininin kəsilməsi əsassızdır: "Bu məsələyə təkcə dövlət qurumları, Qafqaz Müsəlmanları İdarəsi yox, valideynlər, hətta nikaha girən gənclər də ciddi yanaşmalıdırlar. Əks təqdirdə, onlar gələcəkdə ciddi hüquqi problemlərlə üzləşə bilərlər".
Qadın Krizis Mərkəzi gənclərin nikaha münasibətilə bağlı sorğu keçirib. Mərkəzin rəhbəri Mətanət Əzizovanın dediyinə görə, gənc ailələrin 65 faizi molla kəbininə üstünlük verdiyini açıqlayıb: "Molla kəbini ilə ailə quranların əksəriyyəti dini inancları olanlardır. Təbliğata baxmayaraq, gənclər hələ də rəsmi qeydiyyatdan keçmək istəmirlər. Bu isə ailədə müəyyən problemlərin yaranmasına səbəb olur. Yeni doğulan uşaq üçün sənəd alarkən atalıq müəyyənləşdirilməlidir. Ailə dağılarkən isə qadın əmlakdan məhrum edilir". M.Əzizovanın sözlərinə görə, sorğunu cavablandıran 100 ailənin 45-i kəbin kəsdirərkən problemlə üzləşmədiyini deyib: "Halbuki dövlət kəbini olmadan molla kəbininin kəsilməməsi üçün dəfələrlə müraciətlər edilib. Araşdırmalar sübut edir ki, gənclər arasında aparılan maarifləndirmənin səviyyəsi aşağıdır". Mərkəz rəhbəri bildirdiyinə görə, bu məsələdə dini faktor mühüm rol oynayır. Qanun erkən yaşda nikaha icazə vermədiyi halda mollalar bunu kəbin kəsməklə reallaşdırırlar. Nəticədə həmin qızlar bir neçə il ailə həyatı yaşadıqdan və nikah yaşına çatdıqdan sonra nikahı rəsmiləşdirə bilirlər. Bu zaman həmin
MOLLALARIN HÜQUQİ MƏSULİYYƏT MƏSƏLƏSİ HEÇ KİMİ MARAQLANDIRMIR
Yaxşı olardı ki, qeydiyyat orqanları belə hallar barədə hüquq-mühafizə orqanlarını məlumatlandırsınlar. Cinayət Məcəlləsində isə mollaların azyaşlı qızlara kəbin kəsməsini qadağan edən maddə yoxdur. Belə bir maddənin qanunvericiliyə salınması dəfələrlə təklif olunsa da, həyata keçməyib". M.Əzizovanın fikrincə, azyaşlı qızların hüquqlarının pozulmasına görə mollalardan daha çox valideynlər məsuliyyət daşıyır. Ona görə də valideynlər barəsində də azyaşlı qızı təhsildən yayındırıb məcburi ərə verdiyinə görə hüquqi məsuliyyət müəyyən edilməlidir. Bu hal qanunvericilikdə zorakılıq kimi təsbit olunmalıdır: "Bu problem Azərbaycanın bütün bölgələrində var. Cənub bölgəsində bu problemi dini mühitlə əlaqələndirirlər. Amma digər zonalarda adət-ənənə ilə izah edilir. Azyaşlı qızı nikaha vadar edən həm mollalar, həm də valideynlər məsuliyyət daşıyırlar. Qızın razılıq verib-verməməsindən asılı olmayaraq, bu, zorlama aktı hesab olunur. Mollalar dini kəbini təsdiq etməklə cinayətdə vasitəçi rolunu oynayırlar. Amma burada əsas cinayətkar valideynlərdir. Çünki bu proses qızın valideynlərinin razılığı ilə həyata keçirilir. Valideynlər cinayətin baş verməsinə şərait yaradırsa, qanun qarşısında birinci cavab verməlidirlər. Ailə Məcəlləsində valideynlərin vəzifələri göstərilib. Bu vəzifələr uşağa təhsil vermək, sağlam böyütməkdir". M.Əzizova vurğulayıb ki, yetkinlik yaşına çatmayan qızları kəbinlə ərə verən əksər mollalar Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatda deyil: "Bir neçə il bundan əvvəl Şeyxülislam tərəfindən bütün məscidlərə qərar göndərilib ki, rəsmi nikah olmadan kəbin kəsməsinlər. Bildiyimə görə, buna riayət edilir. Yəni məscidlərdə belə problem yoxdur.
PROBLEMİ YARADANLAR FƏRDİ QAYDADA FƏALİYYƏT GÖSTƏRƏN MOLLALARDIR
Az qala hər bir məhəllənin özünün bir mollası var ki, onlar da Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatda deyil. Həmin mollalar qanunsuz kəbin kəsməklə cinayətə yol verirlər. Qafqaz Müsəlmanları İdarəsi də onlara cavabdeh deyil. Çünki bu mollalar QMİ-nin əməkdaşı deyil".
