Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan bir diyardır. Elə bu səbəbdən də bir çox ərazilərdə qədim yaşayış məskənlərinə rast gəlinir. Milli.Az CTV-yə istinadən xəbər verir ki, İmişli rayonunun da ölkəmizin qədim zəngin diyar olduğunu göstərən bir neçə tarixi mədəniyyət abidəsi mövcuddur. Bunlardan biri də Muxurtəpə adlı yaşayış məskənidir. Aparılan qazıntılar zamanı abidənin orta əsrləri əhatə edən faktlara söykənməsinə baxmayaraq tədqiqatçılar abidənin daha əvvəlki dövrlərə aid olduğunu bildirirlər.Sirlərlə dolu tarixi abidə tədqiqatçıların yolunu gözləyir
Muxurtəpə qədim yaşayış məskəni İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşir. Ərazisi 1 hektardan çox olan yaşayış məskəninin hazırda hündürlüyü 20 metrdən çoxdur. 2008-2009-cu illərdə tədqiqatçıların apardığı arxeoloji qazıntılar zamanı burada orta əsrlərə aid məişət əşyalar aşkarlanıb. Tarixçi Ümidvar Eyvazlı bildirdi ki, qazıntı nəticəsində aşkarlanan tapıntı onu göstərir ki, abidə orta əsrlərə aiddir. Yəni şüşəli qablar, camlar, küp bardaqlar var ki, bu da onu göstərir ki, uzun müddət burada yaşayan Arandağ zonasının əhalisi dağdan qayıdanda burada basdırdıqları küpdən istifadə edirmişlər.
Müsahibimiz Ümidvar Eyvazlının fikrincə, Muxurtəpədə yaşayış məskəninin tarixi heç də orta əsrlərlə kifayətlənmir. Çünki bu ərazilərin tunc dövrünə kimi yaşı var. Tarixçinin sözləri ilə desək, vaxtı ilə burada Muğ və Hun tayfaları yaşayıb. Eynilə bu kimi təpələrə bənzər eyni istiqamətdə olan Qızıltəpə, Qaratəpə adlı ərazilər tarixi oxşarlığa malikdir. Tarixi yerlərin hər biri qalın torpaq örtüyünə malikdir. Burada bir çox tarixi faktların dərin qatlarda qaldığını ehtimal edən müsahibimiz hələ də bu yerlərdə arxeoloji qazıntılara ehtiyac olduğunu söyləyir.
Ümidvar Eyvazlı hesab edir ki, əgər yeniden arxeoloji qazıntılar aparılarsa, burada qədim tunc dövrunə aid əşyalar çıxa bilər. Ona görə də o, Azərbaycan Millli Elmlər Akademiyasının Arxeologiya şöbəsinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edir ki, bu təpələrdə heç olmasa, müəyyən qədər arxeoloji qazıntılar aparılsın və öyrənilsin ki, bu neçənci əsri əhatə etmişdir.
Bildirək ki, Muxurtəpə İmişli rayonu ərazisində yerləşən ən böyük tarixi abidədir. Bu yerdə yaşayış məskəninin salınması heç də təsadüfi olmayıb. Çünki Muxurtəpə ətrafı müşahidə etmək üçün əlverişli mövqeyə sahibdir. Bundan əlavə vaxtı ilə buradan Araz çayının bir qolunun və tarixi ipək yolunun keçməsi ərazidə sakinlər üçün əlverişli olub. Tarixi abidənin monqol yürüşləri, eyni zamanda Teymurləngin Azərbaycana yürüşü zamanı hücuma məruz qaldığı ehtimal olunur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.