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əslində, molla kəbininin də yaxşı tərəfləri var və onlara əməl edilsə, tərəflərin hüquqlarını qorumaq olar. M.Zeynalova Azərbaycan Konstitusiyasında nikah hüquqları haqda qanunvericilik aktı var və yalnız o, nikah üçün mütləqdir. Amma ənənələrimizdən də imtina etməli deyilik. Dininə hörmət edən hər bir şəxs kəbin kəsdirməli və onun qaydalarına əməl etməlidir. Ailə quran cütlüklərin bir qayda olaraq həm dini, həm də hüquqi nikah bağlamağa üstünlük verdiklərini xatırladan M.Zeynalova erkən yaşda evlənmələrdə ancaq dini nikah bağlanıldığını və qanunvericiliyimizdə cinayət əməli kimi təsbit edilən belə hallara qarşı mübarizə aparmaq lazım olduğunu vurğulayıb.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, molla kəbini ilə qurulan ailələrin sayını azaltmaq üçün yerli idarəetmə orqanlarına gəncləri ər-arvad elan etmək səlahiyyəti verilməlidir: "Məsələn, qonşu Türkiyədə bu təcrübə çox uğurlu nəticələr verir. Bu addım xüsusilə kənd yerlərində vəziyyətin düzəlməsinə kömək edə bilər. Çünki belə yerlərdə bələdiyyələr öz ərazisində yaşayan bütün sakinləri yaxından tanıyır, çox vaxt keçirilən toy mərasimlərində də qonaq qismində iştirak edirlər. Deməli, vəziyyətdən də xəbərdar olurlar". N.Cəfəroğlu vəziyyətdən bir çıxış yolunu da əhali arasında rəsmi nikahın təbliğ olunmasında görür: "Qızlarımız başa düşməlidirlər ki, nikah mərasimi şampan şərabı içib, əl çalmaqdan ötrü deyil və ailə qurarkən rəsmi nikah bağlanmırsa, lap üç gün-üç gecə toy eləsələr də, bu, vətəndaş nikahından heç nə ilə fərqlənmir. Onlar bilməlidirlər ki, ailə hüquqlarının qorunması üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması çox vacibdir".
Sevinc QARAYEVA ("525-ci qəzet")
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Rəsmi nikah, molla kəbini, vətəndaş evliliyi və ...
25 Noyabr 2010 01:01
Baxış: 20 773

DİGƏR XƏBƏRLƏR
-
"Binanın divarları çat verib, gəlib baxıb gedirlər" - ŞİKAYƏT
-
Çadırda yaşayan Səbinə müğənni imiş - Hər şeyi özü danışdı - VİDEO
-
Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər - İnanıb getmək olar?
-
Soğanı bu formada saxlasanız, gec xarab olacaq
-
Günün qoroskopu: Ani xərclərə qarşı ehtiyatlı ol
-
İllərlə beyinlə bağlı öyrədilən bu məlumat səhv imiş
XƏBƏR LENTİ
-
"Binanın divarları çat verib, gəlib baxıb gedirlər" - ŞİKAYƏT
-
Sızanaq peyvəndi hazırlandı - Dünyada ilk
-
Bakı Forumu: Qlobal Cənubun yeni yolu
-
Çadırda yaşayan Səbinə müğənni imiş - Hər şeyi özü danışdı - VİDEO
-
Məşhur şadlıq evləri cərimələndi - Havaya tüstü buraxırlar
-
Bakıda 10 min manata kəmər satılır - FOTO
-
Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər - İnanıb getmək olar?
-
Bakıda avtobus "Range Rover"lə toqquşdu
-
Sabiq müşavirin oğlu vəfat etdi - FOTO
-
Avropa zülmətə qərq oldu - "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi? - FOTOlar
-
Qızıl və gümüş ucuzlaşıb
-
Mourinyo "Fənərbağça"dan GEDİR: bu yığmanı çalışdırcaq - İddia
-
Rubl ucuzlaşdı, avro bahalaşdı - dolların qiyməti isə... - RƏSMİ
-
"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"
-
Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr
-
Qumral: Mən Aysundan öndəyəm
-
Bu kəndin suyundan içən həkim olur - "Hər evdə ən az biri var"
-
Aparıcılar qohum imiş
-
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
-
Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır?
-
Azərbaycanın əməkdar memarı vəfat etdi
-
Valideynlərin bu ifadələri uşaqları daha çox incidir
-
Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
-
Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq